"Yanvar ayının yekunları göstərir ki, lombardların faiz
dərəcələrində artım var".
Bunu "Axar.az"a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov
dedi. Onun sözlərinə görə, istehlak kreditləşməsi 2013-cü ildə 35%
artıb, bu da vətəndaşların kreditə olan tələbatının
göstəricisidir:
"Hazırda kommersiya bankları çox az sayda kredit verirlər.
Verilən kredit isə çox ağır şərtlərlə təklif olunur. Həmin tələbatı
lombardlar və sələmə pul verən şəxslər tuturlar. İstehlak
kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif
etdiyi pula tələbatın artması müşahidə edilir. Bu da təbii ki,
lombardların təklif etdiyi kreditlərin faiz dərəcələrinin artmasına
gətirib çıxarır. Yanvar ayının yekunları göstərir ki, lombardların
faiz dərəcələrində 1% artım var. Bu da illik olaraq 12% artım
deməkdir. Lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri
illik olaraq 40%-ə yaxındır. Bu da kifayət qədər böyük
göstəricidir. Belə olan halda faizlər artır. Əgər lombardlar
əvvəllər qızılla bərabər müxtəlif əşyaları da qiymətləndirirdilər.
İndi isə, faizlərin artması nəticəsində lombardlar yalnız qızıl,
zinət əşyaları qəbul edirlər".
Vətəndaşın girovu təhlükə altında qalır
Ekspert bildirir ki, qanunvericilikdə lombarda qoyulan
girovların icbari sığortalanması nəzərdə tutulmayıb. Onu da nəzərə
alaq ki, qanunvericilikdə girov qoyulan əmanətin hansısa formada
geri qaytarılması ilə bağlı da heç bir müddəa yoxdur:
"Lombardlar lisenziya ilə fəaliyyət göstərsələr də, təəssüf ki,
onların fəaliyyətinə nəzarət mexanizmləri zəifdir. Lombardlar məhz
nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadır.
Bəzi hallarda onlar öz yerlərini asanca dəyişə bilirlər. Çünki
banklardan fərqli olaraq adətən onların kiçik otağı olur. Həmin
otaqlar da icarəyə götürülür. Ona görə də başqa yerə köçmə və eyni
zamanda ölkəni tərketmə riskləri yüksək olur. Nəticədə nəzarətin
gücləndirilməsinə ciddi şəkildə ehtiyac yaranır. Əgər lombardlar
tez-tez yerlərini dəyişirlərsə, nəticədə min manat borca görə
lombarda 2 min manatlıq qızılı əşyası qoyan vətəndaşın girovu
təhlükə altında qalır. Hazırda lombardların vətəndaşları aldatması
ilə bağlı kifayət qədər faktlar mövcuddur. Hesab edirəm ki,
sözügedən fəaliyyətlə bağlı tələb olunan qaydalar və meyarların
sərtləşdirilməsinə ehtiyac var".
Lombardın girov əşyadan istifadə hüququ
yoxdur
Hüquqşünas Araz Yusifov da lombardlarla bağlı müəyyən
problemlərin olduğunu təsdiq etdi. O, bu sahədəki qanunvericilikdə
də müəyyən dəyişiklik edildiyini bildirdi:
"Əvvəllər lombard xüsusi icazə (lisenziya) əsasında fəaliyyət
göstərən hüquqi şəxs idi. Lakin indiki qanunvericiliyə görə lombard
fəaliyyəti xüsusi razılıq tələb olunan fəaliyyət növlərinə aid
deyil. Girov qoyan qismində isə ancaq fiziki şəxslər çıxış edə
bilər. Girovun predmeti isə yalniz şəxsi istehlak üçün nəzərdə
tutulan daşınan əşyalardır ki, lombardın girov qoyulmuş əşyadan
istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Əgər
müştəri girov əsasında götürdüyü pulu müqavilədə göstərilən zamanda
geri qaytara bilmirsə, lombard girovluqda olan əşyanı sata
bilər".
Xatırladaq ki, son zamanlar bankların nağd kredit şərtlərini
sərtləşdirməsi vətəndaşların lombardlara axın etməsinə şərait
yaradıb. Banklardan fərqli olaraq lombardlarda kiçik məbləğli
kreditlər götürmək üçün sənədləşmə daha asandır. Heç bir zamin və
iş yerindən arayış təqdim etmədən şəxsiyyət vəsiqəsi və girov
qoyulacaq qızıl məmulatları ilə lazım olan məbləği əldə etmək
mümkündür.