ANS Müstəqil Yayım və Media Şirkətinin (MYMŞ) "Sən Tək
deyilsən!" və "Xoşqədəmlə axtarıram səni" verilişlərinin MTRŞ
tərəfindən bağlanması ilə bağlı Milli Televiziya və Radio Şurasının
qərarından irəli gələn suallara ANS MYMŞ-nın Baş direktoru Mir
Şahin Ağayev cavab verib.
- Mir Şahin müəllim, teleməkanın ən yüksək reytinqli iki
verilişinin bağlanması barədə qərar bizdən ötrü gözlənilməz
oldu...
- Elə mən də bu qərarı, daha doğrusu, qərarın mətbuatda bu
şəkildə afişalandırılmasını gözləmirdim. Ona görə ki, MTRŞ-nın bu
gün keçirilən toplantısında mən iştirak edirdim. Nuşirəvan
Məhərrəmli başda olmaqla Şura üzvlərinin "Sən Tək deyilsən!" və
"Xoşqədəmlə axtarıram səni" verilişinin aqibətinə münasibəti mənə
elə ilk dəqiqədən bəlli idi. Təxminən 1 saat yarım ərzində mən
onları dinlədim və sonda məlumat verdim ki, biz onsuz da bu
verilişi gələn həftə, daha doğrusu, oktyabrın 5-dən efirdən
çıxarmışıq. Bu layihələri biz efirdə yalnız ona görə saxlamışdıq
ki, həmin efir vaxtında oxşar layihə ilə rəqabət zərurəti var idi.
Onu da deyim ki, MTRŞ-da bizim belə bir mövqeyimizdən hələ çoxdan
xəbərdar idilər ki, belə verilişləri bəyənmirik və bu tipli
layihələri etməmək üçün televiziya rəhbərlərinin vahid mövqeyi olsa
faydalı olar. Əks təqdirdə bir kanal bu tip layihəni bağlayanda,
başqası açır, nəticədə standartlar bir olmur. Sentyabr ayının
29-da- ATV-də "Öz aramızda" verilişi bağlanandan dərhal sonra isə
biz Yaradıcılıq Şurasının qərarı ilə "Sən Tək deyilsən!" verilişini
dayandırdıq. Elə "Xoşqədəmlə axtarıram səni" verilişi də bazar günü
efirdə ənənəvi formatında son dəfə yayımlanacaqdı. Müəllifin təqdim
etdiyi yeni layihəyə görə burada axtarılacaq şəxslər həm də
Azərbaycanı dünyada müsbət mənada tanıdan, ona şərəf və nüfuz
gətirən insanlar olacaqdı. Özü də bu qərar elə yaradıcı kollektiv
tərəfindən verilmişdi. Mən onu da qeyd etdim ki, efir məkanıda daha
ciddi ab-havanın yaradılması məqsədilə ANS MYMŞ yeni layihələr
hazırlayıb. "Günəbaxan"ın formatı tam dəyişdirilib - o indi demək
olar ki, informativ tok şoudur - "A-dan Z-yə" və "ŞOKolad" verilişi
artıq dayandırılıb. Burda adlarını çəkmirəm, yaradıcılıq sirridi.
Amma orda efirə gedəcək yeni layihələrimizin adlarını belə çəkdim.
Yəni mən bunları deməklə diqqəti ona yönəltdim ki, ANS MYMŞ-nın öz
verilişlərini bağlamaq qərarını MTRŞ-nın rəsmiləşdirməsinə ehtiyac
yoxdur. Sadəcə olaraq burda bir məqam var idi: MTRŞ istəyirdi ki,
verilişlər dərhal qapansın, mən isə onları soyuq ağıla və məntiqə
dəvət edərək bu fikirdən daşındıra bildim. İzah etdim ki,
verilişlərin kifayət qədər tamaşaçısı var, yüksək reytinqləri var,
ona görə də biz onları bağlamaq qərarını verərkən ilk növbədə bu
məqamı nəzərə almışdıq, yəni ən azı müraciətləri araşdırılmağa
qəbul olunmuş insanlara hörmətsizlik etməyək, verilişi
dəstəkləyənlər qarşısındakı öhdəliklərimizin aqibəti barədə
düşünək. Onlar da qısa müzakirədən sonra mənimlə razılaşdılar. Mən
toplantının əvvəlindəki gərginliyin, ittiham aqressiyasının sona
yaxın səmimiyyətə doğru dəyişdiyini hiss etdim və düşündüm ki, bu,
Nuşirəvan Məhərrəmli və hörmətli Şura üzvlərinin mənimlə sıradan
bir görüşüdür və tədbirdən məlumat sızdırılarkən bu ab-hava qərarda
öz əksini tapacaq. Çünki Şura üzvləri arasında ANS-ə, onun
rəhbərliyinə olan hörmət və sayğının nümayiş etdirilməsi mənə belə
düşünməyə əsas verirdi. Çünki oxşar söhbət ATV kanalı ilə də olmuş,
amma onların layihəsinini bağlanması barədə verdikləri adi qərar
bizimlə bağlı məsələdən fərqli olaraq az qala ittiham aktı kimi
ictimailəşdirilməmişdi. Baxmayaraq ki, belə qərarlar qəflətən
verilmir, ən azı əvvəlcədən xəbərdalıq edilir.
- Belə çıxır ki, mətbuata verilmiş məlumatın məzmununun
belə olacağını gözləmirdiniz.
- Əlbəttə ki, yox. Çünki sənədin belə tərzdə yazılmasından mənim
məlumatım yoxdur. Hamı ilə normal vidalaşıb çıxmışam. ANS-i az qala
milli mənəvi dəyərləri pozmaqda günahlandıran bu qərar isə bizdən,
şəxsən məndən, yəqin ki, ANS-in Azərbaycan tarixində, onun
dövlətimizin istiqlalı və vətəndaşımızın vətənpərvər ruhunun
formalaşmasında oynadığı rol barədə məlumata malik çoxmilyonlu
tamaşaçı ordusundan ötrü əsl şok oldu. MTRŞ buna qədər bir dəfə də
ANS-in hansısa layihəsi ətrafında qərəzli qərar vermişdi və o zaman
biz qurumu məhkəməyə verdik və əsassız xəbərdarlığı ləğv etməyə
nail olduq. Düşünürdük ki, bu, yəqin ki, N.Məhərrəmliyə ən azı
stolüstü vəsait olar ki, gələcəkdə ifadələr seçərkən ehtiyalı
olsun. Amma çox təəəssüf ki, o yenə də tələsib və bizim MTRŞ-nın
növbəti qərarını məhkəməyə vermək haqqımızı tanıyıb. Çünki
verilişlərinin bağlanmasına səbəb kimi göstərilənlər ANS-in işgüzar
nüfuzunu zərbə altına alır və bizim tamaşaçılarımızı incidir,
onların zövq və istəklərini təhqir edir.
- Deməli, ANS MYMŞ qərarla razı deyil?!
- Bayaq dedim ki, bu qərarı biz artıq vermişdik. Sadəcə,
MTRŞ-nın bizim verdiyimiz qərara belə ağır ittihamlardan yarlıq
quraşdırması artıq bütün hüdudları keçir. Mən burada qanunun
aliliyindən çox, açıq-aşkar ayrı-seçkilik və ANS-ə qarşı qərəz
görürəm. İki televiziya kanalında eyni tip layihəyə tam fərqli
yanaşma. Digər məsələ: Ya xəbər mətbuata adi bir xəbər kimi
verilməliydi... Özü də burada da mənə qaranlıq məqamlar var.
İçəridə iclas gedir, bəzi saytlar isə artıq ANS-in verilişinin
bağlanması barədə xəbər yayır. Baxmayaraq ki, hələ heç bir qərar
yox idi, deməli, Şurada bizdən də peşəkar xəbərçilər varmış, ya da
ümumiyyətlə bu məlumatı bizim yayacağımızı gözləmək lazım idi. MTRŞ
niyə və maraqlıdır ki tələsib?! Sanki hansısa sosial şou ilə yox,
Xoşqədəm Hidayətqızıyla şəxsən mübarizə aparır. Mən Nuşirəvan
Məhərrəmlinin Xoşqədəm xanıma münasibətini bilirdim. Amma məsələnin
bu dərəcədə ciddi olduğunu təsəvvür etmirdim. Çünki buna qədər bir
necə dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların
efirdən ayağını kəsmək kimi tövsiyələr eşitmişdim. Deməli,
N.Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa...
məhz Xoşqədəm xanımla. Təəssüf...
- Məhkəmə olacaq?!
- Bəli... ANS MYMŞ öz imici və işgüzar nüfuzunu qoruyacaq.
Həmişə olduğu kimi. Milli mənəvi dəyərlərdən çox tez-tez danışılır.
Bu ümumi ifadədir. Hər millətin özünəməxsus dəyərləri var.
Azərbacan tarixinin milli azadlıq səhifələrini qələmə alan ANS özü
artıq çoxdan milli mənəvi dəyərə çevrilib. Bu dəyərlər toplusunu
ədalətinə inandığımız məhkəmədə qoruyacağıq.