Azərbaycan xalqının milli
mübarizə tarixinin ən şanlı səhifələrindən biri, şübhəsiz ki,
Cümhuriyyət dönəmidir. Cümhuriyyət tarixi və Cümhuriyyət
mühacirlərinin sonrakı məşəqqətli həyatı, xalqımızın azadlığı
uğrunda apardıqları mübarizə 1988-ci ildə xalq hərəkatının
başlamasından sonra tarixçilərin və araşdırmaçıların diqqət
mərkəzində olub.
Uzun illər aparılan araşdırmaların nəticəsi olaraq, mühacirlərin
bir qismi ilə bağlı xeyli məlumatlar əldə edilib, haqlarında çox
danışılıb, məqalələr, kitablar yazılıb. Ancaq bütün bunlara rəğmən,
təəssüf ki, Cümhuriyyət mühacirlərinin hamısını əhatə edəcək ciddi
bir araşdırma aparılmayıb. Bu gün həyatı araşdırılmayan mühacirlər
arasında Türkiyədə polkovnik, general rütbəsinədək yüksələn
Azərbaycan Cümhuriyyəti ordusunun zabitləri də var. Onlardan biri
də Türkiyə Silahlı Qüvvələrində ordu generalı hərbi rütbəsinə qədər
yüksəlmiş Firudin bəy Daryaldır.
Firudin bəy adını niyə dəyişdi?
Firudin bəy Daryal 1901-ci ildə Zəngəzur qəzasının Hacısamlı
nahiyəsinin (İndiki Laçın rayonu) Təzəkənd kəndində anadan olub.
Əsil adı Fərman olsa da, mühacirət dönəmində sovet təhlükəsizlik
orqanlarının təqibindən qorunmaq üçün digər mühacirlər kimi, adını
dəyişmək məcburiyyətində qalıb. Ad olaraq əmisi oğlu Firudinin,
soyad kimi isə kəndlərində olan "Dar yal" adlı ərazinin adını
götürüb.
O, kiçik yaşlarından cəsarəti və qoçaqlığıyla həmyaşıdlarından
fərqlənər, atlara böyük maraq göstərər, at üzərində müxtəlif
akrobatik hərəkətlər edərmiş. Firudin bəy Kazanda hərbi məktəbdə
təhsil alıb. Daha sonra Azərbaycan Cümhuriyyəti ordusunun süvari
alayında xidmət edib, alayın tərkibində Qarabağda gedən döyüşlərə
qatılaraq, Şuşanın erməni daşnaklarından azad edilməsində iştirak
edib. Rəvayət olunur ki, Şuşada gedən döyüşlər zamanı Azərbaycan
ordusunun mövqeləri yüksəklikdə olan erməni-daşnak dəstələrinin
mövqelərindən pulemyot və top atəşinə tutulurmuş. Kəşfiyyatçıların
verdiyi məlumatlardan bəlli olur ki, bir erməni zabiti ara-sıra
əsgərlərlə ağ atın belində həmin mövqelərə gedərək baxış keçirir.
Firudin bəy Daryal komandanlığa ona bir ağ at verilərsə, həmin
mövqelərdə olan erməniləri zərərsizləşdirə biləcəyini deyir.
Ağdamın Xındırıstan kəndinin bəylərindən birinə məxsus olan ağ atı
ona verirlər. Firudin bəy Daryal ağ atın belində, əsgərlərlə birgə
erməni zabitin getdiyi yolla erməni əsgərlərinin yerləşdiyi
mövqelərə doğru hərəkət edir. Gələnin öz zabitləri olduğunu zənn
edən ermənilər heç bir reaksiya vermirlər, beləliklə, Firudin bəy
və onun əsgərləri heç bir təhlükə gözləməyən düşməni anidən atəşə
tutaraq məhv edir. 1919-cu ilin yanvar ayında keçirilən baxış
yoxlaması zamanı Firudin bəyin xidmət etdiyi süvari alay
göstərdikləri igidliyə görə hərbi nazirin şəxsi təşəkkürünü alır.
Yanvarın 15-i Qarabağın general-qubernatoru vəzifəsinə təyin olunan
Xosrov bəy Sultanov Firudin bəyin igidliyinə bələd olduğu üçün onu
özünə köməkçi götürür.
Əsgəranda şiddətli döyüşlər
1919-cu ilin mart ayında Qarabağ və Zəngəzurda düşmən təhlükəsi
yenidən artır. Erməni daşnak qoşun birləşmələri martın 21-dən 22-nə
keçən gecə Xankəndidə yerləşən Cavanşir piyada alayının
kazarmalarına basqın edir, daha sonra Əsgəran yolunu bağlayırlar.
22 mart tarixindən etibarən Xosrov bəy Sultanovun başçılığıyla
erməni generalı Dronun qoşunlarına qarşı Əsgəran bölgəsində
şiddətli döyüşlər baş verir. 2 aprel 1919-cu ildə Dronun qoşunları
məhv edilir. Firudin bəy həmin döyüşlərdə də igidliklə vuruşur.
28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğrayıb
bolşeviklərin işğalına məruz qaldıqdan bir müddət sonra Xosrov bəy
Sultanov bolşeviklər tərəfindən həbs olunur. Firudin bəy həmin vaxt
Şuşada Qubernatorluq binası üzərində dalğalanan üçrəngli Azərbaycan
bayrağını doğma kəndi Təzəkəndə gətirib ailəsinə əmanət edir.
Bayrağın taleyi...
Firudin bəyin həmkəndlisi Arif Feyzullayev bildirir ki, həmin
bayraq uzun illər gizli saxlanılır. Çox sonralar, 1988-ci ildə Xalq
hərəkatı başlayan zaman üzə çıxarılır. Ancaq təəssüf ki, bayraq
1992-ci ildə Laçın rayonu işğal olunan zaman ailənin bütün
əşyalarıyla birgə Laçında qalır.
Firudin bəy Daryal ailə üzvlərilə vidalaşıb yenidən Azərbaycan
Cümhuriyyəti ordusunun süvari alayına qoşulur. 24 may 1920-ci ildə
başlayan Gəncə üsyanında iştirak edir. Cümhuriyyətin 2-ci
ildönümünə təsadüf edən və minlərlə insanın həlak olmasıyla
nəticələnən üsyan 31 may 1920-ci ildə "Qızıl ordu" tərəfindən
qəddarlıqla yatırılır. Firudin bəy Azərbaycan Cümhuriyyəti
ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərlərilə birgə,
polkovnik Nuh bəy Sofiyevin və polkovnik Səməd bəy Rəfibəylinin
(Sayqın) rəhbərliyi ilə Araz çayını keçib İran ərazisinə daxil
olur. İran hökumətinin silahları təhvil vermək tələbini yerinə
yetirmədikləri üçün hücuma məruz qalırlar. Araz çayı boyunca
Türkiyəyə doğru hərəkət edir, lakin tabeliklərində olan ağır səhra
toplarını apara bilmədikləri üçün həmin topların çaxmaqlarını
çıxararaq yollarına davam etmək məcburiyyətində qalırlar.
Azərbaycan və Türkiyə ordularının
birləşməsi
Türkiyə ərazisində Əhməd Ağaoğlunun Atatürkə müraciətindən sonra
1200 nəfərlik Azərbaycan süvari və piyada alayının əsgər və zabit
heyəti, Kazım Qarabəkir paşanın komandanlıq etdiyi şərq ordusunun
sıralarına qəbul olunur. Azərbaycan hərbi birliklərinin Türkiyə
ordusuna qoşulacağıyla bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə
TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir.
Sənədlərdən məlum olur ki, Azərbaycan birliyi 31 iyul 1920-ci ildə
Həsənqalaya gəlir və yanlarında Türkiyə ordusunun böyük ehtiyac
duyduğu səhra topu çaxmaqları da olur.
Atatürkün verdiyi mükafat
Firudin bəy Daryal 56-sı zabit olan 1200 nəfərlik Azərbaycan
birliyinin tərkibində Türkiyənin istiqlal savaşına qoşulur. 15-ci
süvari alayda bölük komandiri vəzifəsini icra edir. 1920-ci ilin
payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi
Anadolunun ermənilərdən təmizlənməsilə sona çatan doğu hərəkatında
igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında
iştirak edir. Savaşdan sonra Mustafa Kamal Atatürk tərəfindən
"İstiqlal" ordeni ilə təltif olunmaqla bərabər, İstanbul şəhərində
Ali hərbi təhsil alır, Azərbaycan Cümhuriyyəti ordusunda birgə
xidmət etdikləri bir neçə zabitlə orduda qalaraq xidmətlərini davam
etdirirlər. Sonralar həmin zabitlərdən Səməd bəy Sayqın
(Rəfibəyli), Cahangir Bərkər, Hüseyn Turqut general, Yunus Xəzərli,
Məhəmməd Ağpolad, Aslan Berkan, Baba Behbud, Saleh Aksoy, Vəli
Yadigar, Osman Kazak albay (polkovnik) rütbəsinədək yüksəlir.
Qorxusuz, dəlisov, mərd zabit
Firudin bəy Daryal 1925-ci ilin fevral ayında Türkiyədə başlayan
Şeyx Səid üsyanının yatırılmasında, kürd əşirətlərinin başlatdığı
üsyanlara qarşı, 1926-cı ildə 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı,
1930-cu ildə 3-cü Ağrı hərəkatında, 1937-ci ildə Seyid Rzanın
başlatdığı "Dersim üsyanı"nın yatırılmasında iştirak edir. Sonralar
yazar olan Əli Çaxmaq adlı keçmiş bir zabit Türkiyənin güney
doğusunda baş verən üsyanlar haqqında "Cümhuriyyət" qəzetinin 10
mart 1981-ci il buraxılışında yazdığı məqalədə Firudin bəy Daryal
haqqında xatirələrini yazaraq, onun qorxusuz, dəlisov, mərd bir
zabit olduğundan və atın üzərində qeyri-adi hərəkətlər etdiyindən
bəhs edir.
O, xidməti dövründə bölük, tabor, sonralar alay komandiri, İzmir
və İstanbul şəhərlərində isə hərbi komendant vəzifələrini icra
edir. 1950-ci illərdə Kağızmanda Tuqay komandirliyi vəzifəsində
çalışır. 1965-ci ildə təqaüdə çıxır və İstanbulda yaşayır. 1936-cı
ildə "Qafqaz almanaxı", 1953-cü ildə isə "Qaf dağı" adlı əsərlərini
yazır. Azərbaycandan və Şimali Qafqazdan olan mühacirlərlə sıx
əlaqələr quran Firudin bəy, həm də Qafqaz dərnəyinin
fəaliyyətlərində yaxından iştirak edir.
Firudin bəy Daryal birinci dəfə İstanbulda hərbi təhsil alarkən
ailə həyatı qurur. Həmin nikahdan bir oğlu və bir qızı dünyaya
gəlir. Qızı Leyla Daryal Şimali Qafqaz mühacirlərindən birinin
oğluyla evlənir. O, 1985-ci ildə vəfat edib. Oğlu Prof.Dr Əli Murad
Daryal Türkiyədə tanınmış ilahiyyatçı alimdir. Firudin bəy ikinci
nikahını çox sonralar, 1952-ci ildə qurur. Lakin həmin nikahdan
övladı olmur.
Generalın ölümü
1933-cü ildə Xosrov bəyin Firudin bəyə yazdığı qeyddən də
görünür ki, Firudin bəy İstanbulda olarkən Cümhuriyyət
mühacirlərilə, xüsusən də Xosrov bəy Sultanzadə ilə sıx əlaqədə
olur. Mərhumun oğlu Əli Murad Daryal Doktor Xosrov bəylə Taksimdə
bir məhəllədə yaşadıqlarını, həmin dövrdə uşaq olmasına rəğmən,
Xosrov bəyi və yoldaşı Lena xanımı xatırladığını bildirdi. Firudin
bəy Daryalın yaxın qohumu Səlim Səlimbəyli 1986-cı ildə uzun
axtarışlardan sonra əmisini tapır və onunla tez-tez telefon əlaqəsi
qurur.
O, 1989-cu ildə 88 yaşında vəfat edir. Cənazəsi xüsusi
mərasimlə, böyük hörmət və ehtiramla Qaraca Əhməd məzarlığında dəfn
edilir. Vəfat etməzdən öncə baş daşına İstiqlal savaşı qazisi,
süvari albay olması, 1901-ci ildə Şuşa şəhərinin 25 kilometrliyində
yerləşən Təzəkənd kəndində doğulması və "Dost, başın taclı, altın
taxtlı olsa da, millətin, vətənin olmadan bədbəxtsən!" sözlərinin
yazılmasını vəsiyyət edir.
Qeyd: Məqalə üçün verdikləri dəyərli
məlumatlara görə Arif Feyzullayevə, mərhumun oğlu Əli Murad
Daryala, Əli Murad bəylə əlaqə qurmağıma köməklik etdiyi üçün
qohumu Cem Ormana, fotolar üçün isə Səlim Səlimbəyliyə təşəkkür
edirəm.