Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki,
Ermənistan Ordusu nə qədər atəşkəsi pozmağa davam edəcəksə, nə
qədər yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tutacaqsa ona
daha çox və daha iriçaplı üstün silahlarla cavab zərbələri
endiriləcək.
Bunu AzeriDefence-yə açıqlamasında Müdafiə Nazirliyinin
mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
V.Dərgahlı bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri öz
qüvvəsinin və arsenalındakı silahların çox cüzi bir hissəsindən
istifadə edir: "Silahlı Qüvvələrimizin sərəncamındakı silahların
dağıdıcı gücü, tətbiq dərinliyi, dəqiqliyi bundan dəfələrlə
artıqdır. Erməni tərəfi də bunu yaxşı bilir. Müdafiə Nazirliyi
dəfələrlə bəyan edib ki, ehtiyac yaranarsa, Silahlı Qüvvələrimizin
sərəncamındakı digər silahlar da düşmənə qarşı tətbiq olunacaq. O
silahlar istifadə olunduğu zaman ermənilərin itkisi onların bu gün
ağlına gələ bilməyəcəyi qədər, düşündüklərindən də artıq olacaq.
Bunu onlar anlamalıdırlar".
Nazirlik rəsmisi bəyan edib ki, buna görə də ermənilər
gənclərini, erməni millətinin gələcəyini qorumaq istəyirlərsə,
işğal altında saxladıqları Azərbaycan ərazilərini birdəfəlik tərk
etməlidirlər.
V.Dərgahlı qeyd edib ki, bu gün cəbhədə gərginliyi süni şəkildə
yaradan, dövlət sərhədində, qoşunların təmas xəttində işğal olunmuş
ərazilərdən Azərbaycan kəndlərini, dinc əhalini atəşə tutan
Ermənistan Ordusudur. Hər il onlarla dinc sakin Ermənistan
hərbçilərinin açdığı atəş nəticəsində yaralanır, həlak olur. Bu
faktlar beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə də məlumdur.
"Əgər düşmən hesab edirsə ki, biz buna biganə qalacaq, cavab
verməyəcəyik çox yanılır. Biz Azərbaycan Ordusu olaraq qarşı
tərəfdə dinc əhaliyə maksimum şəkildə toxunmamağa çalışırıq. Hətta,
xatırlatmaq yerinə düşər ki, bir neçə ay əvvəl ermənilərin işğal
etdikləri Ağdərə ərazisindəki Talış və Madagis kəndlərinin
sakinləri xarici KİV-ə müsahibələrində özləri də etiraf eləmişdilər
ki, Azərbaycan Ordusu istəsə bizi vura bilər. Amma bunu etmir. Sadə
ermənilər Ermənistandakı cinayətkar hərbi rejimin uydurduğu
yalanları bu açıqlamaları ilə ifşa etdilər", – deyə nazirlik
sözçüsü əlavə edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin ötən gün yerli
KİV-lərdə yayılan və guya Azərbaycan Silahlı Qüvvələrinin il
ərzində cəbhədə 215 əsgər itirməsi açıqlamasına da toxunan
V.Dərgahlı bunu Artsrun Hovannesyanın "yuxusu" adlandırıb:
"Hovanisyanın bu bəyanatı öz müdafiə nazirinin hərəkətləri qədər
çox məsuliyyətsiz, heç bir əndazəyə sığmayandır. Onlar öz
sayıqlamalarını mətbuat vasitəsi ilə ictimaiyyətə sırımaqda,
itkilərini gizlətməkdə ustadırlar. Bu sahədə böyük təcrübələri var.
Bizdə olan məlumata görə Ermənistan tərəfi öz itkilərinin sayını
gizlədir. İtkiləri o qədər çoxdur ki, onları açıqlamaqdan
çəkinirlər. Odur ki, Azərbaycan tərəfinin itkiləri barədə
şişirdilmiş, yalan, təxribat dolu xəbərlər yaymaqla erməni
ictimaiyyətini qismən də olsa sakitləşdirmək istəyirlər.
Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki hər bir şəhid, yaralanan
hərbçi barədə informasiyanı mütəmadi olaraq ictimaiyyətə açıqlayır.
Şəhidimizin qanı isə artıqlaması ilə alınır. Azərbaycan
ictimaiyyəti əmin olmalıdır ki, torpaqlarımz işğaldan azad
edilənədək ordumuz düşmənə qarşı tədbirlərini davam etdirəcək.
İşğal altında olduğu hər gün Azərbaycan torpaqlarından Ermənistana
əsgər tabutları gedəcək".