Bütün ölkədə gündəm yaradan "Jevelleri" zinət əşyaları
mağazasının sahibi Məryəm Nametzadə Tofiq qızının ölümü ilə bağlı
daha bir nəfər həbs edilib.
AzVision.az-ın məlumatına görə, sözügedən qətllə bağlı
tutulan dördüncü şəxs mərhumun bacısı, Fəxriyyə adlı qadındır. O,
bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları
tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Onun bir neçə gün öncə
anasının ölümündə günahlandırılaraq həbs edilən Günel Hüseynovanın
ifadəsi əsasında tutulduğu qeyd edilir. Belə ki, Məryəm
Nametzadənin qızı anasının ölümündə xalasının da əli olduğunu
bildirib.
Səs-küylü qətldə həbs edilən digər şəxslərin ilkin ifadələri
zamanı o da məlum olub ki, mərhuma ilk bıçaq zərbəsini Ceyhun
Əsgərov (Məryəm Nametzadənin bacısı oğlunun dostu) endirib. 51
yaşlı qadını ürəyindən vuran Ceyhun bıçaq zərbələrinin sayını 43-ə
çatdırıb, sonda onun öldüyünə əmin olmaq üçün şah damarını
kəsib.
Anasının ölümündə günahlandırılan Günel Hüseynovanın qızı Zəhra
hazırda ailədən alınaraq Bakıdakı uşaq evlərindən birinə
verilib.
Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər
prokurorluğu dəhşətli qətllə bağlı məlumat yayıb. Məlumatda
bildirilir ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il
təvəllüdlü Məryəm Nametzadə Tofiq qızının yaşadığı mənzilində
üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan
meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis
və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin
iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi
sübutlar götürülmüş, digər zəruri prosessual hərəkətlər yerinə
yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4,
120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam
öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına
ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi
başlanıb.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş
təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində
cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova,
qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci
il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı
şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam
etdirilir.