AMOR təşkilatı Rusiyada doğulub, yarandığı gündən
multikultural dialoq və millətlərarası əməkdaşlıq ideyalarına
sadiqdir.
APA-nın məlumatına görə, bunu Rusiya paytaxtında
keçirilən Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VI
Forumunda çıxış edən təşkilatın sədri, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva deyib.
L. Əliyeva AMOR-un Rusiyada yaşayan və çalışan Azərbaycan
gəncliyini birləşdirdiyini, onların Rusiya cəmiyyətinə
inteqrasiyası və müasir cəmiyyətin üzvü olmağa kömək etdiyini
söyləyib: "Məhz buna görə bizim üçün qarşılıqlı mədəni əlaqələr
bütün səviyyələrdə vacibdir. Bizim ölkənin tarixi xalqlar arasında
bərabərhüquqlu dialoqa nümunədir. Azərbaycan sivilizasiyalar və
mədəniyyətlərin qovşağında yerləşir. Biz Qərblə Şərq arasında
yerləşirik və bu bizim tariximizə, mentalitetimizin formalaşmasına
aydın təsir edib. Bizim ölkədə tolerantlıq sonradan qazandığımız
keyfiyyət deyil, xalqımızın təbii özəlliyidir. Bu gün Azərbaycan
beynəlxalq forumların, turnirlərin və tədbirlərin keçirildiyi
ölkəyə çevrilib. Bu ilin yayında Bakıda baş tutan Birinci Avropa
oyunları möhtəşəm keçdi. Payızda Azərbaycan paytaxtı Şahmat üzrə
dünya çempionatını qəbul etdi. 2016-cı ildə isə Bakıda Şahmat
Olimpiadası keçiriləcək. Gələn il Bakıda ilk dəfə "Formula 1"
yarışı təşkil olunacaq. 2017-ci ildə isə Bakı İslam oyunlarına ev
sahibliyi edəcək. Bütün bunlar dünyanın bizim ölkəyə inam və
hörmətinin ən yaxşı sübutudur".
Rusiya-Azərbaycan münasibətlərindən danışan AMOR sədri bu
münasibətlərin hər zaman dostluq və mehriban qonşuluq ruhunda
olduğunu vurğulayıb: "Tarix göstərir ki, Azərbaycan və Rusiya
arasında fərqlilikdən daha çox oxşarlıq var. Azərbaycan və Rusiya
hər zaman çoxmillətli və çoxmədəniyyətli dövlətlər olub, belə də
qalacaq. Bizim ölkələrdə bir çox dinlərinin, müxtəlif millətlərin
və xalqların nümayəndələrinə rast gəlmək mümkündür. Bu insanlar
sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Biz bu təcrübəni
bütün dünya ilə bölüşməyə hazırıq. Azərbaycan prezidenti İlham
Əliyevin Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda qeyd etdiyi kimi, multikulturalizmə alternativ yoxdur.
Biz hər zaman qonşuluq şəraitində yaşamışıq və yaşayacağıq.
Bir-birimizin seçiminə hörmət etməyə borcluyuq".
L. Əliyeva Azərbaycanda rus dilinə göstərilən diqqətdən də
danışıb: "25 illik müstəqilliyimiz tarixində Azərbaycanda rus dilli
bir məktəb də bağlanmayıb. Ali məktəblərdə Azərbaycan dili ilə
yanaşı, rus dilində də tədris aparılır. Azərbaycanda rus dilinin
avtoritetinin yüksək olmasının göstəricisi Bakı Slavyan
Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialının və Seçenov adına Birinci Tibb Universitetinin
filiallarının açılmasıdır. Bizim ölkələrin nə qədər yaxın olmasını
AMOR-un bütün fəaliyyəti də təsdiq edir. Bizim gənclik hər zaman
Rusiya ilə bizi birləşdirən ümumi dəyərləri qoruyub saxlamağa
çalışır. AMOR gəncləri yaşadığı, təhsil aldığı ölkənin tarixi və
mədəni dəyərlərinə hörmət ruhunda tərbiyə edir. Bu gün AMOR-un
Rusiyanın 70-dən çox regionunda nümayəndəliyi fəaliyyət göstərir.
AMOR-çular Rusiyada yaşamalarına baxmayaraq, heç vaxt milli
köklərini, tarixlərini unutmurlar. Tarixin parlaq səhifələri olduğu
kimi, qəmgin, faciəvi səhifələri də var. AMOR-un təşəbbüsü ilə
Rusiya ilə yanaşı, bütün dünyada hər il fevral ayında erməni
təcavüzkarları tərəfindən törədilən Xocalı soyqırımının ildönümü
ilə bağlı "Xocalıya ədalət" aksiyası keçirilir. Bu il biz Qarabağ
müharibəsinin ən faciəvi səhifəsinin 23-cü ildönümünü qeyd etdik.
Biz Xocalı hadisələrinə dünya ictimaiyyəti tərəfindən hüquqi və
siyasi qiymətin verilməsini tələb edirik. İnanırıq ki, ədalətin
bərpa olunmasına nail olacağıq. Dünya Xocalı soyqırımını tanıyacaq.
AMOR hər il Beynəlxalq uşaqların hüquqlarının müdafiəsi gününə həsr
olunmuş xeyriyyə aksiyası da keçirir. Valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün bayram şənlikləri keçirilir, hədiyyələr
paylanılır. AMOR təkcə uşaqlara kömək etmir. Hər il bizim
təşkilatın təşəbbüsü ilə "Qanın milliyyəti yoxdur" aksiyası
keçirilir".
Leyla Əliyeva AMOR-un fəaliyyətinin ümumilikdə maraqlı və uğurlu
olduğunu qeyd edib: "Lakin biz əldə etdiklərimizlə
kifayətlənməyəcəyik. Bizə daha da böyümək lazımdır. Qarşıda bizi
uzun yol və çoxlu maraqlı layihələr, ideyalar gözləyir. Əminəm ki,
biz birlikdə bütün problemlərin öhdəsindən gələ, ölkələrimiz və
xalqlarımızın rifahı naminə daha çox şey edə bilərik".
Daha sonra Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, gənclər
və idman naziri Azad Rəhimov, Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu, Rusiya prezidentinin humanitar məsələlər üzrə xüsusi
nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Federasiya Şurasının
vitse-spikeri İlyas Umaxanov, Dövlət Dumasının deputatı Leonid
Slutski, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi
Polad Talıbov çıxış ediblər.
Forum çərçivəsində AMOR-un hesabat-seçki konfransı da
keçirilib.
Forumda "Azərbaycan və yeni dövrün çağırışları", "İDEA - bir bir
torpaq, bir gələcək", "Ədalət səfiri ol", "Turizmin və
diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi
tərbiyəsinin vasitəsi kimi", "Gənclər karyera inkişafı: sahibkarlıq
və uğura aparan yol" mövzularında bölmələr təşkil olunub.
Forum Azərbaycan və Rusiyanın estrada ulduzlarının iştirakı ilə
böyük konsert proqramı ilə başa çatıb.