İtaliyanın "İl Giornale" qəzetinin saytında Azərbaycanın
bu ölkədəki səfiri Vaqif Sadıqovun Dağlıq Qarabağ münaqişəsi,
Azərbaycan-İtaliya əlaqələri, ölkəmizin beynəlxalq aləmdəki mövqeyi
və bir sıra digər məqamlarla bağlı müsahibəsi yayılıb.
AzərTac xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tarixi, səbəbləri, problemin həlli istiqamətində
aparılan danışıqlar prosesi barədə məlumat verən səfir Dağlıq
Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirib. Vurğulayıb
ki, bu bölgənin adı da Azərbaycan mənşəli "qara" və "bağ"
sözlərinin birləşməsindən yaranıb. V.Sadıqov deyib: "Ermənilərin
zaman-zaman azərbaycanlılara qarşı irəli sürdükləri əsassız ərazi
iddiaları 1988-ci ildə daha da gücləndi. Bununla da Dağlıq
Qarabağda qanlı müharibə başlandı. Ermənistanın Azərbaycanın Dağlıq
Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etməsi
nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkünə çevrilib. Separatçı rejim Azərbaycanın işğal olunmuş
ərazilərində beynəlxalq birlik, hətta Ermənistan tərəfindən belə
tanınmayan qondarma bir "respublika" yaradıb".
Münaqişənin həlli modelləri ilə bağlı sualı səfir bu cür
cavablandırıb: "Azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma
yurdlarına qayıtmalarından sonra Azərbaycan Dağlıq Qarabağa ən
yüksək muxtariyyət statusu verməyə hazırdır. Beynəlxalq hüquq, BMT
Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr,
Avropa Şurasının, Avropa Parlamentinin, NATO-nun və digər
beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən
sənədləri bizim haqlı olduğumuzu göstərir". V.Sadıqov əlavə edib
ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, hərbi sektorda da
sürətli inkişaf müşahidə edilir. Münaqişənin sülh yolu ilə həlli
istiqamətində aparılan danışıqlar prosesi bir nəticə vermədiyi
təqdirdə, Azərbaycan torpaqlarını hərbi yolla geri qaytarmaq
iqtidarındadır. Son aylarda cəbhə xəttində Ermənistanın atəşkəsi
tez-tez pozması halı müşahidə olunur. Beynəlxalq birlik bu
gərginliyə biganə yanaşmamalıdır.
Ölkəmizdə insan haqlarının müdafiəsi, demokratik islahatlar,
mətbuat azadlığı istiqamətində böyük irəliləyişlərə nail olunduğunu
diqqətə çatdıran səfir qeyd edib ki, bir sıra Avropa ölkələri ilə
müqayisədə Azərbaycanda müxalifət yönümlü media resurslarının
fəaliyyətinə hörmətlə yanaşılır. Hazırda ölkəmizdə həbsdə olan bəzi
jurnalistlər peşə fəaliyyətinə görə deyil, məhz Azərbaycan
qanunlarını kobud şəkildə pozduqlarına görə bu münasibətlə
qarşılaşıblar.
Azərbaycanın terrorizmlə mübarizə sahəsində gördüyü işlər barədə
məlumat verən V.Sadıqov ölkəmizin uzun illər erməni terrorunun
hədəfi olduğunu bildirib. Diqqətə çatdırıb ki, Ermənistan
tərəfindən işğal olunduqdan sonra Dağlıq Qarabağ terrorçu
qruplaşmaların məkanlarından birinə çevrilib. Azərbaycan 2001-ci il
sentyabrın 11-dən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror
koalisiyasının fəal üzvlərindən biridir və beynəlxalq terrorizmlə
mübarizədə önəmli rol oynayır.
Azərbaycan-İtaliya əlaqələrinə toxunan səfir bildirib ki, bu
münasibətlərin dərin tarixi kökləri var. Bütün sahələrdə yüksək
səviyyəli əlaqələrimiz mövcuddur. İtaliya Avropa İttifaqında
Azərbaycanın önəmli tərəfdaşıdır. Dövlət və hökumət rəsmilərinin
qarşılıqlı səfərləri, müxtəlif sahələri əhatə edən sazişlərin
imzalanması bu əməkdaşlığın genişlənməsinə töhfə verməkdədir. TAP
layihəsinin reallaşması ilə bu münasibətlər daha da dərinləşəcək,
Azərbaycan Avropanın önəmli qaz təchizatçısına çevriləcək.