ABŞ Prezidenti Donald Trampın Rusiyaya Ukrayna ilə atəşkəsə razılaşmaq üçün 50 gün vaxt verməsi müxtəlif cür şərh edilir. Bir qisim hesab edir ki, bunun Rusiya üçün ağır nəticələri olacaq. Çünki əgər 50 gün ərzində anlaşma olmasa, ABŞ Rusiyaya sərt gömrük qiymətləri tətbiq edəcək. Trampın rusiyalı həmkarı Vladimir Putindən çox məyus olduğu fikri də xatırladılır. Digərləri isə hesab edir ki, 50 gündən sonra da ciddi nəsə baş verməyəcək. Kreml sanksiyalardan çəkinmir. Əksinə, Rusiya 50 gün ərzində Ukraynanı daha intensiv şəkildə bombalayacaq. Bəzi hesablamalara görə, Rusiya 50 gün ərzində Ukrayna ərazisinə 25 mindən çox dorn və raket zərbəsi endirə bilər.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Buna baxmayaraq, Kreml 50 gündən sonra nələrin baş verəcəyi üzərində düşünmək məcburiyyətindədir. Əlbəttə, Putin Trampla münasibətləri gərginləşdirmək istəmir, ancaq Kreml sahibinin hədəflərinə çatmayana qədər müharibəni dayandırmaq fikri də yoxdur. Putin isə bu yay hədəflərinə çata bilməyəcək. Rusiya ordusu Ukraynada işğal ərazisini nisbətən genişləndirsə də, 4 bölgənin (Donetsk, Luqansk, Zaporojye və Xerson) administrativ sərhədlərinə çıxa bilməyib. Demək, müharibə ən azı ilin sonuna qədər davam edəcək. Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır. Atəşkəsin uzanması Putinə işğal ərazisini genişləndirməyə imkan verməyəcək. Ona görə də Putin Trampla münasibətlərin korlanmasına hazırlaşmalıdır”, - politoloq bildirib.
Onun sözlərinə görə, Putin başqa olmaqla, Rusiya rəsmilərinin Tramp barədə fikirlərini 180 dərəcə dəyişmələri asan olmayacaq:
“Putin Trampa Rusiyaya qarşı siyasətini sərtləşdirməkdən başqa seçim qoymadı. Bu arada, Kreml Pekinin dəstəyinə ümidlidir. Tramp Rusiya ilə enerji sahəsində əməkdaşlıq edən ölkələrə qarşı da sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Rusiyanın enerji sahəsində əsas tərəfdaşı Çindir. “Telegraf” nəşrində yayımlanan məqalədə Çinin Trampın hədələrindən çəkinməyərək Rusiyadan neft, qaz və digər mineral resurslar almaqda davam edəcəyi yazılıb. Məqalədə Pekinin Kremlə daha dərin dəstək verəcəyi bildirilib. Hazırda Vaşinqtonla Pekin arasında ticarət sahəsində danışıqlar davam edir. Çin ABŞ-la ticarət müharibəsində maraqlı deyil. Buna baxmayaraq, Çin Rusiya ilə enerji sahəsində əməkdaşlığını davam etdirərsə, Vaşinqton Pekinə qarşı sərt tədbirlər həyata keçirəcək. Bu iki ölkə arasında ticarət sazişinin üstündən xətt çəkəcək.
Beləliklə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi kənar ölkələr arasındakı münasibətlərə də mənfi təsir edir. Putinin atəşkəsə razılaşmaması Vaşinqtonu Çinə qarşı sanksiya tətbiqinə sövq edəcək. Putin bəlkə də bununla ABŞ-Çin münasibətlərinin gərginləşməsində maraqlıdır”.