Avropa Parlamenti (AP) Azərbaycanla bağlı qətnamə qəbul
edib. Liberal-demokratlardan ibarət fraksiyanın (ALDE qrup)
hazırladığı qətnamədə Azərbaycanda demokratiyanın, insan hüquq və
azadlıqlarının pozulduğu, normal seçki mühitinin olmadığı iddia
olunur və Avropa Xarici Siyasət İdarəsi ölkəmizdə keçiriləcək
parlament seçkilərini müşahidə etməməyə çağırılır. Qətnamədə
Azərbaycana qarşı bəzi sanksiyaların tətbiqinə də çağırışlar
edilir.
Rəsmi Bakı artıq AP-nin qətnaməsinə cavab verib. Azərbaycan
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
bu qərarı "Avropa Parlamenti artıq reallıq hissini itirib və
oyuncağa çevrilib" deyə şərh edib.
Publika.az media orqanları rəhbərlərinin AP-nin qərəzli
qətnaməsi və onun arxasında duran məqamlarla bağlı fikirlərini
öyrənib.
"Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı hesab edir
ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərarları və bu
qərarların kimlər tərəfindən təqdim edilməsi, həmçinin, qərarın
qəbul edilməsində seçilən zaman həqiqətən də bu qurumun oyuncağa
çevrildiyini sübut edir:
"İlk növbədə, qətnaməni təqdim edən ALDE qrupuna nəzər salaq.
Avropa Parlamentinin anti-Azərbaycan qərarları demək olar ki,
həmişə bu qrup tərəfindən gündəmə gətirilir. Bu, təsadüfdürmü?
Təbii ki, yox. Faktlar göstərir ki, Avropa Parlamentinin öz
prinsiplərindən kənar qərarlar qəbul etməsinə təsir göstərən erməni
lobbisi bu qrupun tərkibində də yer alır. Misal üçün, Azərbaycan
Prezidenti İlham Əliyevin güclü iradəsi nəticəsində Azərbaycan
zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiyası və azad
edilməsi zamanı Avropa Parlamentinin "narahatlığını" ifadə etməsi
də məhz bu qrup tərəfindən təklif olunmuşdu. Bu və digər faktlar
Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qərar və
qətnamələrin arxasında erməni lobbisinin olduğunu göstərir".
A.Camalqızı qeyd edib ki, AP-nin məlum qətnaməsinin Azərbaycanda
seçki öncəsi qəbul edilməsi də qaranlıq məqsədlərə xidmət edir.
Onun sözlərinə görə, bu, Azərbaycandakı seçki haqda öncədən mənfi
ictimai rəyin formalaşdırılmasına xidmət edən addımdır:
"Görünür, uzun zamandır başlanan anti-Azərbaycan kampaniyası
hələ də davam edir. Avropa Parlamentinin bu qətnaməsi də onu deməyə
əsas verir ki, Qərbdəki anti-Azərbaycan dairələri seçkilərlə bağlı
bəyanat və qərarlarını indidən hazırlayıblar. Sadəcə olaraq, altına
imza və tarix qoymaq qalıb. Bunun özü ortada Azərbaycana qarşı
ciddi qərəzin olduğunu göstərir".
A.Camalqızı Avropa Parlamentinin Avropa ölkələrində insan hüquq
və azadlqılarının pozulmasına göz yumduğunu diqqətə çatdırıb.
"Polis zorakılığı, rasizm, miqrantların pozulan hüquqları,
jurnalistlərin küçənin ortasında öldürülməsi və s. Avropadan hər
gün bu tipli xəbərlər gəlir. Amma Avropa Parlamenti kimi qərəzli
strukturlar bunları görmək və Avropanı bürüyən problemləri həll
etmək əvəzinə, Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv mövqe
sərgiləməklə məşğuldur. Bütün bunlar deməyə əsas verir ki, Avropa
Parlamenti müəyyən qrupların maraqlarına xidmət edir və onların
əlində alətə çevrilib", - deyə o, vurğulayıb.
Lakin A. Camalqızı bu qətnamənin Azərbaycana heç bir təsirinin
olmayacağını düşünür. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti
öz xalqının daha yaxşı yaşaması və ölkənin daha da güclənməsi
istiqamətində fəaliyyətini davam etdirir:
"Ölkəmizin inkişafının qarşısı almağa hesablanmış bu cür qərəzli
qətnamələr heç bir önəm daşımayacaq. Azərbaycan xalqı öz
Prezidentinə, Prezidentsə öz xalqına arxalanır. Bu birlik bütün
çətinliklərin öhdəsindən gəlməyə qadirdir".
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də hesab
edir ki, AP-nin qətnaməsinin müəddəaları öncədən hazırlanıb:
"Bu qətnamə konkret qüvvələrin maraqlarına xidmət edir. Burada
ilk məqsəd Avropa Birliyi və Azərbaycan münasibətlərinə zərbə
vurmaq məqsədinə xidmət edir. Əgər Avropa Birliyi demokratiyanın
inkişafında maraqlıdırsa, o zaman, seçkidə müşahidə aparmağın
əleyhinə olmazdı. Göründüyü kimi, məqsəd seçki öncəsi münasibətlərə
xələl gətirməkdir".
E. Mirzəbəyli qeyd edib ki,
Avropa Parlamenti bu qətnamə ilə Azərbaycanda keçiriləcək seçkilərə
münasibətini öncədən ortaya qoydu:
"Yəni Azərbaycan onların tələbələrini yerinə yetirməsə, seçkinin
nəticələrini şübhə altına qoyacaqlar. Burda yalnız subyektiv
yanaşmalar var. Bir çox məqamlarda isə öz nüfuz vəkillərinin
müdafiə mövqeyi görünür".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu
bildirib ki, Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli və
islamafob münasibət göstərdi:
"Avropa Parlamenti sübut etdi ki, bu qurum əslində öz
əsasnaməsində olan fəaliyyət istiqamətlərini deyil, milli
dövlətlərin daxili işlərinə qarışmaq yolunu tutub".
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının üzvü deyil və
AP-nin bu qətnaməsi heç bir hüquqi əsasa malik deyil:
"Madam ki, Avropa Parlamenti öz fəaliyyətini insan hüquq və
azadlıqlarının üzərində qurur, o zaman ədalətli olmalıdır. Belə bir
böyük qurum Azərbaycanda heç bir tədqiqat aparmadan, sorğu
keçirmədən, seçki mühitini öyrənmədən qərəzli mövqelər ortaya
qoyur. Bunun özü açıq qərəzin olduğunu sübut edir".
H. Babaoğlu qeyd edib ki, bu
qurum Azərbaycanla bağı qərarını ölkə daxilindəki "5-ci kalon"dan
aldığı məhdud informasiyalar əsasında qəbul edib:
"Lakin bu qərarın heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan
demokratik, hüquqi dövlətdir. Ölkədə seçki mühiti var. Bütün
bunları Azərbaycan xalqı bilir. Azərbaycanda keçirilən seçkinin
taleyini də xalq həll edir. Bu qərar Azərbaycanda hər hansı siyasi
prosesə təsir etmək gücünə sahib deyil. Əksinə, bu, Avropa
Parlamentini gözdən salır", - deyə H. Babaoğlu bildirib.