"Versii.com" internet nəşrinin 17 fevral tarixli
nömrəsində hüquq elmləri doktoru, Ukrayna Elmlər Akademiyasının
(UEA) beynəlxalq hüquq kafedrasının professoru, UEA-nın akademiki,
Ukraynanın əməkdar təhsil işçisi Arif Cəmil oğlu Quliyevin "Xocalı
soyqırımı qurbanlarının ruhu cəlladlarının cəzalandırılmasını
gözləyir" sərlövhəli məqaləsi yer alıb.
AzərTac-ın
xəbərinə görə, "Azərbaycanın Dağlıq Qarabağdakı Xocalı şəhəri də
Babiyar, Osvensim, Xatın, Buhenvald kimi artıq çoxdan sadəcə
coğrafi ad olmaqdan çıxıb. Xəritədəki bu nöqtə vəhşiliyinə və
amansızlığına görə bütün dünyanı sarsıdan kütləvi qətllərin
törədildiyi faciəli ünvanlardan biridir. Aradan 24 il keçib, amma
erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qanlı
qırğının ağrı-acısı hələ də qəlbləri göynədir.
"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı
soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları
ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda
bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" - Heydər
Əliyev
Xocalı soyqırımı tarixə erməni ekstremistlərinin və
şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri ən dəhşətli
kütləvi terror aktlarından biri kimi daxil olub. Azərbaycan xalqı
iki yüz il ərzində ermənilər tərəfindən daim etnik təmizləməyə və
soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz əzəli
torpaqlardan kütləvi şəkildə qovularaq, qaçqına və məcburi köçkünə
çevrilib. Bütün bunlar şəhər və kəndlərin yerlə-yeksan edilməsi, on
minlərlə günahsız insanın ölümü ilə müşayiət olunub.
Ermənilərin İrandan Azərbaycana köçürülməsinin 150 illiyi
münasibətilə 1978-ci ildə Dağlıq Qarabağda abidə ucaldan milli və
ekstremist erməni dairələri "Böyük Ermənistan" ideyasını tarixi
Azərbaycan torpaqları hesabına həyata keçirmək üçün son iki yüz
ildə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı müntəzəm
olaraq çoxsaylı terror aktları, kütləvi qırğın, deportasiya və
soyqırımı kimi amansız cinayətlər törədiblər.
Azərbaycan xalqı erməni şovinistləri tərəfindən daim etnik
təmizləmələrə və soyqırımı siyasətinə məruz qalıb.
Azərbaycanlıların dədə-baba torpaqlarından qovulması sovet dövründə
də davam edib. Çoxsaylı tarixi sənədlər təsdiq edir ki, 1905-1907,
1918-1920, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı
Qafqazdakı tarixi ərazilərində etnik təmizləməyə və soyqırımı
siyasətinə məruz qalıb, əzəli torpaqlarından deportasiya
edilib.
Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa
iddiaları "Böyük Ermənistan" yaradılmasını nəzərdə tutan strateji
planın tərkib hissəsidir. Ermənilərin tərəfdarı M.Qorbaçov
hakimiyyətə gələndən sonra Ermənistan hakim dairələri Kreml
rəhbərliyinin havadarlığından və dəstəyindən istifadə edərək,
Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar.
Qorbaçovun bu işğalçılıq planını həyata keçirmək yolunda atdığı ilk
addım ən güclü maneəni - Heydər Əliyevi Siyasi Bürodan
uzaqlaşdırmaq oldu. Sonralar siyasi arenada hadisələr elə sürətlə
inkişaf etməyə başladı ki, azərbaycanlılar Kreml rəhbərlərinin bir
siyasi aktının "dərin mahiyyətini" anlamağa macal tapmamış, onların
növbəti məkrli addımı ilə üzləşməli oldular. SSRİ-nin ali
rəhbərliyi bir-birinin ardınca guya Dağlıq Qarabağda vəziyyəti
sabitləşdirməyə yönəldilən qərarlar qəbul edir, amma əslində heç
bir siyasi tədbir görmürdü. Əksinə, bu sənədlər qonşu ölkənin
Azərbaycanın daxili işlərinə qarışmasını qanuniləşdirir, ona Dağlıq
Qarabağ vilayətində geniş imkanlar yaradırdı. Bu da öz ərazisində
Azərbaycanın konstitusiya hüquqlarını heçə endirirdi. 1987-ci ildən
başlayaraq Azərbaycan ətrafında əsl informasiya müharibəsi gedirdi.
Sovet KİV-lərində Azərbaycandakı hadisələr barədə praktiki olaraq
bircə kəlmə də həqiqət yazılmırdı. Hadisələri təhrif olunmuş
şəkildə təqdim edir, ört-basdır edə bilmədikləri barədə isə
həyasızcasına susurdular. 1988-ci ilin fevral hadisələrindən sonra
Dağlıq Qarabağın işğalı üzrə hərbi əməliyyatlar başlandı. SSRİ
Silahlı Qüvvələrinin Ermənistanda və Azərbaycan SSR-in Dağlıq
Qarabağ Muxtar Vilayətində olan hissələri də erməni hərbi
birləşmələrinə qoşuldular.
Xocalı faciəsinin çoxsaylı şahidləri bildirirlər ki, şəhərə
hücumda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı iştirak edib.
Xocalı faciəsində bu alayın xüsusi rolunu qeyd etmək lazımdır. Alay
Azərbaycan kəndlərinin, habelə Şuşa şəhərinin atəşə tutulmasında
dəfələrlə iştirak edib. Xocalı faciəsindən sonra alayın
silahlarının bir hissəsinin, o cümlədən zirehli texnikanın
ermənilərə təhvil verilməsi bunun ən bariz sübutudur.
Erməni silahlı birləşmələri Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ silahlı münaqişəsi çərçivəsində 1992-ci il fevralın 25-dən
26-a keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının hərbi
qulluqçularının iştirakı ilə əsasən azərbaycanlıların yaşadığı
Xocalı şəhərini hücumla ələ keçiriblər. Bu siyahıda alay
komandirinin arxa cəbhə üzrə müavini polkovnik Baylukovun, birinci
batalyonun komandiri polkovnik Moiseyevin, ikinci taqımın
komandiri, mayor Ohanyanın, üçüncü taqımın komandiri, mayor
Nabokixin, birinci batalyonun qərargah rəisi, mayor Çitçiyanın,
alayın kəşfiyyat rəisi, mayor Ayriyanın, bölük komandiri, böyük
leytenant Mirzoxalzarovun, kəşfiyyat taqımının rəisi, böyük
leytenant Xrinxuanın, tank bölüyünün komandiri, böyük leytenant
Qarmaşın, bölük komandiri, böyük leytenant Akopyanın, bölük
komandiri, böyük leytenant Vavilovskinin, taqım komandiri, böyük
leytenant Lısenkonun, batareya komandiri, böyük leytenant Azarovun,
tank əleyhinə batareya komandiri, böyük leytenant Abramovun, üçüncü
tank bölümünün komandiri leytenant Balezninin, tank taqımının
komandiri leytenant Smakinin, istehkam bölüyünün komandiri,
leytenant Raçkovskinin, kəşfiyyat rəisinin müavini, leytenant
Bondarevin, radiokimya taqımının rəisi leytenant Kulovun, habelə
kiçik zabit heyətindən daha 41 erməni hərbi qulluqçusunun adları
var.
Bu dəhşətli terror aktı nəticəsində 613 dinc sakin öldürülüb,
müxtəlif yaşlı 1000 insan əlil olub, 106 qadın, 63 azyaşlı uşaq, 70
qoca xüsusi amansızla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib,
25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini
itirib, 1275 dinc sakin əsir götürülüb, 150 əsirin taleyi indiyə
qədər məlum deyil.
"Memorial" Rusiya Hüquq-Müdafiə Mərkəzinin məlumatına görə, dörd
gündə Xocalıdan Ağdama 200 meyit gətirilib, onlarca meyitin təhqir
edilməsi faktları qeydə alınıb. Ağdamda 181 meyit (130 kişi və 51
qadın, o cümlədən 13 uşaq) üzərində məhkəmə-tibb ekspertizası
aparılıb. Qonşu Ağdamın həmin günlərinin şəxsən şahidi olmuşam,
məhkəmə-tibb ekspertizalarında və həmvətənlərimin dəfn
mərasimlərində iştirak etmişəm. Ekspertiza zamanı müəyyən olunub
ki, 151 nəfərin ölümünə güllə və qəlpə yaraları səbəb olub, 10 adam
küt alətlə vurulan zərbələrdən dünyasını dəyişib, habelə adamların
diri-diri başının dərisinin soyulması faktları qeydə alınıb. Bu
rəqəmlər təsdiq edir ki, Xocalı soyqırımı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində baş vermiş ən qanlı
faciədir.
Xocalıya hücum gecə saatlarında tank və toplardan açılan
artilleriya atəşi ilə başlayıb. Şəhər üç tərəfdən mühasirəyə
alınıb. Dağ aşırımları ilə qaçıb canını qurtarmaq istəyən insanlar
ermənilərin vəhşiliyinin qurbanı olublar. Erməni birləşmələri
Naxçıvanik kəndi yaxınlığında silahsız insanlara atəş açıblar.
Azərbaycan silahlı qüvvələri xocalıların yardımına çata
bilməyiblər, meyitləri çıxara bilməyiblər. Yalnız fevralın 28-də
bir qrup yerli jurnalist azərbaycanlıların həlak olduğu yerə
gəlməyə müvəffəq olub. Hər yerə meyitlər səpələnirdi. Bu mənzərə
hamını dəhşətə gətirib. Onlar erməni silahlıları tərəfindən güclü
atəşə tutulduqları üçün meyitləri çıxara bilməyiblər. Ertəsi gün
bir qrup xarici jurnalist yerli jurnalistlərlə birlikdə faciə
yerinə uçub. Gördükləri damarlarındakı qanı dondurub: meyitlər
təhqir edilib, eybəcər vəziyyətə salınıb, ayrı-ayrı əzaları kəsilib
götürülüb. Çoxunun gözləri çıxarılıb, qulaqları, ətrafları kəsilib,
qarınları yarılıb. Bəzilərinin başının dərisi soyulmuş, yanıb külə
dönmüş, yaxud üzərindən ağır texnika keçmiş vəziyyətdə tapılıb.
Həmin günlərdə xarici qəzetlər də bu vəhşiliklər barədə
yazıblar. Məsələn, "Krua l `Eveneman" jurnalı (Paris) 25 mart
1992-ci il: "Ermənilər Xocalıya hücuma ediblər. Bütün dünya eybəcər
vəziyyətə salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar min
adamın öldürülməsindən danışırlar". "Sandi Tayms" (London), 1 mart
1992-ci il: "Erməni əsgərləri yüzlərlə ailəni məhv etdilər".
"Faynəşnl Tayms" qəzeti (London) 9 mart 1992-ci il: "Ermənilər
Ağdam tərəfə gedən qaçqınlar karvanını atəşə tutdular". "Tayms"
qəzeti (London) 4 mart 1992-ci il: "Çoxları eybəcər vəziyyətə
salınıb, kiçik bir qızın yalnız başı qalıb". "İzvestiya" (Moskva) 4
mart 1992-ci il: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi.
Bir qoca qadının sifətinin yarısı kəsilib götürülüb, kişilərin
başının dərisi soyulub". "Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci
il: "Ağdamda olan əcnəbi jurnalistlər qətlə yetirilən qadınlar və
uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç
nəfəri görüblər. Bu Azərbaycanın təbliğatı deyil, reallıqdır".
"İzvestiya", 13 mart 1992-ci il: "Mayor Leonid Kravets: Mən özüm
təpədə təqribən 100 meyit gördüm. Bir oğlanın başı yox idi. Hər
yerdə xüsusi qəddarlıqla qətlə yetirilmiş qadınların, uşaqların,
qocaların meyitləri görünürdü".
Xocalı şəhərində soyqırımı aktının əsas cinayətkarlarının və
müqəssirlərinin erməni silahlı birləşmələrinin və 366-cı motoatıcı
alayının şəxsi heyəti olması faktı bu gün artıq heç bir şübhə
doğurmur. Onların hərəkətləri insan hüquqlarının kobud şəkildə
pozulması, Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları
Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt,
Fövqəladə hallarda, silahli münaqişələr zamanı qadın və uşaqların
müdafiəsi haqqında Bəyannamə kimi beynəlxalq hüquqi aktlara və
digər beynəlxalq sənədlərə həyasızcasına məhəl qoyulmaması kimi
dəyərləndirilir.
Xocalı hadisələri bütün dünyada soyqırımı kimi qəbul edilsə də,
bu dəhşətli cinayətin törədilməsinə görə heç kim cəzalandırılmadı.
Cəlladlar, təşkilatçılar və sifarişçilər məşum planlar qurmaqda
davam edir, sərhədləri özbaşına dəyişir və qurbanlarının qanlı
statistikasını aparırlar. Dünya birliyinin Dağlıq Qarabağ
problemini beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma
və prinsipləri əsasında həll etmək istəməməsi yeni faciələr
təhlükəsi yaradır. Özü də təkcə Azərbaycanda deyil. Cəzasız qalan
hər hansı cinayət başqa cinayətlərə yol açır. Ermənilər xristian
dünyasının həmişə və hər məsələdə onlara inanmasından istifadə
edərək, bu yalanı daha da artırır, təcavüzkarı qurban kimi təqdim
etməklə, müqəssirlərin günahını zərərçəkənlərin üzərinə qoymağa
çalışırlar. Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi şəraitdə bir
tərəfin həqiqət üzərində inhisarı sadəcə təhlükəli deyil, hətta
məhvedici olması aydın deyilmi? 1984-cü ildə o vaxtlar ABŞ-ın
BMT-dəki səfiri xanım Cin Kirkpatrikin sionizm əleyhinə növbəti
kampaniya ilə bağlı dediyi sözlər Ermənistan-Azərbaycan
münaqişəsinə münasibətdə də aktual olub: "Biz yalanı təkzib
etmədik, onun yayılmasına imkan verdik, sonra o böyüyərək siyasətə
çevrildi – pislənməyən bu siyasət də böyüyərək ölümlərə səbəb
oldu... Bəzən bütöv xalqların taleyi sözdən asılıdır...".
Xocalı şəhərindəki faciədən 24 il keçib. Amma onun qaçqına və
məcburi köçkünə çevrilmiş sakinləri, eləcə də bütün Azərbaycan
xalqı hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həll
olunacağını, Ermənistanın Azərbaycana qarşı təcavüzünün
dayandırılmasını və Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunacağını gözləyir. Onlar ədalətin bərpa olunması, terrorizm
faktlarının pislənməsi və Xocalı şəhərində Azərbaycan xalqına qarşı
soyqırımının etiraf edilməsi çağırışı ilə beynəlxalq ictimaiyyətə
müraciət edirlər. Faciənin müqəssirləri, təşkilatçıları və
icraçıları cəzasız qalmamalıdırlar. Təəssüf ki, bu dəhşətli
cinayətdə əli olanların heç biri layiq olduğu cəzanı indiyədək
almayıb. Amma cinayət cəzasız qalmır. Onların hamısı gec-tez
tarixin və öz vicdanlarının məhkəməsi qarşısında cavab
verəcəklər".