Yuxarı

“Qırmızı şalvarlı, qulağı sırğalıları hara buraxırsız?”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qırmızı şalvarlı, qulağı sırğalıları hara buraxırsız?”

Bəzi aparıcılar heç ana dilində danışmaq, cümlə qurmaq qabiliyyətinə malik deyil, necə danışmalı olduğunu bilmir, efirdə jarqonlarla, varvarizmlə - yarı rus, yarı azərbaycanca danışır.

Bu sözləri millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda bəzi televiziya proqramlarının səviyyəsinin aşağı olması barədə son günlər müzakirə edilən məsələyə münasibət bildirərkən Axar.az-a deyib. Xalq şairinin sözlərinə görə, proqramı hazırlayanlar nəinki aparıcı və qonağı, hətta auditoriyada tamaşaçı kimi əyləşənləri də seçməlidir:

"Problemlərin səbəbi televiziyaların kadr potensialının zəifliyindən başlayır. Qəribədir ki, Azərbaycanda intellektli gənclər və jurnalistlər kifayət qədər olsa da, aparıcıların əhəmiyyətli hissəsinin səviyyəsi aşağıdır. Bunu veriliş iştirakçılarına da şamil etmək olar. Mən bəzən kanallarda yayımlanan verilişlərin auditoriyalarına baxıram. Tamaşaçı qismində oturanların hərəsini elə bil bir planetdən yığıb gətiriblər. Simalarında kütlük, məlumatsızlıq sezilir. Hər verilişin xarakterinə uyğun, müəyyən intellekt səviyyəsi olan adamlar cəlb olunmalıdır. Yoxsa studiyaya kimi gəldi yığmaq olmaz.

Bundan başqa, bəzi aparıcılar heç ana dilində danışmaq, cümlə qurmaq qabiliyyətinə malik deyil, necə danışmalı olduğunu bilmir, efirdə jarqonlarla, varvarizmlə - yarı rus, yarı azərbaycanca danışır. Bu insanlarda heç bir məsuliyyət yoxdur – sifətləri də, geyimləri də, rəftarları da o cürdür".

Sabir Rüstəmxanlı televiziyaların cəmiyyətin güzgüsü olduğunu xatırladaraq, onları öz məsuliyyətlərini dərk etməyə çağırdı:

"Televiziya təkcə cəmiyyətdəki çatışmazlıqları göstərdiyi üçün güzgü deyil, həm də ordakı aparıcı, qonaq, tamaşaçının səviyyəsi ilə millət haqqında təsəvvür formalaşdırır. Bu cür verilişlərlə millət barədə hansı xoş təsəvvür yaratmaq olar? Digər tərəfdən, televiziya düşünməlidir ki, Azərbaycan xalqı qırmızı şalvarlı, qulağı sırğalı, saqqız çeynəyərək danışanları, yaxası göbəyinə kimi açıq olan kişi və qadınları qəbul edirmi? Onları kimə və nəyə görə təbliğ etməlidirlər? Məncə, bu baxımdan MTRŞ-nın iradlarını nəzərə almalıdırlar".

Millət vəkilinin sözlərinə görə, efirə Azərbaycanı təmsil etmək qabiliyyəti olan gənclər, ziyalılar dəvət edilməlidir:

"Azərbaycanda kifayət qədər savadlı, intellektual, istedadlı gənclər var. Nədənsə kanallar o gəncləri kənara qoyub özünü aparmağı, jestlərini bilməyən, nitqi, səsinin tonu, ağlı yerində olmayan, geyimini bilməyən –sözün əsl mənasında, heç nəyi yerində olmayan qadın və kişiləri efirə çıxarır".

Millət vəkili Aqil Abbas isə bildirdi ki, televiziyalar yalnız şou əhlini və əyləncə verilişlərini təbliğ etməməlidir:

"Mən şou verilişlərinə baxmıram. Sevdiyim və maraqlı mövzulara toxunan verilişlər var ki, onlara baxıram və qonaq qismində çıxış da edirəm. Mənim dediyim bir söz var: televiziyada bəzi verilişlər şou-biznes nümayəndələrinin, müğənnilərin üstündə köklənir. "Ay ev yiyəsi" deyərək kimlərinsə evinə qonaq olurlar. Ola bilməzmi ki, bu evlərə şair, rəssam, bəstəkar, mühəndis aparsınlar? Yalnız şou əhli təbliğ olunmamalıdır. Azərbaycanda gözəl sənətkarlar, rəssamlar, bəstəkarlar var. Adi bir ev tikən bir bənnanı aparsınlar sözügedən və ya hər hansı digər bir verilişdə qonaq etsinlər.

Aygün Kazımovanın itindən, qarderobundan nə qədər danışmaq olar? Axar.az-a danışarkən daha öncə də qeyd etmişdim ki, bəzi verilişlərin sayı bir az azaldılmalıdır. Mən demirəm televiziya yalnız vətənpərvərlikdən, ədəbiyyatdan, sənətdən danışmalıdır. Televiziyanın əyləncə proqramları da olmalıdır. Amma bu əyləncə verilişləri əndazə içində hazırlanmalıdır. Mən özüm "Beşdə beş", ANS telekanalında yayımlanan "Şəbəkə" verilişinə gedirdim. Lakin onu da qeyd edim ki, "Beşdə-beş" ata, valideyn, böyüyə-kiçiyə hörmət, etik normalarla bağlı mövzular qoyurdu və sevə-sevə gedirdim. Son zamanlar o mövzuları qoymur deyə, getmirəm.

O cümlədən, Xəzər TV-nin və ANS kanalının özümə uyğun olan bir sıra proqramlarına gedib sözümü demişəm. Amma veriliş əyləncə xarakterli olanda bir az diqqətli olmaq lazımdır".

A.Abbas bildirdi ki, bu, tam qadağa formasında da ola bilməz:

"Bir şeyi kökündən vurub, ona tam qadağa qoymaq olmaz. Verilişə yalnız düzən vermək gərəkdir".

MTRŞ-nın son iradlarına toxunan millət vəkili vurğulayıb ki, televiziyaların bundan nəticə çıxaracaqlarına inanır:

"İnanıram ki, bizim televiziyalar bu iradları qəbul edib, tövsiyələrdən yararlanacaq. Məsələn, bir ara ATV-nin üstünə bərk düşmüşdülər ki, çoxsaylı şou proqramlara yer verir. Halbuki burda bir məqama diqqət etmək lazımdır. Hər bir KİV-in öz nizamnaməsi var. Məsələn, "Ədalət" qəzetinin də, sizin saytın da – hər bir mətbuu orqan yarandığı zaman imzaladığı nizamnamə mövcuddur. Həmin nizamnamədə gələcək istiqamətlərdən, toxunulacaq məsələlərdən söz açılır. ATV öz nizamnaməsində şou verilişləri yayımlayacağına dair bildiriş vermişdi. Siz ATV-dən nizamnaməsinə uyğun olmayan istiqamətdə işləməyinimi tələb edirsiniz? Yəni iradlar da düzgün seçilməlidir.

O ki qaldı şou-biznes nümayəndələrinə, ekspert kimi dəvət olunan insanların bəziləri Azərbaycan xalqının gözündə sevilən və hörmət olunan insanlar deyillər. Bir adam 4 dəfə boşanıb və hər hansı bir verilişə gəlib ailə ilə bağlı məsləhət verəndə, mən gülürəm. Elə tamaşaçı da buna gülür. Çünki Azərbaycan balaca bir ölkədir və hamı hamını tanıyır. Həmin adam çxııb danışanda ki, ailə belə olmalıdır, ona sual verərlər ki, sən özün 4 dəfə ərə gedib-boşanmısan və ailən yoxdur, hansı cürətlə kiməsə məsləhət verirsən? Məsələn, ad çəkməyəcəm, bir ər-arvad var. Biri deyir ki, arvadım filankəslə yatır, arvadı da deyir ki, ərim filankəslə yatır. Və bu söhbətlər bütün günü televiziyadadır. Bunların kimlə yatıb, kimlə görüşdüyünün Aqil Abbasa və ümumilikdə Azərbaycan xalqına nə dəxli var? Xalq bunu qəbul etmir. Sonra hansısa ziyalı, alim çıxıb bu söhbətlərə müdaxilə edəndə müzakirələr böyüyür. Üzr istəyirəm, amma mən Rusiyada əsgərlikdə olmamışam ki, orda mənim övladım olsun. Mən Rusiyanı görəndə artıq 2 uşağım var idi. Kimsə gedir Rusiyada əsgərlikdə olur, kimləsə görüşür və uşağı olur. Yaxşı edib olub, kef edib olub da. Bunu gətirib üzə çıxarmaq, ailənin işinə qarışmaq qəbul olunan şey deyil axı. Bunlar əslində cinayətdir. Nə ixtiyarla insanların ailədaxili problemlərinə qarışırlar?

Televiziya Şurası bu baxımdan haqlı qərar qəbul edib. Amma verilişi bağlamayıb, tövsiyə verir və verilişlərdən düzən tələb edir. Çünki hər şeyin bir əndazəsi var. Gəlin gəlib oturub televiziyada qayınanasından, qayınatasından şikayətlənir. Televiziyada da dəfələrlə demişəm, bunun üçün hüquq-mühafizə orqanları var. Əgər sənin ev davan varsa, problemin varsa, bunu adiyyəti qurumlara şikayət elə. Televiziya sənin üçün hüquq-mühafizə orqanıdır ki, kiminsə uşağını alıb kiməsə versin?"

Tarix
2015.10.11 / 09:30
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla