DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə San
Marino yığması ilə qarşılaşacaq futbol üzrə Azərbaycan millisi
artıq adıçəkilən ölkəyə çatıb.
Report-un
məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından
çarter reysi ilə yola düşən yığma ilk olaraq İtaliyanın Federiko
Fellini adına Rimini şəhər Hava Limanına ayaq basıb.
Saat 16:00-da yola düşən komanda 4 saatlıq uçuşdan sonra Avropa
ölkəsində olub. Oradan San Marinoya gedən milli "Best Western
Palace Hotel" mehmanxanasında məskunlaşıb. Robert Prosineçkinin
rəhbərlik etdiyi yığma ilə birlikdə səfərə AFFA rəsmiləri,
Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, İcraiyyə Komitəsinin
üzvü İsgəndər Cavadov, Həvəskar futbolçuların "MFL San Marino
Kuboku"nun qalibi olan "Yuventus Baku"nun üzvləri və bir qrup
futbol azarkeşi San Marinoya gəlib.
Millini məskunlaşdığı mehmanxanın qarşısında azsaylı
azərbaycanlı azarkeşlər qarşılayıb, şüarlar səsləndirib, komandanı
qələbəyə çağırıb.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə C qrupunda
yarışacaq. Digər rəqiblərimiz Almaniya, Çexiya, Şimali İrlandiya və
Norveç yığmalarıdır. San Marino-Azərbaycan matçı sentyabrın 4-ü,
Bakı vaxtı ilə saat 20:00-da, San Marino Şəhər Stadionunda
keçiriləcək.