Bakının Bayıl, Qaradağ rayonu, Milli parka yaxın
əraziləri, bir sözlə Xəzər dənizinə yaxın qəsəbə və rayonlar
seysmik baxımdan aktiv zonalar hesab olunur.
Bu isə o deməkdir ki, ən güclü zəlzələ ocaqlarının mövcud olduğu
Xəzər dənizindəki xırda bir təkan, həmin ərazilərdəki yaşayış
binalarına təsirsiz ötüşməyəcək.
Respublika Seysmoloji xidmət mərkəzindən bildirirlər ki, bu gün
paytaxt ərazisində baş verə biləcək zəlzələ 8-9 baldan yuxarı ola
bilməz. Yəni yerin qurunt şəraitinə uyğun olaraq bu səviyyə artarsa
ola bilər ki, Bakının müəyyən ərazisində ən çoxu 9 bal gücündə
zəlzələ baş versin.
Bütün bunları nəzərə alaraq köhnə və müasir binalarda seysmik
təhlükəsizliyin təmin olunması üçün təkliflər planı hazırlanır.
"Hündürmərtəbəli yaşayış binalarında seysmik davamlılığı müəyyən
etmək üçün monitorinqlərin aparılması zəruri hesab edilir. Bunun
üçünsə ilk növbədə Nəriman Nərimanov heykəli ətrafındakı yaşayış
binalarında bu işin başlanması təklif olunur".
Ölkədəki seysmik təhlükəsizlik sistemi ilə bağlı dövlət proqramı
üzərində çalışan AMEA-nın Kibernetika institutunun direktoru Telman
Əliyev, həmin ərazidəki binaların bir neçəsində lokal sistemlərin
quraşdırılmasını vacib hesab edir. Onun fikrincə, paytaxtdakı zəif
zəlzələlərdən sonra monitorinqlər vasitəsi ilə hündür binaların
seysmodayanıqlılığının dəyişməsini mümkün etmək olar. Burda isə
əsas məqsəd zəlzələnin vura biləcəyi zərəri əvvəlcədən minimuma
endirməkdir.
Ekspertlər isə hesab edir ki, ölkədə 8-9 bal gücündə zəlzələ baş
verərsə, o zaman köhnə binaların dağılmaq təhlükəsi yüksəkdir. Ona
görə yox ki, onlar yaxşı inşa edilməyib, sadəcə ona görə ki, həmin
binaların o zamankı seysmik göstəriciləri 6 balla qiymətləndirilib.
Müasir tikililərdə körpülərdə yol qovşaqlarında seysmik
göstəricinin 8-9 bala uyğun olduğunu deyən seysmoloji xidmət
mərkəzinin şöbə müdiri Tahir Məmmədli yeni binaların zəlzələyə
davamlı və təhlükəsiz olduğunu bildirdi. Ölkədəki zəlzələ
ocaqlarının əvvəlcədən müəyyən etmək üçün seysmoloji xəritələr
yaradıldığını, vaxtaşırı müxtəlif ərazilərdə monitorinq aparıldığın
deyən şöbə müdiri ölkə ərazisindəki təhlükəli zəlzələ ocaqlarından
da söz açdı.
Şöbə müdiri, Telman Məmmədli: "Böyük və kiçik Qafqazın
Azərbaycan hissəsində Şamaxı, İsmayıllıda 9 ballıq zəlzələ ola
bilər. Yəni təhlükəli ərazilərdir. Mən düşünmürəm ki, zəlzələnin
vaxtını əvvəlcədən demək mükün olsun, amma bu sahədə irəliləyişlər
var ki, biz hansı ərahzilərdə yerləşən binaların 8-9 bala uyğun
olduğunu üzə çıxara bilərik".
Ölkədə güclü zəlzələnin baş verə biləcəyini əvvəlcədən müəyyən
etmək mümkün olmadığından istənilən təbiət hadisələrinə hazırlıqlı
olmaq lazımdır. Zəlzələ baş verərsə, qəzalı vəziyyətdə olan yaşayış
binalarına girməmək tövsiyyə olunur. Çünki zəlzələnin avtoşokları
zədələnmiş binanı daha da silkələyib dağıda bilər. Ona görə də
ehtiyatı əldən verməmək lazımdır. (ANS)