"Neftin dünya
bazarında qiymətinin iyulun 5 ilə bu gün arasındakı nisbətini
müqayisə etsək, cüzi dəyişikliyin olduğunu
görərik".
Bunu Axar.az-a "Premium" markalı benzinin qiymətinin qalxması
ilə bağlı məsələləri şərh edən iqtisadçı alim Vüqar Bayramov
bildirdi:
""Premium" markalı benzinin qiymətini Tarif Şurası
müəyyənləşdirir. Dünya bazarında neftin qiymətinin dəyişməsindən
asılı olaraq Premium markalı benzinin qiyməti dəyişir. Premium
markalı benzin bazar tərəfindən müəyyənləşir. Çünki Tarif Şurası
onu tənzimlənən qiymətlər siyahısından çıxarıb. Son qiymət
artımları dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə
bağlıdır. Neftin dünya bazarında qiymətinin ciddi artımları yoxdur.
Son bir ildə dünya bazarında "Brend" markalı neftin qiyməti
təxminən 105 dollara satılıb. Dünya bazarındakı statistik
göstəriciyə fikir versək görərik ki, son 1 ildə qiymətdə o qədər də
artım yoxdur. Nəzərə almaq lazımdır ki, beynəlxalq müqavilələrdə
neftin 1 barelinin qiyməti bu gün 111 dollar götürülür. Dünya
bazarında neftin qiymətinin qalxmasından asılı olaraq benzinin
qiymətində artımlar və azalmalar mümkündür. Hazırda nə nəqliyyat
xərclərində, nə neftin ölkəyə idxal edilməsində hər hansı
dəyişiklik yoxdur. Neftin dünya bazarında qiymətinin iyulun 5 ilə
bu gün arasındakı nisbəti müqayisə etsək, cüzi dəyişikliyin
olduğunu görərik. Belə ki, iyulun 5-də "Brend" markalı neft 110
dollara satılırdısa, hazırda dünya bazarında neftin qiyməti 105
dollardır. Bir ay ərzində cəmi 5 dollar enib. Baxmayaraq ki,
"Premium" benzinin qiyməti dünya bazarında uyğun olaraq
dəyişdirilir və yalnız "future" (gələcək) müqavilələr üçün benzinin
qiymətinda artım var".
Ekspert Aİ-92 markalı benzinin qiymətində tezliklə dəyişiklik
olması ehtimalının az olduğunu deyir:
"Ai-92 markalı benzinin qiyməti Tarif Şurası müəyyənləşdirir və
bu, benzin tənzimlənən qiymətlər siyahısına daxildir. Ai-92 markalı
benzinin qiymətinə faktik olaraq dünya bazarındakı qiymət
dəyişiklikləri və digər faktorlar təsir göstərmir. Çünki bu
tənzimlənən qiymətlərdir və tənzimlənən qiymətlər olduğu üçün bu
qiymətlər yalnız Tarif Şurasının müəyyənləşdirdiyi tariflər
əsasında dəyişilir. Ona görə də hələlik Aİ-92 markalı benzinin
qiymətində hər hansı dəyişiklik gözləmirik. Çünki dünya bazarında
neftin qiymətində müəyyən azalmalar olsa da, kəskin azalmalar
yoxdur. Son 1 il ərzində neftin dünya bazarındakı qiyməti
dəyişməyib və onun qiyməti hər barel üçün 100 dollardan artıqdır.
İndiki halda Aİ-92 markalı benzinin qiymətinin aşağı salınması,
eyni zamanda artımı da gözlənilmir. Çünki bunu Tarif Şurası
müəyyənləşdirir və Tarif Şurasının hər halda yaxın zamanlarda 92
markalı benzinin qiymətinə baxacağı və qərar qəbul edəcəyi
proqnozlaşdırılmır".
Xatırladaq ki, ötən gündən etibarən "Premium" markalı benzinin
qiyməti 93 dollardan 97 dollara qalxıb.