Fövqəladə Hallar Nazirliyi
(FHN) AzDTN (dövlət tikinti normaları) 1.6-2 "Tikintinin təşkili"
Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları" barədə
qərarında dəyişiklik edib.
Report-un
xəbərinə görə, sənədi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov
imzalayıb.
Sənədə görə, AzDTN 1.6-2 "Tikintinin təşkili" Azərbaycan
Respublikasının dövlət tikinti normaları müvafiq qaydada verilmiş
tikintiyə icazə əsasında yeni bina və qurğuların inşasına, mövcud
tikinti obyektlərinin yenidən qurulmasına və sökülməsinə, eləcə də
ərazilərin abadlaşdırılmasına və mühəndis hazırlığına şamil olunur.
Elektrikötürücü xətlər, rabitə xətləri, boru kəmərləri və digər
texniki infrastruktur obyektləri, o cümlədən dəmiryolu zolağında,
avtomobil yolları və digər nəqliyyat yolları üçün ayrılmış
zolaqlarda bu növ obyektlər inşa edilərkən əlavə olaraq şəhərsalma
və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə
alınmalıdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi infrastruktur
obyektlərinə, dövlət sirri təşkil edən obyektlərə, radioaktiv və
partlayıcı maddə və materialların istehsal, emal olunduğu və
saxlandığı obyektlərə, habelə atom enerjisindən istifadə sahəsində
nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı
tələblərin irəli sürüldüyü obyektlərə münasibətdə dövlət
sifarişçiləri və ya həmin obyektlərdə təhlükəsizliyin təmin
edilməsi üzrə səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən və
dövlət satınalma müqavilələri ilə müəyyən edilmiş tələblərə riayət
olunmalıdır.
Qaydaya edilən əlavəyə əsasən, bu AzDTN Azərbaycan Şəhərsalma və
Tikinti Məcəlləsinin 79-cu və 80-ci maddələrinə əsasən tikintisinə
icazə tələb olunmayan tikinti obyektlərinə və barəsində
məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinə şamil
edilməyək. Yəni, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr
olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə
təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin, xüsusi
mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və
dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su
anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr
olan hovuzların, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və
qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların
(təbii və süni daşdan olan hasarlar da daxil olmaqla), hündürlüyü
ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena
qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri
qüllələrinin, kiçik memarlıq formalarının (köşklər, örtüklər və
buna bənzər digər obyektlərin), açıq idman və ya oyun
meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə
qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri
dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin, təmir edilən
yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin, yaşayış
evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi
ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin, hündürlüyü ən
çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və
oranjereyaların tikintisinə aid deyil.
Tikinti zamanı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən
və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin
tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və
onların tikintisi üçün tikinti layihəsinin yalnız
memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.