Mən 1997-ci ildə bu amalla Milli Olimpiya
Komitəsinin prezidenti vəzifəsinə gəlmişəm və o gündən bu günə qədər bu siyasət davam etdirilir.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev idman
tədbiri ilə bağlı keçirilən mərasimdə bildirib.
İdmançılara dövlət tərəfindən qayğının yüksək səviyyədə olduğunu
deyən İlham Əliyev hər il görkəmli idmançılarımızın məişət
problemlərinin həll edildiyini vurğulayıb:
"On ildən çoxdur ki, hər il iyirmidən çox idmançıya, idman
mütəxəssisinə dövlət tərəfindən mənzillər verilir. Bu da dövlətin
siyasətinin təzahürüdür. Çünki ölkəmizi beynəlxalq arenalarda
ləyaqətlə təmsil edən, bizim dövlət bayrağımızı ucaldan idmançılar
dövlət tərəfindən daim qayğı, diqqətlə əhatə olunmalıdırlar. Şadam
ki, aparılan bu siyasət indi belə vəziyyətə gətirib çıxarıb ki,
bizim görkəmli idmançılarımızın hamısı gözəl mənzillərlə təmin
olunublar. Bu proses bundan sonra da davam edəcək. Çünki əgər
dövlət idmanı inkişaf etdirmək istəyirsə, mütləq idmançılar üçün
gözəl şərait yaratmalıdır. Mən 1997-ci ildə bu amalla Milli
Olimpiya Komitəsinin prezidenti vəzifəsinə gəlmişəm və o gündən bu
günə qədər bu siyasət davam etdirilir. Nəticələr də göz
qabağındadır. Bu gün dünya miqyasında Azərbaycan idman dövləti kimi
tanınır. Beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi,
Avropa Olimpiya Komitəsi, onların rəhbərləri Azərbaycanda idmanda
əldə olunmuş uğurları qeyd edirlər. Bu, bizim işimizə verilən böyük
qiymətdir.
Eyni zamanda, bizim üçün əsas qiymət xalq tərəfindən verilən
qiymətdir. Azərbaycan xalqı öz idmançılarını sevir, onların
uğurlarına sevinir. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı qürur
hissi keçirir ki, biz idmanda böyük nailiyyətlərə imza ata
bilmişik. İdmanın inkişafı üçün uzun illər məqsədyönlü şəkildə
kompleks tədbirlər görülür. Həm təlim-məşq prosesi yüksək səviyyədə
təşkil edilir, həm də federasiyalar, klublar, idman cəmiyyətləri
uğurla fəaliyyət göstərirlər. Milli Olimpiya Komitəsi, Gənclər və
İdman Nazirliyi vahid siyasət aparırlar. Ona görə Azərbaycanda
idman siyasəti ilə bağlı birmənalı mövqe nümayiş etdirilir.
İdman bazaları yaradılır. Şadam ki, indi klublar da,
federasiyalar da idman bazalarını yaradırlar. Eyni zamanda,
bölgələrdə 41 Olimpiya Mərkəzi yaradılmışdır. On mərkəzin tikintisi
davam edir. Həmin layihələr başa çatandan sonra artıq Azərbaycanın
hər bir rayonunda idmanla məşğul olmaq üçün çox gözəl şərait
olacaq. Əslində, bu şərait artıq mövcuddur. O ki qaldı Bakı
şəhərinə, burada ən mötəbər beynəlxalq yarışların keçirilməsi üçün
bütün imkanlar var. Avropa Oyunları bunu bir daha təsdiqlədi.
Bakıda yaradılmış və təmir edilmiş müasir idman infrastrukturu
dünya səviyyəsindədir. Deyə bilərəm ki, biz dünyanın inkişaf etmiş
ölkələrindən geri qalmırıq. Bizim idman qurğularımızın həm
funksionallığı yüksəkdir, eyni zamanda, onlar memarlıq abidəsidir.
Biz bunu bilərəkdən belə yaratmışıq ki, idman qurğuları gözəl
şəhərimizə əlavə yaraşıq versin. Müasir idman bazaları, idman
infrastrukturu, düzgün siyasət, idmançılara qayğı və dövlət
tərəfindən qəbul edilən qərarlar bu vəziyyəti yaradıb ki, bu gün
Azərbaycan dünya miqyasında ən birinci sıralardadır.
Bu il Avropanın idman həyatında tarixi bir ildir. Çünki ilk dəfə
olaraq Avropa Oyunları keçirilmişdir. Burada da Azərbaycan dövləti
öz gücünü göstərdi. Cəmi iki il yarım ərzində Yay Olimpiya Oyunları
səviyyəsində keçirilən Oyunlar təşkil edilmişdir. Bəlkə də heç kim,
o cümlədən xarici tərəfdaşlarımız inanmırdılar ki, biz bu Oyunları
bu səviyyədə keçirəcəyik. Bütün Azərbaycan xalqı, doğrudan da,
həmrəylik göstərmişdir. Bu, ümummilli bir məsələyə çevrilmişdi.
Çünki dünyada ilk dəfə olaraq Avropa Oyunlarının Bakıda keçirilməsi
bizim üçün çox böyük məsuliyyət idi.
Biz son illər ərzində ölkəmizi dünya miqyasında kifayət qədər
geniş şəkildə təqdim edə bilmişik. Müxtəlif tədbirlər, təqdimatlar,
sərgilər, konsertlər keçirilmiş, Azərbaycanın zəngin mədəniyyəti,
tarixi irsi, bugünkü reallıqları kifayət qədər geniş şəkildə təqdim
olunmuşdur. Ancaq bu Oyunlar bizə imkan verdi ki, gələn qonaqlar
ölkəmizlə tanış olsunlar. Altı min idmançı, minlərlə məşqçi, qonaq,
idman mütəxəssisi təxminən üç həftə Bakıda qalaraq şəhərimizin
gözəlliyini görmüş, insanlarımızın qonaqpərvərliyini hiss etmiş və
Azərbaycanın sürətli inkişafının şahidi olmuşlar. Ümumi rəy belə
idi ki, Oyunları bundan yüksək səviyyədə keçirmək mümkün deyil.
Hətta bəzi idmançılar öz yarışlarını başa vurduqdan sonra
ölkəmizdən getmək istəmirdilər. Olimpiya Kəndində qalmaq
istəyirdilər. Çünki yaradılmış bu gözəl ab-hava onlara da çox xoş
idi. Burada həm təşkilatçılıq, həm obyektlərin müasirliyi, yüksək
səviyyəsi, eyni zamanda, Azərbaycan xalqının qonaqpərvərliyi xüsusi
bir mühit yaratmışdı. Bu, unudulmaz günlər idi və Azərbaycan
dünyaya nəyə qadir olduğunu göstərdi. Göstərdi ki, cəmi 24 illik
müstəqillik dövründə biz böyük zirvələrə çata bilmişik.
Əlbəttə ki, idmançılarımızın uğurlu çıxışları bizi xüsusilə
sevindirir. Əlli Olimpiya komandası arasında Azərbaycan idmançıları
ikinci yeri tutmuşlar. Əgər nəzərə alsaq ki, birinci yeri Rusiya
komandası tutub, bu, təbii idi, başqa cür ola da bilməzdi. Ona görə
hesab edirəm ki, biz ən yüksək zirvəyə qalxa bilmişik. Əlli altı
medal qazanılıb, onlardan 21-i qızıl medaldır. Bu, Azərbaycan
idmanının böyük zəfəri idi. İdmançıları - bütün bu qələbələrdə, bu
medalların qazanılmasında iştirak etmiş insanları bir daha
salamlayıram, onlara öz təşəkkürümü bildirmək istəyirəm.
Avropa Oyunları tarixdə qaldı. Növbəti Oyunlar harada
keçiriləcək. Bu barədə hələ ki, qərar qəbul edilməyib. Amma məndə
olan məlumata görə, bəzi ölkələr Bakıda keçirilmiş Oyunlardan sonra
bir az tərəddüd edirlər. Hətta həmkarlarım mənə deyirlər, biz
qorxuruq ki, bu Oyunları Bakıdakı səviyyədə təşkil edə bilmərik.
Ona görə biz bir az ehtiyatlanırıq. Yəni, biz belə bir səviyyəni
yaratdıq ki, bu səviyyəyə çatmaq doğrudan da çox çətindir. Bu
Oyunlar, sözün əsl mənasında, Yay Olimpiya Oyunları səviyyəsində
təşkil edilmişdir".