Yuxarı

“Erməni idmançı dedi ki, vuruşa bilmirəm, gəl, özün vuruş” - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Erməni idmançı dedi ki, vuruşa bilmirəm, gəl, özün vuruş” - Foto

- Alo... Yox, Aynur xanım, mən sizi idman mərkəzində gözləyirəm, kompleksdə deyil.

Bir qədər düşündüm; axı doğrudan da idman kompleksi təmirə bağlanıb! Xeyli yol geri qayıdaraq kikboks üzrə 20 qat dünya çempionu Eduard Məmmədovun məşq etdiyi mərkəzə yaxınlaşdım. Yol boyu düşünürdüm: "Əsl məşqçidir! Məni bu qədər yol qət etməyə vadar etdi".

Onu görən kimi dərhal haqqında bütün oxuduqlarım və bildiklərim gözümün önündən keçdi. Eduard Məmmədov: "Ağ canavar" ləqəbli 6 qat Avropa, 20 qat dünya çempionu, qeyri-olimpiya idman sahəsində inkişafa görə Prezident İlham Əliyev tərəfindən şəxsən Fəxri fərman və Vətən uğrunda uğur və cəfakeşliyinə görə "Vətən ordeni" döş nişanı ilə təltif edilən, saysız-hesabsız titul və fərmanlara layiq görülən 3 ali təhsilli, Əməkdar məşqçi adı almış və DİN-də mayor rütbəsində çalışan adam.

- Eduard müəllim, bu gün bazar günüdür, amma siz məşq zalında tələbələrinizə dərs keçirsiniz. Hətta istirahət günləri dincəlmirsiniz. Neçə tələbəniz var?

- Mən "Neftçi" idman klubunda məşqçi kimi fəaliyyət göstərirəm. Klubun direktoru Sadıq Sadıqov tələbələrimlə məşğul olmaq üçün geniş şərait yaradıb. Gənclər və idman naziri Azad Rəhimovun idman sahəsinə ayırdığı diqqət və qayğısı nəticəsində biz xeyli uğurlara imza atmışıq. Ümumilikdə, yüzdən artıq tələbəm var - beş yaşından əlli yaşına qədər.

- Eduard Məmmədov özü kimi idmançı yetişdirə biləcəkmi?

- Mənim yetişdirdiyim tələbələr arasında dünya, Avropa çempionları var. Fəxrlə onların adlarını çəkə bilərəm: ən zəif tələbəm əsgərlikdən fəxri fərmanla, mükafatla qayıdır. Onları məşqdə artıq psixoloji olaraq çətinliklərə hazırlayıram. Mən həmişə tələbələrimə deyirəm: "Öncə Vətəndir. Bildiyiniz kimi, 20% torpağımız işğal altındadır. Əgər Ali baş komandan əmr etsə ki, əlcəkləri çıxarın və silaha sarılın, biz dərhal döyüşə hazır olmalıyıq".

- Saysız-hesabsız yarışlarda iştirak etmisiniz. Ən çətin döyüşünüz hansı olub?

- Həyəcanlı döyüşlər düşmənlərimizlə olub. Erməni idmançılarının ən böyük arzuları mənə qalib gəlmək idi və onlar mənimlə yarışa peşəkar idmançıları çıxarırdılar. Lakin mənim sayəmdə rinqdə onları yalnız nokaut və nokdaun gözləyirdi. 2000-ci ildə Yunanıstanın Tesolinik şəhərində keçirilən yarışlarda erməni idmançısını yarımfinalda 15 saniyəyə nokaut vəziyyətinə saldım. Erməni məşqçi qışqırırdı: "Dur vuruş, qalx ayağa!" Yerdə uzanan idmançı isə məşqçiyə əli ilə işarə edərək cavab verdi ki: "Vuruşa bilmirəm, get özün vuruş".

Ən çətin prinsipial döyüşüm Rusiyanı təmsil edən komandanın kapitanı, erməni əsilli tanınmış və peşəkar idmançı Zurab Farayanla olub.

Güləş idman növündə "klassik", "volnik", "böyük" və "mini" futbol olduğu kimi, kikboks sahəsində də "full" (ayağa zərbələrlə müşahidə edilən) və "an-loq" (daha zədəli növ) sistemləri mövcuddur. Mən yeganə idmançıyam ki, hər iki sistem üzrə dünya çempionuyam. 2009-cu ilin sentyabr ayında Avstriya dünya çempionatında "loq" üzrə qalib oldum, bir ay sonra "ful" sistemi üzrə İtaliyada yarışmalara qatıldım. Zurab Farayan "full" üzrə çempion idi, mən isə "loq" üzrə; lakin buna baxmayaraq, ona qalib gəldim. Bizim bu prinsipial döyüşü bütün dünya izləyirdi.

Tələbələrim də həyəcan keçirəndə onlara tövsiyə edirəm ki, ermənilərlə yarışanda çəkinməsinlər, onlar bizdən qat-qat zəifdirlər. Erməni idmançılar üzərində saysız-hesabsız qələbələrimi izləyən tələbələrim çox ürəklənir, hətta arzu edirlər ki, yarışda erməni idmançıları ilə üz-üzə gəlsinlər və onları "əzsinlər". Sevinirəm ki, bir müəllim kimi onlarda stimul yarada bilmişəm.

- Həmkarlarınız var ki, mükafatlar və birincilik əldə etdikdən dərhal sonra idmana qarşı laqeyd münasibət bəsləyir və ya çoxları yolunu "azır". Sizcə, bu vəziyyət nə ilə bağlıdır?

- Bəzi hallarda düşünürəm ki, idmançıların məşq və ya yarışlar zamanı qazandıqları zədələrdən irəli gəlir. İdmançının yolu çox çətindir; kimisə ittiham etmək istəməzdim. Bilirsiniz, idmançılar var ki, uzun illər uğura doğru can atırlar; üç, beş, on ilə onlar çempion adını qazana bilirlər, lakin bu yolda ağır zədələr, gecə-gündüz idman zallarında məşqlər ona gətirir ki, onlar artıq yorulurlar. Məhz buna görə də, çox az sayda idmançı yenidən karyerasını davam etdirmək niyyətində olur. Mən özüm dəfələrlə zədələr almışam; əlim, burnum, çənəm sınıb. Heç kəs inanmırdı ki, bu ağır zədələrdən sonra mən yenidən idmana qayıda bilərəm. Amma qayıtdım və sübut etdim ki, zədələrdən sonra daha artıq nailiyyətlər əldə etmək olar. Mən idmanda fanatam. İyirmi ildən çoxdur ki, mən böyük idmandayam və elə bir günüm yoxdur ki, məşqsiz dayanım. Az yaşım yoxdur - 1978-ci il doğumluyam. Zədələr belə uğura gedən yolda qarşımı kəsmir. Bir ay bundan əvvəl noyabrın ikisi İtaliyanın Toskania şəhərində İspaniya, Portuqaliya, Braziliya idmançılarına qalib gələrək, VKA versiyası üzrə dünya çempion oldum. Kabirdə iyirmi üç yaşlı ukraynalı idmançı ilə keçən ağır döyüşdən qalib çıxdım. O da dünya çempionu idi.

Hər yarışda yeni texnika, yeni zərbə nümayiş etdirirəm. Ən azından yarış zamanı cəmi otuz kamera məni lentə alır, ona görə də daim öz üzərimdə çalışıram. Kikboksun əməkdar məşqçisi Çingiz Eyvazova dərin təşəkkürümü bildirirəm; bir müəllim kimi artıq iyirmi ildən çoxdur ki, biz çiyin-çiyinə yarışlara hazırlaşırıq. Mən həmişə demişəm ki, bir dəfə çempion olmaq olar, amma o titulu dəfələrlə qoruyub saxlamaq çox çətindir. Bunun üçün yeni texnikalara yiyələnmək gərəkdir. Gördüyünüz kimi, mən bazar günləri belə istirahət etmirəm. Rəqiblərim isə dincəlir, ona görə də gərgin məşqlər hesabına onlara qalib gələ bilirəm. Yarışqabağı elə olur ki, gündə iki dəfə məşq edirəm.

- Bizə məlumdur ki, siz DİN ilə əməkdaşlıq edirsiniz. Hansı sahədə çalışırsınız?

- Mən Azərbaycan polisinə xidmət göstərirəm, bununla da fəxr edirəm. Tam təfsilatı ilə harada və necə çalışdığımı deyə bilməcəyəm, amma 2003- cü ildən prezidentimiz tərəfindən Daxili İşlər Nazirliyinə cəlb edildim və nazirimiz cənab Ramil Usubov tərəfindən əla xidmətimə görə döş nişanı və bir sıra fəxri diplomlarla mükafatlandım. Üç ali təhsil sahibiyəm: İdman akademiyası, Polis akademiyası və onun nəzdində idarəetmə- ixtisasartırma fakültəsini bitirmişəm. Ölkə başçısının idmançılara göstərdiyi qayğı hədsizdir. İlham Əliyevə minnətdaram; məni evlə mükafatlanırdı, qeyri-olimpiya oyunlarının inkişafına görə Fəxri fərman təqdim etdi. Ən çox sevdiyim isə Vətən uğrunda nailiyyətlərimə görə "Vətən ordeni" döş nişanı almağım idi.

- Sizin yarışlarınız bir çox fors-major vəziyyətlərlə yadda qalıb. Yarışların birində ağır zədə almanıza baxmayaraq, rinqə qayıdıb döyüşü sona qədər davam etdirdiniz və qalib gəldiniz. Mən deyərdim ki, hər kəsin böyük həyəcanla izlədiyi bir yarış idi.

- Heç bir zaman yadımdan çıxmaz. 2004-cü ildə Moskvada dünya kuboku üzrə yarışlar keçirilirdi. Yarımfinalda qazax idmançısı ilə görüşdə o hakimin yarışdan diqqəti yayınan zaman, fürsətdən istifadə edərək mənim çiynimdən zərbə endirdi və çiynim çıxdı. Mən təslim olmadım, döyüşü sona çatdırdım və qalib oldum. Rinqdən enəndə, dişlərimin bir-birindən ayrıldığını hiss etdim; çənə sümüyümün iki yerdən sındığını hiss etdim. Ertəsi gün final yarışlarına çıxa bilmədim, çünki artıq sarğılı vəziyyətdə idim və iyirmi dörd gün yeməyi xüsusi borucuq vasitəsi ilə qəbul edirdim. Bu zədədən sonra yenidən yarışlara qatılmaq və nailiyyətlər əldə etmək üçün böyük səy və gərgin zəhmət tələb olunurdu ki, mən onların da öhdəsindən gələ bildim.

- Övladlarınızın yolunuzu davam etdirməyini istəyərdinizmi?

- Üç yaşlı əkiz övladlarım var - qız və oğlan. Oğlumun adı Raul, ispan dilindən tərcümədə "canavarın dostu" deməkdir. Qızımın adı Bilqeyis - şahzadə anlamını daşıyır. Raul adından xoşum gəlirdi, çünki məna etibarı ilə mənim dostum hesab edilir. Bildiyiniz kimi, mənim ləqəbim "ağ canavardır". Bu ləqəbi mənə müəllimim verib. O deyirdi ki, sən canavar kimi vuruşacaqsan və "ağ" anlayışı o anlama gətirir ki, səndən olmayacaq, "yek" olacaqsan. Doğrudan da hal-hazırda kikboks üzrə iyirmi qat dünya çempionu yoxdur. Dünyada bütün versiyalar - vako, veka, vot-prote, iyafse üzrə ən çox titula sahib olan kikboksçu mənəm. Övladlarıma gəlincə, oğlumun kikbosçu olmağını istərdim. O mənim yolumla getsə, mən yalnız fəxr edər və ona dəstək ola bilərəm. İndidən onu məşqlərə aparıram, amma ciddi idmanla məşğul olması hələ tezdir. Ona baxmayaraq ki, mən idmana beş yaşından gəlmişəm, oğlum üç yaşından başlayıb. Qızım isə kikboksla deyil, bədii gimnastika ilə məşğul olsa, şad olaram.

- Eduard müəllim, sizin adınız hansı anlamı daşıyır?

- Allah bütün anaların canını sağ eləsin! Adımı anam mənə verib. Adımın ingilis mənşəli olduğunu bilirəm, kral sülaləsinə aid addır. Anam bu adı mənə verməklə seçilməyimi istədi. Onun arzusu məni məşhur elm işçisi, professor görmək idi. Amma mən idmanı seçdim. Anam idmançı olmağımı istəmirdi, lakin mənim bu sahəyə olan böyük sevgimi və nailiyyətlərimi görərək, razılaşmaq məcburiyyətində qaldı.

- Yaxın zamanlarda idman karyeranızda nə kimi yeniliklər, görüşlər, yarışlar gözlənilir?

- İcazənizlə əvvəlcə bir qədər federasiyamız haqqında açıqlama verərdim. Federasiya 1995-ci ildə yaradılıb. Hal-hazırda federasiyanın prezidenti millət vəkili Adil Əliyev, vitse-prezidenti Güloğlan Cabbarov və yığma komanda rəisi Sadıq Sadıqovdur. Vətənə gətirilən uğurlar federasiya hesabınadır; çünki biz idmançılar heç bir zaman özbaşına yarışlara getmirik, bütün yarışları federasiya təşkil edir. "Narkomaniyaya qarşı gənclərə dəstək" federasiyanın əsas şüarıdır. Biz elə bir təməl qurmalıyıq ki, idmançılar təhsilə geniş yer ayırsınlar. Mən dəfələrlə tələbələrimə vurğulayıram: "Təhsilli, bilikli idmançıya qalib gəlmək çətindir".

Yaxın zamanda idman sahəsində baş verəcək yeniliklərə gəldikdə isə, bildiyiniz kimi, 2015-ci ildə Azərbaycan Olimpiya oyunları ilə yadda qalacaq. Eksklüziv olaraq açıqlama verim ki, gələn il fevral-mart aylarına təsadüf edən peşəkarlararası yarış keçiriləcək və hal-hazırda mənim titullarım və çəkimə yaxın yarışlarım üzrə rəqiblər seçilir. Gələn il ən güclü vako versiyası üzrə dünya çempionatı keçiriləcək və mən ona hazırlaşıram.

- Sonda belə bir sual: bir çox saytlarda "İdmançının bahalı maşını" başlığı altında yazılar getdi. Həddindən artıq dəyərli maşınınız haqqında danışmaqla gözə gəlməkdən qorxmadınız ki?

- Gözdən qorxuram. Amma mənim halal zəhmətim hesabına əldə etdiyim və ölkə başçısı tərəfindən nailiyyətlərim üçün təqdim edilən hədiyyələrə görə gözdən çəkinmirəm. Elə olur ki, normal çəkidə qalmaq üçün günlərlə ac-susuz məşq edirik. Yarışlarda həyatımız bahasına qalib gəlir, ağır əməliyyatlarla müşahidə olunan zədələr alırıq. Nəticədə isə bütün uğurlarımız dəyərləndirilir. Mənim bir amalım var: idman, məşq, yarış və nəticədə Azərbaycan bayrağının yenidən göylərdə dalğalanması. Bundan böyük sevinc ola bilməz!

Tarix
2014.12.10 / 23:48
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla