Ukraynanın Rusiyanın dərinliklərində yerləşən beş strateji hərbi bazaya endirdiyi ağır zərbə ilə bir sıra hədəfi mümkündür. Bu hücumla Ukrayna Rusiyanın müharibədə həlledici rol oynayan hərbi vasitələrini sıradan çıxarmağa, Moskvanı atəşkəs və sülh danışıqlarına məcbur etməyə, eyni zamanda Rusiya hava hücumundan müdafiə və kəşfiyyat sistemindəki zəiflikləri üzə çıxarmağa və onlardan faydalanmağa çalışa bilər. Lakin məsələ bununla məhdudlaşmır. Mövcud vəziyyət təkcə Rusiyanın hərbi gücünə və nüfuzuna zərbə vurmaqla kifayətlənmir.
Axar.az xəbər verir ki, bu barədə türkiyəli təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.
Onun sözlərinə görə, baş verənlər qlobal miqyasda daha təhlükəli nəticələr doğura bilər:
“Bu hücumlar qlobal nüvə balansının pozulması ehtimalını artırır. Rusiya nüvə doktrinasının təzyiq altına düşməsi riski yaranıb. Hədəfə alınan obyektlər təkcə nüvə başlığı daşımaq imkanına malik Tu-95, Tu-22M3 strateji bombardmançı təyyarələrinin və erkən xəbərdarlıq-idarəetmə sistemlərinə malik A-50 tipli təyyarələrin yerləşdiyi dörd hava bazası ilə məhdudlaşmır. Eyni zamanda, nüvə sualtı qayıqlarının qərargahlandığı Murmansk vilayətindəki Şimal Donanmasının əsas bazası — “Severomorsk” da hücum hədəfinə çevrilib”.
Ekspertin fikrincə, bu gedişat qlobal miqyasda ciddi qeyri-müəyyənlik və böhran riskini artırır. Nüvə potensiallı bu hücumlar Rusiyanın nüvə “üçlüyü” (hava, quru, dəniz) sisteminin ən azı iki komponentini həm fiziki, həm də nüfuz baxımından təzyiq altına alır və nəticədə Rusiya nüvə strategiyasının balansı pozulur:
“Hazırda Rusiyanın bu hücumlardan nə qədər zərər gördüyü və bu vəziyyəti necə qiymətləndirdiyi məlum deyil. Lakin ortada cavabı ağır bir sual var: Rusiya bu durumda nə edəcək? Qlobal nüvə balansının öz əleyhinə dəyişdirilməsinə, balansın zaman və dinamikasında baş verən pozuntulara və geosiyasi gücünün, çəkindirici təsirinin, həmçinin prestijinin hədəfə alınmasına qarşı hansı addımları atacaq?”
O əlavə edib ki, Rusiyanın rəsmi nüvə doktrinasına görə, hökumət və ya kritik hərbi infrastrukturun hücuma məruz qalması, nüvə qüvvələrinin fəaliyyətinin pozulması və ya cavab zərbəsi imkanlarının təhlükə altına düşməsi halında Rusiya nüvə cavabı verə bilər.
Ekspert sonda bu sualı da diqqətə çatdırıb:
“Rusiyaya bu hücumları həyata keçirən Ukrayna rəhbərliyi və onların arxasında duran güc mərkəzlərinin əsl planı nədir?”