"Elman müəllimin düşüncəsi o olub ki, bu barədə tez-tez
danışaraq, açıqlama verərək insanlarda panika havası
yaratmasın".
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq
Cəfərli Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına
həsr olunmuş iclasında bağlanacaq banklarla bağlı məlumatın
verilməməsinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə,
məlumatın gecikdirilməsi insanlar arasında panika yaradır:
"Mərkəzi Bank əslində, bir neçə dəfə prosesin getdiyi ilə bağlı
açıqlama yayıb. Bu açıqlamalar insanlarda müəyyən gözləntilər və
suallar doğurmuşdu. Son açıqlama da ondan ibarət idi ki, beş bank
ya bağlanacaq, ya da təmərküzləşərək iri banklara birləşəcək. Çünki
sözügedən banklar nizamnamə kapitalını 50 milyon manata çatdıra
bilməyib. Bununla bağlı rəsmi açıqlama var idi. Çox yaxşı olardı
ki, Elman Rüstəmov və onun komandası rəsmi şəkildə tez-tez
açıqlamalar verərək insanları sakitləşdirərdi. Çünki bu tip
açıqlamalar ajiotaja, şayiələrin yaranmasına səbəb olur. Bu da bank
sferası üçün heç də yaxşı hal deyil. Əslində, Elman müəllimin
düşüncəsi o olub ki, bu barədə tez-tez danışaraq, açıqlama verərək
insanlarda panika havası yaratmasın. Ona görə də MB rəhbəri
gec-gec, nadir hallarda bu məsələyə münasibətini bildirir. Amma
dünya praktikası göstərir ki, seçilmiş bu yol düzgün deyil. Əksinə,
daha detallı, ətraflı şəkildə ictimaiyyət bilgiləndiriləndə daha az
fəsadlar doğurur və insanlarda həmin panika havasının yaranmasına
səbəb olmur".
Ekspertin sözlərinə görə, qərar qəbul olunma mexanizminin və
banklarda yaranmış təhlükənin açıqlanması vətəndaşları
arxayınlaşdıracaq:
"Ona görə də, çox yaxşı olardı ki, MB proseslə bağlı
doğru-düzgün açıqlamalar versin. MB-ın açıqlamasına görə, yanvarın
1-də proses bitməli idi. Artıq bir aydan da çox vaxt keçir. Buna
görə də banklarla bağlı qərarların qəbul olunması, qərar qəbul
olunma mexanizmlərinin həyata keçirilməsi və banklarda yaranan
təhlükələr barədə məlumatın verilməsi daha düzgün addım olardı.
Susqunluq və məlumatsızlıq bu barədə şayiələrin artmasına səbəb
olur".
Xatırladaq ki, bir neçə gün öncə MB-nin İdarə Heyətinin 2014-cü
ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. İclasda
ölkənin strateji valyuta ehtiyatları, ümumi iqtisadi artım, bank
aktivləri, İpoteka Fondunun, Maliyyə Monitorinqi Xidmətinin, eləcə
də MB-nin ərazi idarələri və regional mərkəzlərinin fəaliyyəti ilə
bağlı müzakirələr aparılıb.