Azərbaycan Respublikası Baş nazirinin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının
sədri Əli Həsənov iyulun 1-də ABŞ-ın ölkəmizdəki səfiri Robert
Sekutanın müraciəti əsasında onunla görüşüb.
Dövlətqaçqınkomun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki,
görüşdə Robert Sekuta aprel hadisələrindən sonra Yevlax, Bərdə,
Goranboy və Tərtər rayonlarına səfər etdiyini, orada məskunlaşan
məcburi köçkünlərlə görüşdüyünü, onların öz doğma torpaqlarına
qayıtmaq istəklərinin şahidi olduğunu, Bərdə rayonunun Yeni Daşkənd
ərazisində həyata keçirilən su təchizatı layihəsi ilə
maraqlandığını qeyd edib və təmas xəttində baş verən son
hadisələrin yenidən təkrarlanmaması üçün öz səylərini
gücləndirdiklərini diqqətə çatdırıb.
Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevin ABŞ-a
səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri xatırladıb və
bu görüşlərin Azərbaycan ilə Birləşmiş Ştatlar arasında
əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə
qaldırılmasına xidmət etdiyini bildirib. O, həmçinin Prezidentin
apardığı xarici siyasət nəticəsində Azərbaycan və ABŞ arasında hər
zaman yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin bu gün də inkişaf
etdiyini vurğulayıb.
Görüşdə Baş nazirin müavini ABŞ-a etdiyi səfərə toxunaraq
bildirib: "Bu il aprelin 19-21-də BMT Baş Assambleyası dünyada
narkotik probleminin müzakirəsi üçün xüsusi bir sessiya təşkil
etdi. Prezidentin tapşırığına əsasən həmin tədbirdə Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının sədri kimi mənim rəhbərliyimlə nümayəndə
heyəti də iştirak etdi və mən Azərbaycan hökuməti adından çıxış
etdim. BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında əsas
tribunadan birinci beş şəxsə söz verildi ki, onlardan biri
Azərbaycan nümayəndə heyəti oldu. Təbii ki, bu, Azərbaycan
dövlətinə və Prezidentinə olan münasibətdən irəli gələn bir məsələ
idi. Həmin xüsusi sessiyada bildirdik ki, əvvəllər əfqan narkotiki
ölkəyə üç marşrutla daxil olurdu, dördüncü marşrut kimi isə işğal
altında olan ərazilərdən istifadə edilir, yəni dövlət
sərhədlərimizin 132 kilometrinin bizim nəzarətimiz altında
olmaması, bilavasitə Ermənistanın nəzarəti altında olması
səbəbindən zəbt edilmiş həmin ərazilərdə Ermənistan tərəfindən
külli miqdarda narkotiklərin əkilib-becərilməsi, orada xüsusi
laboratoriyalar vasitəsilə onun hazırlanması və satışı üçün xaricə
göndərilməsi təşkil edilir. Ondan əldə olunan gəlirlərlə silah
alınması və bizim ölkəyə qarşı yönəlməsi faktlarını sadaladıq.
Bundan əlavə, bildirdik ki, orada xüsusi hərbi birləşmələrin
formalaşdırılması və dünyada olan konflikt zonalarına göndərilməsi
halları mövcuddur".
Aprel ayında baş vermiş hadisələrdən sonra Füzuli, Ağdam və
Tərtər rayonlarına səfəri haqqında məlumat verən Baş nazirin
müavini diqqətə çatdırıb ki, ermənilərin Ağdam, Tərtər və Ağcabədi
rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması
nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə
götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan
dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və
xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara
baxmayaraq, yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə
inanaraq doğma yerlərində yaşamaqda davam edir, Azərbaycan
dövlətinin, Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür
və yüksək qiymətləndirirlər. Ermənilərin təxribatçı hücumları
nəticəsində zərər çəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə
bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq.
Bundan başqa, məcburi köçkünlərə dəymiş maddi ziyan hesablanıb.
Onların hər birinə bankda hesab açılıb və bu vəsait onların şəxsi
hesabına köçürülüb.
Əli Həsənov, həmçinin vurğulayıb ki, 1993-cü ildə ermənilər
bizim mülki əhalini atəşə tuturdular. İnsanların arxasında güclü
ordu olmadığından onlar o əraziləri tərk etdilər. Bu ilin aprel
ayında ermənilərin təmas xəttində yerləşən yaşayış məntəqələrini
atəşə tutmaqla faşist Sarkisyan rejimi fikirləşirdi ki, yenə əhali
öz yerlərini tərk edəcək. Ancaq onlar səhvə yol verdilər. Onlar
bilməlidirlər ki, bu gün xalqın arxasında güclü ordu var. Hələ ulu
öndər Heydər Əliyevin vaxtında, 1993-cü ilin dekabrında Horadiz
əməliyyatı zamanı Prezident, xalq və ordu arasında birlik təmin
edildi. Bu birlik aprelin 2-5-də yenidən baş verdi. Bu gün
Azərbaycan Prezidenti ilə Azərbaycan xalqı və ordusu arasında
monolit birlik var və bunun nəticəsidir ki, aprelin əvvəllərində
ordumuz bu uğurları əldə etdi. Ermənilər dərk etməlidirlər ki,
sülhə gəlməkdən başqa yol yoxdur. Hesab edirəm ki, orada olan xalq
bunu bilir, ancaq hakimiyyətdə olan faşist rejimi bunu istəmir,
çünki onlar bu problemin üzərindən hakimiyyətə gəliblər. Bəzən
ATƏT-in Minsk qrupunun həmsədrləri deyirlər ki, bu xalqların
yenidən qonşuluqda yaşamaları üçün qarşılıqlı etimad lazımdır.
Ancaq onlar bilməlidirlər ki, bu xalqlar 200 il qonşuluqda
yaşayıblar və bundan sonra da yaşamalıdırlar. ATƏT-in Minsk qrupu
xalqlar arasında sorğu aparsalar onda onlar reallığı görərlər.
Burada zərər çəkən xalqdır. Ancaq xalq qalıb kənarda. Erməni xalqı
da bu problemin həll olunmasını çoxdan istəyir. Heç olmasa, bu
ölkənin faşist prezidenti öz xalqını fikirləşsin. Sarkisyan 20
ildir öz xalqına nə verib? Hər dəfə daxildə gərginlik yarananda
Sarkisyan rejimi atəşkəsi pozur və xalqın fikrini yayındırır.
Görüşdə səfir Robert Sekuta deyib ki, Dağlıq Qarabağ
münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır
vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə
baxdıqda demək olar ki, Azərbaycan onların problemlərinin həlli
istiqamətində çox böyük işlər görüb. "Buraya gəldiyim ilk gündən
belə bir fikir səsləndirmişəm ki, uzun illərdir insanların
yaddaşına hopmuş "dondurulmuş münaqişə" ifadəsi yanlışdır, belə bir
şey yoxdur. Aprel hadisələri zamanı Ermənistan tərəfi düşünürdü ki,
vəziyyət yenə də 1993-cü ildəki kimi olacaq. Amma onlar səhv
düşündülər, - deyə səfir qeyd edib.
Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta
məqsədinin iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə
vermək olduğunu deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin
həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, rəsmi
Vaşinqton cəbhə bölgəsinin təmas xəttində baş verən hadisələri çox
diqqətlə izləyir. Son dövrlərdə qoşunların təmas xəttində
gərginliyin artması bizi narahat edir. İnsan itkilərinin artması
bizi səylərimizi daha da artırmağa və sülhə nail olmağa çağırır. Bu
problemin həll olunması üçün birgə səylər göstərmək lazımdır.
Azərbaycan ilə ABŞ arasında bir sıra sahələrdə geniş imkanların
olduğunu söyləyən səfir bildirib ki, mövcud imkanlar hesabına
əlaqələri daha da genişləndirməliyik.
Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun
müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan
Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən
biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu
istiqamətdə səylərini artıracaq.
Sonda Əli Həsənov nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının
Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan heç vaxt öz əzəli
torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan
verməyəcək. Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Biz
problemin sülh yolu ilə həll olunmasını istəyirik. Prezident, eyni
zamanda, bildirib ki, biz istəmirik erməni analarının da gözləri
yaşlı olsun. Bu, Azərbaycan Prezidentinin humanistliyidir,
insanpərvərliyidir.