Moskva Qarabağ münaqişəsinin
nizama salınması üçün detalları hazırlayıb və ən yaxın günlərdə
tərəflər danışıqlar masası arxasına keçəcək.
Publika.az xəbər
verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri Kremldəki yüksək
vəzifəli mənbəyə istinadən xəbər verir.
Mənbə detalları tam açıqlamasa da, bunun ümumi olaraq "Kazan
düsturu"na yaxın olduğunu deyib.
"Bu plan 2011-ci ildə Dmitri Medvedyevin təşəbbüsü ilə
Tatarıstanın paytaxtı Kazanda prezidentlərin görüşündə müzakirə
olunmuşdu. Bu, erməni hərbiçilərinin yerləşdirildiyi Cəbrayıl,
Zəngilan, Qubadlı, Kəlbəcər, Füzuli və Ağdam, həmçinin, Laçının 13
kəndinin qaytarılması deməkdir. Laçın dəhlizi Dağlıq Qarabağın
statusunun müəyyən olunmasına qədər saxlanılır. Statusun müəyyən
olunması isə qaçqınların geri qayıtmasından sonra keçiriləcək
referendumla həll olunur. Lakin 2011-ci ildə Azərbaycan və
Ermənistan liderləri güzəştə nail ola bilmədilər", - "Kommersant"
yazır.
Ermənistan hökumətindəki mənbənin "Kommersant"a dedikləri isə
qarşı tərəfin konstruktiv mövqedən geri çəkildiyini aydın şəkildə
göstərir.
"Ermənistan tərəfi Rusiya vasitəçiliyi ilə daha əvvəl nail
olunmuş razılığın müzakirəsinə qayıtmağa hazırdır. Qarabağ
ətrafındakı rayonlar qaytarılır. Lakin Dağlıq Qarabağın
müstəqilliyinin tanınması şərti ilə. Biz bunu zəmanət olaraq irəli
sürürük. Çünki rayonlar qaytarıldıqdan sonra Azərbaycan Qarabağda
mövcud hakimiyyəti iki saat ərzində devirəcək və heç kim buna
müdaxilə edə bilməyəcək. Ona görə də biz heç vaxt Qarabağın
müstəqilliyinin tanınması şərtindən geri çəkilməyəcəyik", -
İrəvandakı mənbə bildirib.
"Kommersant" qeyd edir ki,
Dağlıq Qarabağda kəskin eskalasiya Moskvanı münaqişənin həllini
prioritet istiqamət seçməyə məcbur etdi:
"Şəxsən prezident Putin məsələni nəzarətə götürüb. Onun "Birbaşa
xətt" proqramında "Moskva regionda kövrək status-kvonun təhlükəsini
anlayır və bunun Qarabağda uzunmüddətli həll nail olmağa çalışır"
deyə bildirməsi də bunu göstərdi".
PİR mərkəzinin idarə heyətinin üzvü, politoloq Dmitri Polikonov
hesab edir ki, Bakı və İrəvanın mövqeyi əvvəlki illərə nisbətən
daha da kəskinləşib: "Buna görə də tərəflərin 5 il öncəki sülh
təkliflərinə avtomatik olaraq qayıtması çətin görünür. Bununla
belə, Prezident Putin münaqişəni ölü nöqtədən tərpətməyə hazırdır.
Fikrimcə, Moskvanın münaqişənin həllində aktivləşməsi vaxtında
atılmış addımdır. Birincisi, bu, Rusiyanın müxtəlif istiqamətlərdə
sülh səylərini göstərir, onun qlobal və regional gücünə işarə edir.
İkincisi, Rusiyanın son səyləri post-sovet məkanında dondurulmuş
münaqişələrin həllinin qızğın tərəfdarı kimi ölkənin imicini
yüksəldir".
Karnegi Fondunun Moskva bürosunun eksperti Aleksey Malaşenko isə
Moskvanın Qarabağ münaqişəsində fəallaşmasını başqa cür izah
edir.
"Bu, yeni geosiyasi dividentlər qazanmaqdan daha çox, Ermənistan
və Azərbaycan arasında yeni müharibəyə qarşı atılmış addımdır", - o
bildirib.
Ekspertin fikrincə, Putinin aktiv hərəkətlərinə səbəb Ermənistan
və Azərbaycanla münasibətlərdir:
"Ermənistan KTMT-nin üzvüdür və hesab edirdi ki, yeni
eskalasiyada təşkilat ona açıq dəstək verəcək. Lakin Moskvanın açıq
dəstək verməməsi və Azərbaycana silah satışını dayandırmayacağını
bildirməsi Ermənistanda onun nüfuzunu zədələyib. Rusiya indi o
nüfuzu bərpa etməlidir, həmçinin, Azərbaycanla da münasibətləri
pozmamalıdır".