"Rusiya Mərkəzi Bankının bu gün keçiriləcək növbəti
toplantısında ciddi qərarlar açıqlanacaq".
Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq
Cəfərli açıqlama verib. Bildirib ki, çox güman Rusiya Mərkəzi Bankı
uçot-faiz dərəcəsini aşağı salacaq:
"Bu günə olan uçot dərəcəsi - 14 faiz - çox yüksəkdir. Ona görə
də Rusiyada kreditlər xeyli bahalaşıb, biznesin kredit resurslarına
çıxış imkanları məhdudlaşıb. MB rubl kəskin ucuzlaşan zaman
məcburən faiz dərəcəsini bir gündə 17 faizə qədər qaldırdı ki,
rublun dəyərsizləşməsinin qarşısını alsın. Bu isə kreditlərin
bahalaşmasına səbəb oldu. İndi Rusiya hökuməti, biznes çevrələri
MB-yə təzyiq edir ki, uçot dərəcəsini ən az 12 faizə salsın. Çox
güman ki, bu gün Bank belə bir qərar verəcək. Bu isə rus rublunun
kəskin ucuzlaşmasına gətirib çıxaracaq. Rusiya hökuməti rublun
dollara qarşı 55-60 aralığında olmağında maraqlıdır. Ona görə də,
indi kimin əlində rubl varsa, axşama qədər dollara dəyişsə, daha
yaxşı olar.
Dünyada əsas izlənilən valyuta məzənnəsi dollar-avro nisbətidir.
Son 1 həftədə dollar avro qarşısında xeyli zəiflədi. Buna səbəb ABŞ
FRS-nin uçot-faiz dərəcəsinin qaldırılmasını ertələməsi oldu. Dünən
FED toplantısı oldu və dəqiq bilinən odur ki, 2015-də faiz dərəcəsi
artacaq. Amma ola bilər ki, bu, iyunda deyil, sentyabrda baş
versin. Bu isə dolların bahalaşmağına səbəb oldu".
Ekspert bildirib ki, hazırda Yunanıstan böyük təhlükə
qarşısındadır və Avrozonadan hər an çıxa bilər:
"Avronun daha ağır bir dərdi var – Yunanıstan. Yunanıstanın
Avrozonadan çıxma ehtimalı xeyli yüksəlib. Afina 12 maya qədər
ciddi qərar verməlidir: ya AB-nin təklif etdiyi şərtlərlə
müqavilələri imzalamalı, ya da özünü bankrot elan etməlidir. 12
maya qədər Afina 750 milyon avro borc qaytarmalıdır ki, onların da
buna imkanı yoxdur. Yəni Çipras hökuməti AB paketini imzalasa,
seçicilərini, səsləri itirəcək, imzalamasa, Yunanıstan bankrot elan
olunacaq ki, bu da avronun kəskin ucuzlaşmasına səbəb olacaq.
Yunanların 330 milyard avro ümumi borcu var. Afinanın Avrozonadan
çıxması və iflasın elanı avronun 15-20% dəyər itirməsi ilə
nəticələnə bilər. Yəni yaxın zamanlarda dolların avro qarşısında
yeni yüksəliş trendini izləyə bilərik. Əslində bu, AB ölkələrinə
sərf edir: "ucuz avro bərabərdir daha çox ixrac" formulu
işləyəcək.
Maraqlı bir detal isə, ən böyük totalizator şirkəti olan
"Villiam Hill" aprelin 23-dən sonra Yunanıstanın Avrozonadan
çıxmasına qoyulan stavkaları artıq qəbul etmir, çünki bu o qədər
realdır ki, stavka qoyanların sayı kəskin artıb və şirkət də
uduzacağından çəkinərək stavkaları dayandırıb".