Azərbaycanda Fətullah Gülən hərəkatının davamçılarını
tez-tez nurçular adlandırırlar. Lakin Gülən camaatı ilə nurçular
arasında böyük fərq var.
Axar.az xəbər verir ki, ölkədə yaşayan nurçular Gülən camaatı
ilə əlaqəli olmadıqlarını bildirir, media orqanlarında Gülən
hərəkatından "nurçular" kimi bəhs edilməsini qəbuledilməz sayırlar.
Redaksiyamıza müraciət edən Sumqayıt şəhər sakini Tahir Orucov uzun
müddət mətbuatda əsassız məlumatların yayıldığını, insanlarda səhv
fikir formalaşdığını deyir:
"Media orqanları nurçular haqqında ciddi araşdırma aparmadan
qeyri-obyektiv informasiyalar yayır. Belə məqalələrin nəşr olunması
"Risale-i Nur" əsərlərin Azərbaycandakı minlərlə oxucusuna
hörmətsizlik kimi anlaşılır. "Risale-i Nur" kitabları bir əsrdən
çoxdur ki, dünyanın müxtəlif ölkələrində nəşr edilir, oxunur.
Əslində, yanlış olaraq "cərəyan" kimi tanınan nurçuluq islamın
özündən başqa bir şey deyil. Hər kəs bu əsərlərdən oxuyub istifadə
edə bilər. Heç bir ölkədə bu kitablar qadağan edilməyib. Nurçular
heç vaxt siyasətə qarışmaz, dövlətinə, millətinə, vətəninə xəyanət
etməzlər".
Nurçular adlandırılan kəsimin oxuduğu kitabların müəllifi Səid
Nursidir. Nursi 1877-ci ildə, Türkiyənin şərqindəki kürd
kəndlərindən birində anadan olub. Dünyəvi Türkiyə Cümhuriyyətinin
ilk illərində o, kürd etirazlarında iştirak ittihamı ilə həbs
edilərək Qərbi Anadolunun İsparta şəhərinə sürgün edilib. Ömrünün
son illərində Səid Nursi ölkənin şərqinə qayıdıb və 1960-cı ildə
Urfa şəhərində vəfat edib. Sürgündə və həbsdə keçirdiyi uzun illər
ərzində o, 5 min səhifədən ibarət "Risale-i Nur" əsərini yaradıb.
Sünni sufi ənənələrinə söykənməklə dünyanın müasir görüşünü
sərgiləyən əsər Quran təfsiri ilə tanınıb. Səid Nursi yalnız
Türkiyə yox, həm də Yaxın Şərqdə ən nüfuzlu ilahiyyatçılardan biri
kimi tanınıb. Səid Nursinin vəfatından sonra onun davamçıları
"dərsanə" adlanan oxu dərnəkləri yaratmağı, təfsirlərin öyrənilməsi
və təbliğini davam etdiriblər. 1950-ci ildə çoxpartiyalı siyasi
sistem yaradılana qədər, əsasən, gizli şəkildə fəaliyyət göstərən
nurçular hərəkatı genişlənməkdə davam edib. Hərəkat birbaşa siyasi
fəaliyyətdən kənar durub.
"Gülən hərəkatı" və yaxud "Gülən camaatı" kimi də tanınan
gülənçilər isə bəzən "neo-nurçular" kimi də qəbul edilir. Onların
əvvəllər nurçu ənənələrinə əsaslanan xarizmatik lideri – Fətullah
Gülən hələ 1970-ci illərdə özü ilə nurçular arasına məsafə qoyub. O
özünün hər hansı dini qrup və yaxud təriqətə aid olmasını qəbul
etməyib.
Gülən icması Türkiyənin polis və ədliyyə kimi aparıcı dövlət
institutlarında işləyəcək kadrlar yetişdirməklə fəaliyyətinə davam
edib. Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətdə olduğu
illərdə yaxşı təhsil almış Gülən tərəfdarları müxtəlif dövlət və
hökumət qurumlarında mühüm vəzifələrə təyin olunublar. Gülən
hərəkatı öz təhsil müəssisələri, biznes və sivil cəmiyyət qurumları
vasitəsi ilə beynəlxalq aləmdə geniş təmsil olunur.
"Camaat" hazırda Ərdoğan iqtidarı ilə açıq-aşkar müxalifətdədir
və "dövlət içində dövlət" (parallel yapı) yaratmaqda, dövlətin
dayaqlarını sarsıtmaqda ittiham edilir. Bunun sübutları ortaya
qoyulduqca gülənçilərlə nurçular arasında uçurum daha da
dərinləşir. Nurçular bu qarşıdurmada ya hökuməti dəstəkləyib, ya da
neytral mövqe tutublar.
Nurçu və Gülən icmaları arasında mübahisə yaradan digər bir
məsələ isə Səid Nursi əsərlərinin tərcüməsi və sadələşdirilməsi ilə
bağlıdır. Belə ki, Nurçu icması liderlərinin etirazlarına məhəl
qoymayan Gülən hərəkatı "Risale-i Nur" əsərinin bəzi hissələrini
müasir türkçəyə çevirərək dərc edib. Bu da nurçuların etirazına
səbəb olub.