Yuxarı

Rumıniyada xalq yazıçımızla bağlı konfrans keçirildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Yassı Dövlət Universiteti və Qazaxıstanın Lev Qumilyov adına Dövlət Universitetinin Rus filologiyası kafedrasının təşkilatçılığı ilə xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr olunan onlayn elmi konfrans keçirilib.

Kult.az xəbər verir ki, “Kamal Abdullanın çoxşaxəli yaradıcılığı dünya ədəbiyyatı kontekstində” adlanan konfransda Moskva Dövlət Pedaqoji Universiteti, Qazaxıstan Dövlət Universiteti, Kişinyov Pedaqoji Universiteti, Tbilisi Dövlət Universiteti, Yassı Dövlət Universiteti və Ukrayna Sum Dövlət Universitetindən alimlər, o cümlədən tələbə, magistr və doktorantlar iştirak edib.

Yassı Dövlət Universitetinin dosenti, tanınmış tərcüməçi və ədəbiyyatşünas alim Lüdmila Bejenarunun moderatorluğu keçirilən konfransda yazıçının yaradıcılığı bir neçə aspektdə təhlil olunub.

İngilis, rus və rumın dillərində təqdim olunan məruzələrdə müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanı, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə həsr olunan elmi fəaliyyəti, poeziyası, dramaturgiya yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb. Milli ədəbiyyat və mədəniyyətlərin müasir dialoqunun dünya mədəni məkanına inteqrasiyası haqqında danışan alimlər qloballaşma, millilik, ənənəvi modellərdən təcrid, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zəngin və hələ də kifayət qədər yaxşı öyrənilməmiş mifopetik keçmişi haqqında maraqlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Məruzəçilərə görə, xalq yazıçısı Kamal Abdullanın yaradıcılığının əsasını Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zəngin keçmişi təşkil edir.

“Sehrbazlar dərəsi” romanının rumın dilinə tərcüməçisi olan L.Bejenaru əsərə ölkəsində olan maraqdan danışıb. O, yazıçının əsərlərinin türk, rus, ingilis, fransız, alman, gürcü, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tərcüməçi-alim artıq 4-cü ildir ki, Yassı Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin uğurla tədris olunduğunu deyib.

Konfransda Ukraynanın Sum Dövlət Universitetinin əməkdaşı Anastasiya Çasovski “Kamal Abdullanın yaradıcılığının müasir qavranması və təhlili” adlı məruzə ilə çıxış edib. İngilis dilində təqdim olunan məruzədə Şərq mədəniyyəti, şaman-dərviş mədəniyyəti, bütün zamanlarda insanlığı düşündürən məhəbbət və nifrət, müharibə və sülh, qisas və bağışlama ilə bağlı məsələlər təhlil olunub.

Yassı Dövlət Universitetinin alimi Liviya Kotorça “Yarımçıq əlyazma” romanını bədii və tarixi planda təhlil edib. O, qeyd edib ki, romanda tarixlə ədəbiyyatın həm mükəmməl tandemini, həm də sintezini görürük.

Daha sonra Moskva Dövlət Universitetinin alimi Oksana Kozlova “Kamal Abdullanın romanlarının tərcüməsi və rus mədəni mühitindəki yeri” adlı məruzə ilə çıxış edib.

Kişinyov Dövlət Universitetinin əməkdaşı Qabriela Topor, Gürcüstan Dövlət Universitetinin alimi İndina Caqana Xalq yazıçısı Kamal Abdullanın dilçilik, dramaturgiya, poeziya istiqamətindəki fəaliyyətini təhlil ediblər. Məruzəçilər bildirib ki, müəllif hər üç istiqamətdə böyük uğurlu əsərlər yaradıb, onlarda fəlsəfəni, dünyanı və insanlığı maraqlandıran suallara cavab tapmaq olur.

Daha sonra Rumıniyanın Yassı Dövlət Universitetinin alimi Kristina Veskeuçan “Sehrbazlar dərəsi – roman kainat” adlı məruzəsi dinlənilib. Alim 2019-cu ildə Buxarestdə keçirilən beynəlxalq kitab yarmarkasında “Sehrbazlar dərəsi” romanının təqdim olunduğunu xatırladıb.

Daha sonra konfrans öz işini “Rumın tələbələrinin yazıçı Kamal Abdulla ilə dialoqu” adlı dəyirmi masa ilə davam edib.

Onlayn görüşdə 2019-cu ildə Rumniyanın Mərkəzi Kitabxanasında Kamal Abdullanın kitablarından ibarət keçirilən sərginin video-roliki nümayiş olunub, Buxarestdə “Sehrbazlar dərəsi” romanının təqdimatında lentə alınan videomaterial göstərilib, müəllifin şeirləri tələbələrin ifasında Azərbaycan və rumın dillərində təqdim edilib.

Xalq yazıçısı, akademik Kamal Abdulla konfransın keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, öz çıxışında Azərbaycanın erməni işğalçıları üzərində qazandığı tarixi qələbəyə diqqət çəkib, ölkəmizdəki multikultural mühit haqqında danışıb. K.Abdulla qeyd edib ki, Azərbaycan öz əzəli torpaqlarını düşməndən geri alıb, işğaldan azad olunan ərazilərdə yaşamaq üçün quruculuq işləri aparılır: “Qarabağ qədim Azərbaycan torpağıdır, qədim mədəniyyət mərkəzidir. Azərbaycan tarixən multikultural ölkə olub. Burda həmişə müxtəlif xalqlar bir yerdə yaşayıblar, öz mədəniyyətlərini, adət-ənənələrini azad, sərbəst şəkildə ifadə ediblər, yaşadıblar. Bu multikultural atmosfer bu gün də davam etməkdədir. Mərkəzimiz Multikulturalizm yay-qış məktəbləri təşkil edir. Böyük məmnuniyyətlə Yassı Universitetinin tələbələrini bu məktəbə dəvət edəcəyəm. Gənc alimlər azərbaycanlı həmkarları ilə birlikdə Azərbaycan multikulturalizmini araşdıracaq, müzakirə edəcək, öyrənəcəklər”.

Tarix
2020.11.27 / 19:13
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla