Bu günlərdə Türikiyə
Prezidenti Ərdoğan orijinal bir bəyanatla çıxış etdi. Türkiyənin
lideri dedi ki, Rusiya qazından imtina edə bilərik: "Biz Rusiya
qazının bir nömrəli alıcılarıyıq. Türkiyəni itirmək Rusiya üçün ağır nəticələr
verə bilər".
Nə olmuşdur, nə baş verir, qardaş ölkənin liderini bunca sərt
danışmağa, nəinki regionda, hətta bütün dünyada ən böyük ticari
müttəfiqlərindən birini qaralamağa vadar edən nədir? Üzdə olan,
rəsmi səbəb Rusiya təyyarələrinin Türkiyənin hava sərhədlərini
pozması, əslində isə Suriyanın hərbi müxalifətini vurmasıdır.
Məlum olduğu kimi, Rusiya Suriyanın rəsmi müraciətindən sonra bu
ölkəyə öz hava qüvvələrini göndərib. Sözdə İŞİD-in möqelərinə zərbə
endirir, işdə isə Prezident Bəşər Əsədə müxalif olan bütün
qüvvələri məhv edir. Bura ilk növbədə NATO-nun dəstəklədiyi hərbi
müxalifət, sonra İŞİD, daha sonra isə məramı və milliyyəti məlum
olmayan, bulanıq suda balıq tutan digər silahlı dəstələr daxildir.
Bir sözlə, Suriyada hakimiyyət uğrunda vətəndaş və qeyri-vətəndaş
müharibəsi gedir, Rusiya Bəşər Əsədiin tərəfində (hələlik hərbi
hava qüvvələri ilə) döyüşür. Bu zaman da ya qəsdən, ya təsadüfən,
Türkiyənin hava sərhədləri pozulur.
Amma əsas səbəblər daha dərindədir və yetərincədir. Əvvəla,
Türkiyə NATO-nun üzvüdür və bu hərbi Alyans da, başda ABŞ olmaqla,
Suriyada Bəşər Əsədi deyil, ona qarşı silahlı müxalifəti
dəstəkləyir. Artıq aylardır ki, işdə ABŞ-ın, sözdə isə Alyansın
hərbi təyyarələri Suriya səmasında atəşfəşanlıq edir. Nəticə də göz
önündədir, dünən çiçəklənən müsəlman ölkəsi bu gün rəzil gündədir,
Suriya artıq ikinci Əfqanıstan mislindədir.
Sonra, deyildiyi kimi, Rusiya Suriyada Bəşərin Əsədin tərəfində
vuruşur, onun düşmənlərini - hərbi müxalifəti və İŞİD-i vurur.
Regionda öz dövlətlərini yaratmaq istəyən və bu məsələdə Rusiyaya
güvənən Suriya və İraq kürdləri də İŞİD-ə qarşı döyüşür.
"Düşmənimin düşməni mənim dostumdur" prinsipindən yanaşsaq,
Rusiyanın Suriyaya girməsi ilə kürdlərin də əli-ayağı açılıb.
Kürdlər isə məlum olduğu kimi, Türkiyəyə qarşı ərazi iddiasında və
PKK timsalında silahlı münaqişədədirlər. Düşünürük ki, Türkiyəni
narahat edən və Prezident Ərdoğanı Rusiyaya qarşı sərt bəyanatlar
verməyə vadar edən məhz bu səbəblərdir.
Amma Türkiyə Rusiya qarşı sanksiyalar tətbiq edə, yəni cənab
Ərdoğanın dediyi kimi, Rusiya qazından imtina edə bilərmi? Hətta
sadə araşdırmalar belə bu bəyanatın daha çox siyasi xarakter
daşıdığını, reallıqdan uzaq olduğunu göstərir. Əvvəla, qaz xam neft
deyil ki, Palmali şirkətinin yük gəmilərində Aralıq dənizi ilə
İraqdan İstanbula daşıyasan. Bunun üçün yeni qaz mənbələri tapmaq
(Azərbaycanın ehtiyatları kifayət etmir), yeni qaz nəqli
infrastrukturu yapmaq (söhbət İran qazından gedir), bir sözlə,
çoxlu pul və çoxlu vaxt sərf etmək lazımdır. Maliyyə böhranı və qış
isə yaxındadır, artıq oktyabr ayıdır. Deməli, Rusiya qazından və
infrastrukturundan istifadə Türkiyə üçün, ən azı, yaxın illərdə
alternativsizdir.
Burda ilk baxışda görünməyən, olsun ki, çoxlarının fikir
vermədiyi, amma Türkiyə prezidentinə çox gözəl məlum olan daha
önəmli bir faktor da var. Siyasi karyerasına İstambul şəhərinin
meri kimi başlayan cənab Ərdoğan yaxşı bilir ki, Türkiyənin nəinki
regionda, hətta bütün dünyada ən böyük ticari müttəfiqi Rusiyadır.
Türkiyə yüngül sənayesinin əsas istehlakçısı Azərbaycan, Ermənistan
və Gürcüstan deyil (doğrudur, onların da payı var), Rusiyadır.
Yalnız onu demək kifayətdir ki, Rusiyanın aşağı təbəqəsinin az qala
yarısı, orta təbəqəsinin isə hamısı türk paltarı geyir, türk dəri
və xəz gödəkçələrinə üstünlük verir. Bu isə nə az, nə çox, təxminən
yüz milyon real alıcı (Türkiyə büdcəsi üçün on milyardlarla dollar)
deməkdir ki, Türkiyədə və adı çəkilən üç kiçik ölkədə heç bu qədər
əhali yaşamır. Rusiya neftdən, qazdan dolandığı kimi, Türkiyə də
trikotaj, parça, dəri istehsalından dolanır. Türkiyə Rusiya qazını
almayacağı təqdirdə, Rusiya da Türkiyə paltarını almayacaq. Kim
ziyanda qalacaq, kim alternativ bazarlar tapacaq - hesablamaq elə
də çətin deyil… Heç qələm-kağız da lazım deyil…Gürcüstan və Ukrayna
nümunələri göz qabağındadır...