Azərbaycan Mətbuat Şurası noyabrın 1-də keçiriləcək
parlament seçkiləri ilə əlaqədar aparılan təbliğat-təşviqat
kampaniyası ilə bağlı bəyanat yayıb.
APA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, Milli Məclisinə
seçkilər yaxınlaşdıqca ayrı-ayrı namizədlər və media orqanları
arasında müəyyən gərginlik müşahidə edilməkdədir. Bu cəhət
Azərbaycan Mətbuat Şurasına ünvanlanmış narazılıqlar məktublarında
da əksini tapmaqdadır:
"Bir sıra namizədlər ayrı-ayrı kütləvi informasiya vasitələrində,
xüsusən də internet xəbər portallarında şərəf və ləyaqətlərinin
aşağılandığını, işgüzar nüfuzlarına zərər gətirildiyini iddia
edirlər. Bu baxımdan çoxsaylı şifahi müraciətləri qeyd etmək
mümkündür.
Mətbuat Şurası Milli Məclisə seçkilərə az müddət qaldığını
vurğulayaraq kütləvi informasiya vasitələrini, əsasən də internet
media orqanlarını "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı
Qaydaları"na riayət etməyə, habelə Azərbaycan qanunvericiliyinə
hörmətlə yanaşmağa çağırır.
Azərbaycan Mətbuat Şurasının apardığı monitorinqlərin nəticələri
də şikayət müəlliflərinin haqlı olduqları məqamların mövcudluğunu
təsdiqləyir. Şura müxtəlif illərdə seçkiqabağı təbliğat-təşviqat
kampaniyasının mediada işıqlandırılması ilə bağlı vəziyyəti təhlil
edərkən bu qənaətə də gəlir ki, ötən dövrlərlə müqayisədə 2015-ci
ilin parlament seçkisi öncəsi siyasi ziddiyyətlərin bu və ya digər
media orqanına çıxarılmasına dair faktlar əhəmiyyətli dərəcədə
azalıb. Ancaq mövcud durum arxayınlaşmağa əsas vermir. Buna görə də
Mətbuat Şurası bir müddət öncə Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası, həmçinin Avropa Şurasının Azərbaycandakı
Nümayəndəliyi ilə birgə jurnalistlərin seçkini işıqlandırması
xüsusiyyətlərinə dair tematik tədbirlər təşkil edib".
Mətbuat Şurası Milli Məclisə seçkilərə az müddət qaldığını
vurğulayaraq kütləvi informasiya vasitələrini, əsasən də internet
media orqanlarını "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı
Qaydaları"na riayət etməyə, habelə Azərbaycan qanunvericiliyinə
hörmətlə yanaşmağa çağırır: "İstərdik ki, media fəaliyyəti ilə
məşğul olan şəxslər seçkini təkcə siyasi rəqabət deyil, eyni
zamanda xalqımız və dövlətimiz üçün mühüm sınaq meydanı olması
reallığını tam ciddiyyəti ilə dərk etsinlər.
İctimai missiya yerinə yetirən jurnalistikamızın hazırkı dövrdəki
həssaslığı ölkəmizin beynəlxalq nüfuzu baxımından da önəmlidir.
Mətbuat Şurası seçki prosesini, deputatlığa namizədlərin
fəaliyyətini işıqlandıran KİV-i mövcud məqamı ətraflı düşünməyə,
ədalətli rəqabətin, intellektual müstəvidəki mübarizənin
təbliğatçısı olmağa, namizədlərin fəaliyyətindəki ictimai motivləri
cəmiyyətə dəqiq və qərəzsiz şəkildə çatdırmağa səsləyir. Qurum
media orqanının, yaxud jurnalistin hansısa namizəd barədə
təhqiredici, aşağılayıcı fikirlər yayımlamasını qətiyyətlə
pisləyir. Şura bu sayaq xoşagəlməz hallara yol verən kütləvi
informasiya vasitələrinə ciddi şəkildə xəbərdarlıq edir və bildirir
ki, peşə fəaliyyətinə etinasız yanaşma meylləri nəzarətdə
saxlanılacaq.
Azərbaycan Mətbuat Şurası ölkədə yaradılmış ədalətli seçki mühitinə
media müstəvisində xələl gətirilməsinə münasibətdə qanuni ölçü
tədbirinin götürülməsi üçün müvafiq orqanlar qarşısında məsələ
qaldıracaq və təşəbbüsündə israrlı olacaq".