Misir-Argentina oyunu göstərdi ki, bütün ölkələr futbol oynamağı bacarır. Çox gərgin, çox maraqlı oyun izlədik. Misir Dünya çempionatına boşuna gəlmədiyini bir daha sübut etdi. Təbii ki, hakim qərarları ilə bağlı birmənalı fikir bildirmək çətindir.
Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Natiq Muxtarlı DÇ-nin 1/8 finalında Argentinanın Misiri 3:2 hesabı ilə məğlub etdiyi matçı şərh edərkən deyib.
Onun sözlərinə görə, Misirə qarşı haqsızlıqlar oldu və Misirin baş məşqçisi Husam Həsən oyundan sonra etdiyi etirazlarda müəyyən qədər haqlıdır:
“Əgər Misirin qolu sayılmadısa, eyni şəkildə Argentinanın üçüncü qolu da sayılmamalı idi. Argentinanın üçüncü qolunda da Misir oyunçusuna qarşı qayda pozuntusu var idi. Digər tərəfdən, daha əvvəl də bir oyunçunu yıxmışdılar, ancaq o epizodu ümumiyyətlə ekrana gətirmədilər. VAR o epizoda niyə müdaxilə etmədi? Misirin futbolçuları hakimdən tələb elədilər ki, baxsınlar. Baş məşqçinin “bu marketinq işidir” deməsi əslində həqiqətdir”.
Ekspert futbolun biznes və gəlir mənbəyi olduğunu hesab edir:
“Burada FİFA külli miqdarda pul qazanır. Bu milyardları qazanmaq üçün də müəyyən vasitələr lazımdır. O vasitələrdən biri, sözsüz ki, Lionel Messidir. Messi təkcə meydanda baxımlı futbol oynamır, həm də pul qazandırır.
Messi gücdür, puldur, biznesdir. Təkcə Messi yox, Kristiano Ronaldo da elədir. Qarşıda hələ xeyli oyun var. Burada rəqabət olmalıdır. Bəs rəqabət kimin arasında olacaq? Lionel Messi – Kilian Mbappe rəqabəti DÇ üçün brenddir.
2022-ci il Dünya Çempionatının finalında Argentina ilə Fransadan əlavə, həm də Messi ilə Mbappenin qarşıdurmasını izləmişdik. İndi o final niyə təkrarlanmasın? Buna görə də pərdəarxası müəyyən oyunlar, tapşırıqlar ola bilər”.
Natiq Muxtarlı bildirib ki, Misirin məğlubiyyətini tamamilə bu məqamlara kökləmək istəmir:
“Misir 75-ci dəqiqəyə qədər 2:0 öndə olduğu halda, səbirsizliyi ucbatından məğlub oldu. Digər tərəfdən isə Messi oyunu öz üzərinə götürdü. Messi sübut etdi ki, dahidir və futbol tanrısı onun yanındadır. Messi təkbaşına oyunun gedişatını dəyişdi.
Misir ləyaqətlə mübarizə apardı. Messi isə Messi olduğunu bir daha sübut elədi. Nə qədər mən Misirin baş məşqçisini haqlı çıxarmağa çalışsam da, ortada Messinin gördüyü iş var. Messi meydanda sadəcə möcüzə göstərdi”.