"Manatın məzənnəsinin kəskin möhkəmlənməsi fonunda
qeyri-neft sektorunun ixrac qabiliyyətinin məhdudlaşması yalnız
dövlətimizin neft ölkəsi olması deyil, eyni zamanda, Mərkəzi Bankın
doğru olmayan strateji proqnozlaşdırılmasının
nəticəsidir".
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar
Bayramov açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin manatın
məzənnəsinin ixracı stimullaşdırmaması ilə bağlı fikirləri tamamilə
reallığı əks etdirir:
"Əslində, ölkə prezidenti iqtisadiyyatın diversifikasiyasını
əsas prioritet istiqamət kimi 2003-cü ildə elan etmişdi. Məhz o
zamandan, Azərbaycanın neft gəlirləri artmağa başladıqdan sonra
ölkəmizdə monetar siyasət qeyri-neft sektorunun
stimullaşdırılmasına yönəlməli idi. Ötən dövrdə qeyri-neft
sektorunun ixrac qabiliyyətini tormuzlayan əsas faktor manatın
məzənnəsinin kəskin möhkəmlənməsi idi. Bu dövrdə MB dolların
sterlizasiyası vasitəsi ilə məzənnəyə təsir edərək kursu dəyişə
bilərdi. Bununla da yerli məhsulların dünya bazarında qiymətinin
ucuzlaşmasına və müvafiq olaraq onların rəqabət qabiliyyətinin
artırılmasına nail ola bilərdi. Neftin dünya bazar qiyməti yüksək
olan zaman manatın məzənnəsinin müqayisəli aşağı salınması milli
valyutamıza inamın azalmasına gətirib çıxarmayacaqdı".
İqtisadçı bildirib ki, dollara hər zaman psixoloji tələb var və
bu baxımdan da MB hətta ixracımız idxalımızı 3 dəfə üstələdiyi və
dövriyyədə kəskin dollar bolluğu yarandığı dövrdə də bunu edə
bilərdi:
"Nəticədə qeyri-neft sektorunun ixracat qabiliyyətində hiss
edilən artımlar müşahidə ediləcəkdi. Dəfələrlə neftin dünya bazar
qiyməti yüksək olan zaman MB-yə manatın məzənnəsini yumşaq və
mərhələli develvasiya etməyi təklif etsəm də, baş bank sərt monetar
siyasəti davam etdirdi. Baxmayaraq ki, Qazaxıstan daxil olmaqla
əksər neft ölkələri buna getdilər. O zaman manatın məzənnəsinin
avrodan yüksək olmasının arzuolunan olmadığını və Mərkəzi Bankın
yumşaq develvasiyasını təklif edirdim. Yumşaq develvasiya aylar
üzrə manatın kursunun 1 faizdən az olmaqla aşağı salınması və bəzi
aylarda isə hətta artması nəzərdə tutulurdu. Bu, manata inamın
azalmasına səbəb olmayacaqdı.
Amma artıq yumşaq develvasiya üçün yubanmışıq. MB-nin
arxayınçılığı Azərbaycana ayda 1.5 milyard dollara yaxın
intervensiya xərci demək oldu".