Bu günlərdə mətbuatda
Azərbaycan Dövlət Neft Şirkətinin strukturlarına (ARDNŞ) daxil olan
"Azəriqaz" İstehsalat Birliyində və "Neftqaztikinti" trestində
2015-ci ildən kütləvi ixtisarlar aparılması ilə bağlı xəbərlər
yayılmağa başlayıb. Və bu məlumatlarda xüsusilə vurğulanır ki,
ixtisarlar neftin qiymətinin aşağı düşməsi ilə
əlaqədardır.
Caspian Barrel-ə SOCAR-ın İnsan Resursları
Departamentindən verilən məlumata görə, hər iki qurumda hazırda
kadr dəyişiklikləri, müəyyən ixtisarların aparılması gündəmdədir.
Ancaq bunun neftin qiymətinin dünya bazarında aşağı düşməsi və ya
şirkətin hər hansı maliyyə problemi ilə bağlılığı ilə əlaqəsi
yoxdur. Şirkətdəki bu proses ötən ildən başlamış struktur
islahatlarının təkmilləşdirilməsi prosesinin davamıdır.
"Azəriqaz" İstehsalah Birliyində SOCAR üç pilləli idarəetmə
sistemindən iki pilləli idarəetmə sisteminə keçir və bu məqsədlə
rayon Qaz İdarələri Regional Qaz İdarələri ilə əvəz olunur. Təbii
ki, bu zaman bir-birini əvəzləyəcək ştatlar ləvğ olunur. İkinci bir
məsələ isə "Azəriqaz" İstehsalah Birliyinin Qaz Satış sisteminin
avtomatlaşdırılması ilə əlaqədardır. Belə ki, əvvəllər bu qurumda
çoxlu sayda əməkdaş çalışırdı. İndi isə artıq 70% qaz satışı
smart-kart tipli sayğaclar vasitəsilə həyata keçirilir. Belə olan
halda təbii ki, bu qurum da yeni dövrün tələblərinə uyğun
qurulmalıdır. Başqa bir tərəfdən, "Azəriqaz" 2011-2014-cü illərdə
ölkənin qazlaşdırılması üçün böyük işlər görmüş və bunun üçün işçi
heyətini artırmışdı. Hazırda həmin işlərin böyük hissəsi
yekunlaşıb.
"Neftqaztikinti" trestinə gəlincə isə, burada da vəziyyət
idarəetmənin struktur islahatlarının təkmilləşdirilməsindən doğur.
Bu trestin çoxsaylı montaj-tikinti idarələri var. Hazırda onların
üçpilləli idarəetmədən ikipilləli idarəetməyə keçirilməsinə
başlanılıb. Məqsəd daha çevik mexanizmə malik bir Trest
yaratmaqdır.