Ana səhifə Hadisə |
Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…
(II yazı – Şirvan mahallarının qısa tarixçəsi)
Keçən yazıda qeyd etdik ki, 1820-ci ildə xanlıq ləğv edilərkən Şirvanın 17 mahalı vardı: 1. Xançoban; 2. Qoşun; 3. Hauz; 4. Qəbiristan; 5. Muğan; 6. Nəvahi; 7. Ğəssani; 8. Qarasubasar; 9. Lahıc; 10. Qarabağlar; 11. Sərdərin; 12. Rudbar; 13. Xazayurd; 14. Elat; 15. Bölükət; 16. Əkərət; 17. Salyan.
Mahallardan 10-u haqqında artıq məlumat vermişik. Bu yazıda sıra ilə Sərdərin, Rudbar, Xazayurd, Elat, Bölükət, Əkərət və Salyan mahalları haqqında ümumi məlumat verəcəyik.
XI
Sədari (Sərdərin) mahalı Ucar, Göyçay, Sabirabad, Kürdəmir və Ağdaş rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 9 oba (Muğanlı, Türkman, Müsüslü, Murtı, Xəlilli, Kürd, Şıxlı, Bağırbəyli, Cakirli) və 37 kənddə (Bərgüşad, Qaracallı, Şıxəmir, Hacalı, Şəkili, Yalmən, Dulusçu Çarxı, Yenikənd, Qaziyan, Bığır, Çiyni, Çaxırlı, Əlikəndi, Şıxbəy, Mollahacılı, Qaraxıdır, Danabasan Türkədi, Məlikkəndi və Alpı, Kəlbəndə, Qurd, Şaharxı, Ləki, Çərəkə, Bevdəvil, Kürdşaban, Alxasova, Qulabənd, Çayarxı, Pirkəndi, Küçəgədi, Qarabucaq, Şıxnəsir, Alpout, Şəkər, Keşxurd, Ərəb, Bozavand) 1210 ailə yaşayırdı.
Sədari mahalının sakinləri əsasən türklərdən, türkləşmiş ərəb və kürdlərdən ibarət olmuşdur. Sədari mahalı haqqında Osmanlı və yerli mənbələrdə məlumat verilir. Xanlıq dövründə “Sədari” kimi yazılan mahal adı sonralar “Sərdərin” kimi qeyd olunmuşdur. Anlaşılan odur ki, mahal bəyi həm də Şirvan ordusunun sərdarı olduğu üçün belə adlanmışdır. Sədari adına Quba xanı Fətəli xan və Şəki xanı Məhəmmədhəsən xan arasında Şirvan xanlığının bölüşdürülməsi zamanı da rast gəlinir. Belə ki, XVIII əsrin 60-ci illərində Sədari və Ğasani mahalları Şəki xanlığına keçmişdir.
Abbasqulu ağa Bakıxanov yazır ki, 1794-cü ildə şəkili Məhəmmədhəsən xan və qubalı Şeyx Əli xan Şirvan xanı Qasım xana yardım üçün Ağsu şəhəri üzərinə gəldilər. Bir neçə aylıq mühasirədən sonra bir gün güclü yağış və şiddətli seldən çadırlar xəsarətə uğradı. Ordunun vəziyyəti xarablaşdı. Mühasirədəkilər Sədari Ömər sultanın sərkərdəliyi ilə hücuma keçib, mühasirə edənləri məğlub etdilər. Şeyx Əli xan və Məhəmmədhəsən xan öz mülklərinə qayıtdılar. Qasım xan da Quba ilə Şəki arasında olan Qaraburqa dağında özünə sığınacaq tapdı. Sədari mahalının bəyi Ömər sultan Talış və Şirvan xanlarını barışdırmaq istəmiş, bu məqsədlə özü elçilik də etmişdir. Ömər sultanın nüfuzunun Şirvan xanının yanında yüksək olması mahalın idarə olunmasında da özünü göstərmişdir.
Sərdərin mahalının sakinləri əkinçilik, maldarlıq, xalçaçılıq, üzümçülük və baramaçılıqla məşğul olurdular. 1821-ci ildə mahalın naibi Ömər Sultanın oğlu Hacı Abdulla bəy idi.
XII
Rudbar mahalı Sabirabad, Saatlı, Neftçala və Hacıqabul rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 19 kənddə (Cavad, Dabbaqlar, Bəlvan, Qaralı, Yenikənd, Qazılı, Əhmədbəyli, Quruzmanlı, Abdulyan, Yenicə, Mustafalı, Axtaçı, Meynimən, Kovratlı, Surra Atamoğlan, Surra Ağabədəl, Surra Məmməd, Surra Abdulla bəy, Əlimədətli) 422 ailə yaşayırdı. Rudbar mahalının sakinləri əkinçilik və baramaçılıqla məşğul olurdular.
İran İslam Respublikasının Gilan bölgəsindəki Rudbar şəhəri ilə əlaqəsinin olduğu ehtimal edilir. Hazırda həmin şəhərin əhalisinin əksəriyyəti tatlardır. “Rudbar” fars dilində “böyük çay kənarı” deməkdir. Kür çayının kənarında yerləşən kəndləri əhatə etdiyi üçün belə adlandırılmışdır.
Abbasqulu ağa Bakıxanovun da qeyd etdiyi kimi, Rudbar bəyləri ilə Dağıstan feodallarının qohumluq əlaqələri vardı. Qubalı Fətəli xanın Rudbar və Salyan mahallarına meyl etməsi bu qohumluq əlaqələrindən irəli gəlirdi. Quba bölgəsində tat əhalinin sayının artması da məhz Rudbar ailəsinin hakimiyyətdə olması ilə əlaqədardır. Maraqlıdır ki, Şirvanın Rudbar mahalındakı bütün kəndlərin əhalisi türk dilində danışırdılar. XVII-XVIII əsrlərdə Rudbar mahalındakı Cavad kəndi şəhər kimi də tanınmışdır. Əslində Səfəvilər dövründə Salyan və Rudbar mahallarının tarixi bir-biri ilə sıx bağlı olub, qohum bəylər tərəfindən idarə olunub.
Rudbar bəylərinin Şirvan xan ailəsi ilə də qohumluq əlaqələri olmuşdur. Belə ki, Şirvan xanı Ağası xanın bacısı Qızana xanım Rudbar bəylərindən Şərif bəyin oğlu Cəfər ağa ilə evlənib. Onların izdivacından bir qızları – Xasə xanım dünyaya gəlib. Xasə xanım isə Axtaçı bəylərindən Hacı Əbdülkərimin oğlu Yolçu bəylə evlənib. Rudbar mahalında Axtaçı kəndinin oturaqlaşması da məhz bu izdivacla əlaqədar olmuşdur. Şirvan xanı Ağası xanın oğlu Cəfər bəy də 1810-cu ildə Rudbar bəylərindən Gəray bəyin qızı Soltan bikə ilə evlənmiş, Kərim bəy, Cavad bəy, Nuh bəy adlı oğlanları, Ümmisələmə xanım və Zabitə bəyim adlı qızları doğulmuşdur. Soltan bikə Sabirabaddakı Baba Səməd qəbiristanlığında dəfn edilmişdir. Şirvan xanları ilə əmioğlu olan Şıxəli bəyin oğlu Şahbaz bəy (1803-1836) də Rudbar mahalının naibi Darğa Məhəmməd xanın qızı Cahanbanu bikə ilə evlənib. Onların nəsli uzun müddət Ağsu rayonunun Bico(v) kəndində yaşamışdır.
XIII
Xazayurd mahalı İsmayıllı və Göyçay rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 2 oba (Haputlu və Şıxlı) və 7 kənddə (Mican, Qalınçaq, Xanağalı, Qalaq, Üştala, Yenikənd, Uruşan) 551 ailə yaşayırdı. Mahalın sakinləri əsasən türklər, qrızlar (haputlar), müsəlman və xristian tatlardan ibarət olmuşdur.
“Xazayurd” adı “Xəzəryurd” kimi anlaşılır. Müsəlman mənbələrinin qeyd etdiyi kimi, həqiqətən VIII əsrin əvvəllərində mahalın əhatə etdiyi ərazidə çoxsaylı xəzər ailələri məskunlaşıb. Şirvan xanlığında yerləşən Ğassani, Xəzər və Hauz mahallarının məskunlaşan xəzər nəsilləri ilə bilavasitə əlaqəsi vardır. Xəzərlərin tarixini və mədəniyyətini araşdırmadan həmin mahalların tarixi və etnoqrafik mənzərəsini yaratmaq yarımçıq iş olacaqdır.
Xəzər dövləti Qərbi Türk imperiyasının yerində yaranmış, təxminən 650-1048-ci illərdə mövcud olmuşdur. Xəzərlər əvvəlcə Tenqri inancına sahib olmuş, sonralar yəhudi, xristian və islam dinlərinin yayılma arealına daxil olmuşlar.
“Xəzər” adının etimologiyasına dair çoxsaylı izahlar verən müəlliflər onu Uyğur bölgəsi ilə əlaqələndirmiş, Qasar/Xəzər variantı üzərində durmuşlar. Sergey Klyaştornı runi əlifbası ilə uyğur dilində olan mətnlərdən birində “Qasar Qadir” adının çəkilməsini də məhz “Xəzər”lə əlaqələndirir. Oğuz adının ilkin variantı hesab olunan “Oğur” adının Xəzər coğrafiyasında geniş yayılmasını da daha əvvəlki ayrılma və köçlərlə izah edirlər. İstənilən halda xəzərlərin türklüyü və Türküstandan yayılması şübhə doğurmur.
Xazayurd mahalının adındakı “yurt” sözü də türk dilində olub, bütün türk dillərində eyni mənada işlənir. Xazayurd ətrafı kəndlərin tarixçəsini araşdırarkən dini inanca nisbətdə etnik kimliyi əsas almaq lazımdır.
Xazayurd mahalının sakinləri əkinçilik, bağçılıq, baramaçılıq və ipəkçiliklə məşğul olurdular. Mahalın naibi Azay Sultan idi.
XIV
Elat mahalı Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisindəki kəndlərdə məskunlaşmışlar. Burada 1821-ci ildə 20 obada (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Talış, Şamlı, Göylər) 1016 ailə yaşayırdı. Elat mahalının əhalisi əsasən türklərdən ibarət olmuşdur. Lakin türkləşmiş ərəb və tat ailələrinə də rast gəlinirdi.
Elat mahalının adı hazırda “Ələt” qəsəbəsinin adında qalıb. Elat mahalı indiki Ələt qəsəbəsi bölgəsini də əhatə etmişdir. Elat mahalının sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular.
XV
Bölükət mahalı Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 10 kənddə (Ağsu, Kürdəmir, Qarasaqqallı, Nöycü, Cəyli, Külüllü, İsmayıllı, Mollaəlioğlu, Şıxməzid, Ağrı) 300 ailə yaşayırdı. Bölükət mahalının sakinləri bağçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, çəltikçiliklə məşğul olurdular.
Şirvan xan ailəsinin əsas mülkləri Bölükət mahalında yerləşirdi. Əgər Xançoban mahalının obaları xan ailəsi ilə bağlı idisə, Bölükət mahalının da kəndləri xan nəsli ilə bağlı idi. Oturaq yaşayış yerləri olduğu üçün həmin kəndlərin əhalisi xan mülklərində işləyən gəlmələrin hesabına da artırdı. Kəndlərin hamısı türklərdən təşkil olunmuşdu.
“Bölükət” adı türk dilində “bölük” sözündən və ərəb dilində “-ət” cəm şəkilçisindən yaranıb, “bölüklər” deməkdir. 1821-ci ildə Şirvan xanı Mustafa xanın naziri Hacı Hüseyn bəyin qardaşı Cəfər bəy Bölükət mahalının naibi idi.
XVI
Əkərət mahalı Göyçay, İsmayıllı və Saatlı rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 7 kənddə (İncə, Kürdmaşı, Yekəxana, Qaraməryəmli, Qarabaqqal, Qaraman, Saatlı Seyidlər) 160 ailə yaşayırdı. Əkərət mahalının kəndləri əsasən türklərdən təşkil olunmuşdur. Əhalisi əkinçilik, bağçılıq, pambıqçılıqla məşğul olurdular. Mahalın naibi Məlik Kərim idi.
“Əkərət” adı türk dilində “əkər/əkinçi” sözündən və ərəb dilində “-ət” cəm şəkilçisindən yaranıb, “əkərlər, əkinçilər” deməkdir (At/ət Şumerlərdə də cəm şəkilçisi kimi olub – red.) Adından da göründüyü kimi, mahalın sakinləri əsasən əkinçiliklə məşğul olmuşlar.
XVII
Salyan mahalı Salyan və Neftçala rayonlarının ərazisində mövcud olmuşdur. Bu mahalda 1821-ci ildə Salyan, Seyidan Şahsevən, Əhmədbəyli, Novruzəlibəyli, Məmmədəlibəyli, Qaramanlı, Bayat, Surra, Xocaçobanlı, Arbatan, Qızılağac, Ərəbqardaşbəyli, Gəzəmənarxı, Marışlı, Şilli, Sarvan, Şorsulu-Xilli, Ballıca, Beşdəli, Ərdəbilli kəndləri vardı. Salyan mahalının sakinləri əkinçilik, üzümçülük, balıqçılıq, çaparlıq, arabaçılıq, duz istehsalı, tüccarlıq, dəmirçilik, dülgərliklə məşğul olurdular.
Şirvanşahların hakimiyyətinin son illərində Salyan nahiyəsinin adı çox çəkilir. 1535-ci ildə Şirvanşah Şahrux və Şeyxşah İbrahim oğlu Dərviş Məhəmməd arasındakı hadisələrdə Salyanın adı xüsusilə xatırlanır. Mənbələrdən anlaşılır ki, Səfəvilər dövründə Şirvan bölgəsində şiəliyin yayılması mərkəzlərindən biri məhz Salyan olmuşdur.
Abbasqulu ağa Bakıxanov yazır ki, 1725-ci ildə noyabrın 9-da Rusiyaya gedən bu yerlərin sərdarı general-leytenant Matyuşkin qayıdıb Bakıya gəldi və burada podpolkovnik Zimbulatovun başına gələn hadisə ilə tanış oldu. Zimbulatov öz batalyonu ilə gedib Kür çayı sahilində o yerin hakiməsi, Salyan sultanı Həsən bəyin xanımı - Qəbuli xanımın sarayı qarşısında ordugah qurubmuş. O, müəyyən bir şəhər salmaq üçün tədarükdə imiş. Qəbuli xanım, dostluq və ixlas göstərib, bir gün onu bütün zabitləri ilə bir yerdə qonaq çağırıbmış. Xörək yeyildiyi zaman otağa silahlı adamlar girib, onların hamısını öldürmüşlər. Əsgərlər bu halı görüncə, orda qalmış bir xəstə zabitlə öz gəmilərinə minib, Bakıya qayıdıblarmış. Təəccüblü burasıdır ki, Pyotr qabaqcadan bu xüsusda general Matyuşkinə yazıb bildirmişdi ki, «Salyan hakiməsi xanım oğruların böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin». Həmin dövrdə ruslar Bakıdan gedib Salyanı ələ keçirdilər və orada kiçik bir qala tikdilər. Həsən bəy qaçıb Dağıstan və Şirvan qiyamçılarına qoşuldu.
Salyan mahalının tarixi Rudbar bəyləri və Quba xanları ilə sıx bağlıdır. Hələ Nadir şah sağlığında Salyan mahalını Quba xanı Hüseynəli xana dövlətə xidmətlərinə görə bağışlamışdı. Hüseynəli xan özünü Quba və Salyanın xanı adlandırırdı. Hüseynəli xan oğlu Fətəli ağanı 1756-cı ildə göndərərək Salyanda hakimlik edən qohumu rudbarlı İbrahim xandan mahalı geri almışdır. Salyan mahalı uzun müddət Quba xanlığına bağlı qalmışdır. Fətəli xan həbs etdiyi feodalları əksərən Salyanda saxlayırdı. 1789-cu ildə Şirvan xanı Məhəmmədsəid xan, oğlanları İsgəndər bəy və Mahmud bəy, kürəkəni Ağarəzi bəyin oğlu Murtuzəli bəy Fətəli xan tərəfindən məhz Salyanda edam etdirilmiş və orada dəfn olunmuşdur. Şirvan xanlığı Quba xanlığına rəsmən birləşdiriləndə Salyan mahalının hakimi avarlardan Umma xan olmuşdur. Fətəli xanın oğlu Əhməd xan Quba xanı olanda digər oğlu 13 yaşlı Şeyxəli xan Salyanın naibi idi. Şeyxəli xan Quba xanı olanda 7 yaşlı qardaşı Həsən ağa Salyan mahalının naibi təyin olundu. Qraf Valerian Zubov Azərbaycana gələrkən Salyanda oturan Həsən xan Qubaya qayıtdı. Rudbarlı İbrahim xanın qardaşı oğlu Məhəmməd xan Salyanı ələ keçirdi, Əmir Kəlbəli sultanın oğlu naib Mir Qubad sultanı oradan çıxartdı. 1799-cu ildə Quba qoşunu rus qayıqları ilə gedərək Salyanı aldı. Şeyx Əli xan 4000 ləzgi ilə oraya getmişdi. Ramazan ayında öz yaxın adamlarının təhrikilə, zülmkarlığa və günah işlər görməyə başladı. O, qayıdandan sonra şirvanlı Mustafa xan Rudbar əmirlərinin köməyi və salyanlıların təklifi ilə gedib Salyanı aldı. Şəhəri köçürüb, dörd ağac yuxarıda, indiki yerində bina etdi. Hakimliyini də İbrahim xanın oğlu Əli xana verdi. Bir müddətdən sonra buranı bölüşdürüb Əli xana və onun əmisi oğlu Məhəmməd xana verdi. Lakin Əli xan tez bir zamanda Məhəmməd xanı həbsə alıb, Talış xanı Mir Mustafa xanın himayəsi altına keçdi. Lakin salyanlılar Əli xandan narazı idilər və Şirvan xanı Mustafa xanla əlaqə saxlayırdılar. Tezliklə Mustafa xan Salyanı ayrıca bir mahal kimi Çirvan xanlığına birləşdirdi. Rusiyaya birləşdirilərkən Salyan mahalı Şirvan xanlığı tərkibində idi.
Salyan mahalının mərkəzi Salyan qəsəbəsi idi. 1831-ci ildə qəsəbədə 36 ailə yaşayırdı. Əhalisi tamamilə ticarətlə məşğul olurdu. Tacirlərin siyahısı belə idi: Məşədi Həsənəli Babaxan oğlu, Tağı Kərbəlayi Rəhim oğlu, Əsgərəli Hacı Novruzəli oğlu, Hüseyn Kərbəlayi Dədə oğlu, Hacı Hüseynağa Mehdi oğlu, Novruz Məmmədəli oğlu, Rza Məmmədqulu oğlu, Hüseyn Kərbəlayi Rəsul oğlu, Sadıq İsmayıl oğlu, Həsən Əlibaba oğlu, Həsən Abdulla oğlu, Məşədi Qasım Ağacan oğlu, Məşədi Tağı Allahverdi oğlu, Məmmədqasım Məmməd oğlu, Hacı Novruz Ələkbər oğlu, Məmmədbağır Kərbəlayi Məmmədəli oğlu, Qadir Kərbəlayi Hüseynəli oğlu, Məmmədbağır Kərbəlayi Şahbaz oğlu, Məmməd Məmmədəli oğlu, Kərbəlayi Mehdixan Seyidəli oğlu, Qasım Səfərəli oğlu, Kərbəlayi Novruzəli Mikayıl oğlu, Məmmədqasım Hacı Ələsgər oğlu, Ağazaman Mirzəbaba oğlu, Təhməz Murtuzaqulu oğlu, Məşədi Əli Mirzə Məhəmməd oğlu, Xəlil Novruz oğlu, Molla Məhəmməd Molla Ağamhüseyn oğlu. Salyan qəsəbəsinin maafları isə Məşədi Əli bəy Məmməd oğlu və Hacı Ağa İmamqulu oğlu idi. Həmin illərdə Salyan qəsəbəsinin həkimi Mirzə Ağarəhim Ağabağır oğlu olub. Qəsəbədə iki rəncbər də yaşayırdı: Qulu Bəndəli oğlu və Kərbəlayi Səbzəli Mirzəli oğlu. Qəsəbənin kovxası isə Hacı Rza Ağa Tağı oğlu olmuşdur.
“Salyan” adının fars dilindən “illik alınan vergi” mənasında olduğu da ehtimal edilir. (14-cü əsrə qədər ərazinin mərkəzi kimi Mahmudabad məşhur olub. Hazırkı Salyan o şəhərdən 2 km solda yerləşdiyi üçün bəzi tədqiqatçılar Salyan adını “sol tərəf” kimi də izah edir. Digər versiya isə Kürün sahilində yerləşən bu şəhərin “sal yan” – “salın yan aldığı yer” kimidir - red).
***
Sıra ilə Şirvan xanlığının bütün oba və kəndləri haqqında, tarixi və indiki etnoqrafik durumu haqqında məlumat verəcəyik. İlk araşdırılan obamız Axtaçı obasıdır.
Fariz Xəlilli
Tarix üzrə fəlsəfə doktoru
Tarix
2017.04.10 / 14:41
|
Müəllif
Kult.az
|
Oxunub
8 149
|