"İrana qarşı tətbiq edilmiş embarqolar onun qaz
sənayesini iflic edib".
Bunu "Axar.az"a Rusiyanın Ukraynaya satdığı qazı bahalaşdıracağı
ilə bağlı iddialarını şərh edən iqtisadçı ekspert Zəfər Vəliyev
deyib. Onun fikrincə, Ukraynanın Rusiyadan alacağı qazın miqdarı da
bəlli deyil:
"Ukrayna ilə Rusiya arasında bağlanan ilk sazişdə "Qazprom"
qazın hər 1000 kub metrini Ukraynaya 402 ABŞ dollarına satırdı və
ötən ayın statistik göstəricilərinə görə, Ukraynanın "Qazprom"a 3
milyard 500 milyon dollardan çox borcu var idi. Rəsmi Kiyevin
Avropa İttifaqı ilə Assosiativ Sazişdən imtina etməsindən sonra
devrilmiş prezident Yanukoviç Rusiya ilə yeni razılıq əldə etdi. Bu
hökumətlər arası müqaviləyə əsasən Moskva Kiyevə güzəştli qiymətə
qaz satmalı idi. Müqavilədə də göstərildiyi kimi, 2014-cü ilin
yanvarından başlayaraq bu saziş qüvvəyə minəcək. Düzü, alınacaq
qazın miqdarı dəqiq məlum deyil, amma Ukraynanın illik tələbatı 40
milyard kub metrdir".
Ekspert hesab edir ki, əgər Ukraynada siyasi vəziyyət düzələrsə,
bu problemlərin də həllinə yardım edə bilər:
"Hesab edirəm ki, "Qazprom"un qiymət qaldırmaqla bağlı iddiası
siyasi məsələdir. Əgər Yanukoviç hakimiyyətdə qalsaydı və Rusiyanın
irəli sürdüyü siyasi layihələrə imza atsaydı, o zaman qazı güzəştli
şərtlərlə almağa davam edə bilərdilər. Bilirsiniz ki, Rusiya
Avropaya satdığı qazı Ukrayna vasitəsi ilə qitəyə çatdırır. Bu onu
göstərir ki, Rusiya özü də bu məsələdə Ukraynadan asılıdır. Digər
məsələ isə Ukraynanın qaza olan tələbatı ilə bağlıdır. Ukrayna
böyük qaz istehlakçısıdır. Ona görə Rusiya istəməz ki, əsas
istehlakçılardan biri əldən çıxsın. Rusiya bu dəqiqə bütün
potensial müştərilərinə güzəştli qaz satışı həyata keçirir.
Düşünürəm ki, yaxın günlərdə bu məsələlər sabitləşəcək".
Zəfər Vəliyevin fikrincə, Ukraynanın alternativ mənbələrdən qaz
alması ehtimalı o qədər də real deyil: "Ötən il Ukrayna Avropa
dövlətlərindən qaz almağa başladı. Bu o qədər də böyük həcm olmadı.
Təxminən 3 milyard kub metrə yaxın qaz idi. Bu məsələlərə Rusiya
etiraz etdi və onlar iddia edirdi ki, bu qaz Rusiyanın Avropaya
satdığı qazdır və onu geriyə, Ukraynaya satıblar. Çünki qazın
molekulyar tərkibini yoxlamaq çətin idi. Qaldı digər mənbə olan
İran. İrana qarşı tətbiq edilmiş embarqolar onun qaz sənayesini
iflic edib. Hətta bu embarqolardan qabaq İranın milli qaz
şirkətinin prezidenti böhran vəziyyətində olduqlarını bəyan etdi.
Elə məhz bu embarqolardan ən böyük qazanc götürən də Rusiyadır.
Çünki İran qazının əsas müştəriləri Çin, Yaponiya, Cənubi Koreya və
İspaniya idi. Rusiya isə bu bazarların hamısını ələ keçirdi.
Türkiyədən qaz idxal etmək isə baha başa gəlir. Təxminən hər min
kub metr 300 dollar deməkdir".
Xatırladaq ki, hazırda Rusiya hər 1000 kub metr qazı Ukraynaya
268,5 dollara satır. "Qazprom" apreldən qazın hər min kub metrinə
görə qiymətin 400 dollara qalxacağı ilə bağlı xəbərdarlıq edib.
Səbəb kimi isə rəsmi Kiyevin 2 milyard dollar borcu olduğu əsas
gətirilib. Ukraynanın "Naftoqaz" şirkəti əvvəlki qiymətin
saxlanması ilə bağlı "Qazprom"la danışıqları davam etdirdiyi
deyilir.