Ölkə qanunlarına riayət
eləmədiyinə, insanların problemlərini şouya çevirdiyinə görə
cəzalanan ANS-ə xaricdən dəstək verilməsi ilə bağlı informasiyalar
yayılıb.
Axar.az xəbər verir ki, bu barədə MTRŞ-in Ekspertiza,
Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov
Feysbuk hesabında qeyd edib.
O, Rusiya elitasının ANS-ə dəstək verməsini əks etdirən məktuba
münasibət bildirib:
"Ölkə qanunlarına riayət eləmədiyinə, insanların problemlərini
şouya çevirdiyinə görə cəzalanan ANS-ə xaricdən dəstək verilməsi
ilə bağlı informasiyalar yayılıb. Belə ki, "Anspress.com" saytında
kanala Rusiyadan bir qrup incəsənət adamının "dəstək verməsi" ilə
bağlı informasiyalar yer alıb. Əlbəttə ki, bunun təşkil olunmuş iş
olduğu aydın məsələdir. Amma bu cür işləri görənlər yəqin ki, odla
oynadıqlarının fərqindədir. Əvvəla, ona görə ki, bir ölkənin daxili
işlərinə xaricdən istənilən səviyyədə müdaxilə yolverilməzdir.
Azərbaycanda bu işə qol qoyan bir çoxlarının aqibəti də bəllidir.
Digər tərəfdən, xaricdən dəstək verənlərin kimliyi də vacib
məsələdir. Həmin altı nəfər rus incəsənət nümayəndələri arasında
Anna Şatilovanın,Vladimir Maşkovun, Emmanuil Vitorqanın adları da
yer alıb. Əslində, incəsənət adamları sərbəst insanlar olur. Bu
aydındır. Amma məlumdur ki, torpaqlarımızın 20%-i Ermənistan
tərəfindən işğal olunub. Və Ermənistana isti münasibət sərgiləyən
istənilən şəxsə qarşı yerli ictimaiyyətdə təbii olaraq müəyyən
qıcıq var. Məhz buna görə də biz azərbaycanlılar bu nöqtədə həssas
davranmalıyıq. Hələ-hələ "döyüş alnımıza yazılıb" şüarı ilə efirə
çıxan ANS. Sözümün canı ondadır ki, ANS-ə Rusiyadan dəstək verən o
altı nəfərdən Anna Şatilovanın Yutubda "Razqovor s armyanskim"
erməni kanalında erməniləri, erməni konyakını və s. o ki var
tərifləyən videosu yayılıb ki, ona baxan istənilən azərbaycanlıda
belə bir insanın Azərbaycanda baş verənlərə xoş niyyətdən
yanaşdığına şübhə yaranır. Vladimir Maşkovla bağlı informasiya isə
budur ki, erməni saytları onun Spitak zəlzələsi ilə bağlı filmdə
baş rollardan birini oynayacağını yazır. Babalı öz boyunlarına.
Emmanuil Vitorqan isə Yutubda yer alan videoda Moskva erməni
teatrının yubileyi ilə bağlı çıxış edir və əlbəttə ki, erməniləri,
erməni teatrı barədə müsbət fikirlər səsləndirir. Düzdür, demək
olmaz ki, bu adları çəkilən rus incəsənət xadimləri bizim
düşmənimizdir. Amma istər-istəməz Azərbaycan ictimaiyyəti bu cür
halları xoş qarşılamır. Buna görə də həmin rus incəsənət
xadimlərinin kimisə dəstəkləməsi üzərində qurulan şounun tərs
üzününün ola biləcəyini də nəzərə almaq lazımdır.
P.S. Deyirəm erməniləri tərifləyən, indi isə ANS-i dəstəkləyən o
rus incəsənət adamları bəlkə ANS ÇM-də erməni mahnıları
səsləndirilməsini eşidib cuşa gəliblər?"
Qeyd edək ki, ötən gün Rusiya elitasının nümayəndələri Anna
Şatilova, Fyodor Bondarçuk, Timur Vaynşteyn, Vladimir Maşkov,
Emmanuil Vitorqan və Pavel Lungin MTRŞ-in ANS TV-ə qarşı qəbul
etdiyi qərarlara açıq məktubla etiraz ediblər.