"Azərbaycan və Ermənistanın təmas xəttində qurbanların
sayı artır. Bu tendensiya Ermənistanın bəzi sakinlərini Rusiya ilə
onların ölkəsinin strateji münasibətlərinə yenidən baxmağa məcbur
edir".
Publika.az xəbər verir ki, bu sözlər ABŞ-ın
"EurasiaNet" nəşrinin "Moskva təhlükəsizlik sahəsində İrəvana kömək
etməyə nə qədər hazırdır?" başlıqlı yazısında yer alıb.
Nəşr qeyd edir ki, 2013-cü ildən Ermənistan ordusunda döyüş
itkilərinin sayı beş dəfə artıb. Cari ilin ilk doqquz ayı ərzində
31 erməni əsgərinin öldüyü bildirilir. "Təmas xəttində 2014-cü ildə
28 hərbi qulluqçu həyatını itirib", - Amerika nəşri erməni
tərəfinin hərbi itkilərini qiymətləndirir.
Yazıda bildirilir ki, Ermənistan sakinləri ölkənin şimalında –
Gümrü şəhərində hərbi bazası olan Rusiyaya ənənəvi müttəfiq kimi
baxsalar da, Dağlıq Qarabağ ətrafında gərginliyin artması fonunda
bəzilərində suallar yaranmağa başlayıb: Moskva Ermənistanın
maraqlarını müdafiə etməyə hazırdırmı?
"Belə bir təəssürat yaranır ki, Rusiya region ölkələri ilə strateji
əməkdaşlığın qaydaya salınması sahəsində öz azadlığını
məhdudlaşdırmaq istəmir. Moskva Serj Sarkisyanın administrasiyası
və onun tərəfdarlarına çatdırmağa çalışır ki, Rusiyadan çox şey
gözləmək lazım deyil", - "EurasiaNet" nəşri qeyd edir.
2015-ci ilin yanvar ayında Avrasiya İqtisadi İttifaqına daxil olan
Ermənistanın bu addımı rəsmi İrəvan tərəfindən bu şəkildə
əsaslandırıldı ki, ittifaqa giriş ölkənin təhlükəsizliyini
gücləndirəcək. Amma ermənilərin əksəriyyəti özlərini hazırda daha
təhlükəli vəziyyətdə hiss edirlər. Bu vəziyyət xüsusilə iqtisadi
sahədə özünü göstərir. Məsələn, rəsmi məlumatlara görə, 2015-ci
ilin ilk altı ayına Rusiyaya ixrac ötən illə müqayisədə 35,
Rusiyadan idxal isə 12 faiz azalıb. Ermənistan büdcəsi üçün həyatı
əhəmiyyət daşıyan pul köçürmələri də xeyli azalıb. Avqust ayında
olan məlumata görə, ölkəyə pul köçürmələrinin həcmi əvvəlki ayla
müqayisədə 49 faiz azalaraq 71,3 milyon dollar təşkil edib. Bunun
təxminən 70 faizi Rusiyadan göndərilib.
Respublikanın bəzi sakinləri hesab edirdilər ki, Avrasiya İqtisadi
İttifaqına üzv ölkələrlə iqtisadi yaxınlaşmadan başqa, bu bloka
giriş Ermənistanın təhlükəsizliyinin təmin olunmasına Rusiyanın
cəlb olunmasını təmin edəcək. Amma Ermənistanın xarici işlər naziri
Şavarş Koçaryan sentyabrda qəti şəkildə bildirdi ki, əhalinin
gözləntilərinin heç bir əsası yoxdur.
Bəzi analitiklərin fikrincə, Ermənistan hökuməti Avrasiya İqtisadi
İttifaqına üzv olmadan əvvəl belə təəssürat yaratmışdı ki, quruma
üzvlük Rusiyanın hərbi dəstəyi təmin edəcək. "Hökumət
"təhlükəsizlik" terminindən istifadə etdi. Çünki insanlara aydındır
ki, müdafiə məsələsi Ermənistan üçün çox əhəmiyyətlidir", -
politoloq Saro Saroyan qeyd edib.
Rusiya məmurları isə "Qarabağ müharibəsində Kreml Ermənistan, yoxsa
Azərbaycanın tərəfində olacaq?" sualına cavab verməkdən yayınırlar.
Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı da dəfələrlə İrəvana siqnallar göndərib ki, qurum
Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini
müdafiə etməyə hazırdır. Ermənistan tərəfindən işğal olunan Dağlı
Qarabağ və ətraf rayonlar isə beynəlxalq birlik tərəfindən
Azərbaycanın ərazisi kimi tanınır. Hərbi blok olan Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanı müdafiə etmək
üçün heç bir qanuni əsasa malik deyil.