Yuxarı

Ankara İrəvana “nəfəslik” açdı – Qardaş ölkədə nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara İrəvana “nəfəslik” açdı – Qardaş ölkədə nə baş verir?

“Marqara” keçid məntəqəsinin açılması Ermənistan-Türkiyə sərhədinin açılması olmasa belə, Bakıda haqlı suallar yaradır.

- Keçid məntəqəsinin açılması Ankara-İrəvan xəttində münasibətlərin normallaşması ilə bağlı aparılan danışıqların - “Marqara” məntəqəsinin inşası, Türkiyə-Ermənistan rəsmilərinin sərhəddə görüşü, türkiyəli jurnalistlərin İrəvanda Paşinyanla xoşniyyətli müsahibəsinin məntiqi nəticəsidir: Türkiyə bu danışıqlarla bağlı Azərbaycanı niyə məlumatlandırmayıb?

- Ankara sərhədləri bağlı saxlasa da, Ermənistandan Türkiyəyə və əksinə yük daşımaların, eləcə də səyahətlərin olduğu məlumdur: hər şey həqiqətən Ermənistanın “Suriyaya humanitar yardım aparması”ndan ibarətdirsə, niyə indiyə qədər istifadə edilən yollardan yox, məhz “Marqara”dan keçirlər?

“Marqara” sərhəd-keçid məntəqəsi AB-nin maliyyəsi ilə inşa edilib. Məqsəd Türkiyə ilə sərhədin açılması məsələsində Ermənistanın “ev tapşırığını” yerinə yetirməsi və Ankaranı “hər şey hazırdır” faktı qarşısına qoymaq idi. Çünki:

- Ermənistanın Avropaya inteqrasiya siyasətinin praktiki nəticəsi Türkiyə ilə sərhədin açılmasından keçir;

- Cənubi Qafqazda Ermənistanı platforma kimi istifadə edən AB-nin regionda mövcudluğunu davam etdirməsi də İrəvanın “yolunun açılması”dır.

İrəvanda olduğu kimi, Brüsseldə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan amilinin rol oynamasına qarşıdırlar. Və bu, indi yox, Qarabağın işğalı dövründə də belə idi. Məlum Sürix protokolları, məlun “futbol diplomatiyası” və Türkiyədə Qərb sərmayəsinə bağlı media orqanlarında Ermənistanla sərhədin açılması məsələsinə “Morte Alle Francia, İtalia Anela” - MAFİA (Fransa ölsün, İtaliya rahatlasın) yanaşması yaxın keçmişin tarixidir. Azərbaycan və Türkiyə ictimaiyyətinin etirazı bu prosesin qarşısını aldı, daha sonra Ankara-Bakı xəttində problemlər aradan qaldırıldı və bunun hər iki ölkənin, həm də türk dünyasının dərin inteqrasiyasında mühüm rolu oldu.

İndi “Marqara” keçid məntəqəsinin açılması Türkiyədə “Azərbaycan olmadan Ermənistanla münasibətlərin normallaşması” xəttinin rəsmi səviyyəyə yüksəlməsidirmi? Bakının cavab axtardığı suallardan biri məhz budur. Çünki “Suriyaya humanitar yardım” məsələsi bu prosesdə kamuflyaj rolunu oynayır və yüklərin “Marqara”dan keçidi Ankara-İrəvan xəttində Bakı olmadan yaxınlaşma perspektivinin “pilot layihəsi” hesab oluna bilər. Ankaranın bu gedişlə həm də Bakının nəbzini yoxlamağa çalışdığı da mümkün variantlar arasındadır. Lakin belə yanaşma nə Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna, nə də Şuşa Bəyannaməsinə - iki ölkənin xarici siyasətdə birgə hərəkət etmək strategiyasına uyğundur.

Türkiyədə bu layihə - Bakı olmadan İrəvanla normallaşma xətti önə çıxarsa, Ermənistan “nəfəslik” qazanacaq və Zəngəzur dəhlizi planına qarşı müqaviməti güclənəcək.

Tarix
2025.03.21 / 21:42
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla