2016-cı ilin Dövlət büdcəsi
haqqında qanuna əsasən, bu il 1,775 milyard manat vəsait büdcədən
dövlət borcu və öhdəlikləri üçün ayrılacaq. Bu isə 1 milyard 150
milyon dollar vəsait deməkdir. Kommersiya banklarının da cəlb
etdiyi vəsaitlərin strukturunda xarici öhədliklərin payının az
olmadığını nəzərə aldıqda dollara son həftələr artan tələbin
səbəblərini izah etmək heç də çətin deyil.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov
açıqlama verib. Ekspert son zamanlar ölkədə dolların bahalaşmasının
səbəblərini yazıb:
1. Biznesin, bankların, eləcə də dövlətin beynəlxalq maliyyə
qurumlarına xarici valyutada ödənişləri. Nəinki biznesin, eləcə də
bankların xarici borc öhdəlikləri son illər xeyli dərəcədə
artıb.
2. İdxalın həcminin artması. İdxalda müşahidə edilən durğunluq
aradan qalxmaqdadır və artımlar müşahidə edilir. İdxal ölkədən
valyuta axını olmasıyla yanaşı, dollara tələbi də artırır. Dövlət
Gömrük Komitəsinin məlumatına əsasən, 2016-cı ilin I rübündə
Azərbaycanda xarici ticarət dövriyyəsi 3,607 milyard dollar təşkil
edib. Ticarət dövriyyəsinin 1,781 milyard dollarını və ya 49,4 %
ölkədən ixrac, 1,826 milyard dollarını və ya 50,6 %-ni isə idxal
məhsulları təşkil edib, idxalın ixracı üstələməsi nəticəsində 45,3
milyon dollar məbləğində mənfi saldo yaranıb. 2015-ci ilin eyni
dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli
qiymətlərlə 23,9%, o cümlədən ixrac 23,0 %, idxal isə 25,1 %
azalıb. Deməli, idxal ixracdan çoxdur. Bu isə dollara tələbin
artması deməkdir.
3. MB-nin manat təminatı, o cümlədən mərkəzləşdirilmiş kredit
resurslarının həcmində müşahidə edilən artımlar. BMB-nin dövriyyəyə
daxil etdiyi milli valyutanın həcmindəki artımlar dollara da tələb
formalaşdırır. Banklar həmin vəsaitlərinin bir qismini dollara
çevirərək xarici valyuta öhdəliklərini yerinə yetirməyə
çalışırlar.
4. Əhalinin son həftələr dollara tələbinin yüksəlməsi. Mayın
sonundan başlayaraq, həm psixoloji, həm də iqtisadi baxımdan
əhalinin dollara tələbi yüksəlib və bu da məzənnəyə təsirsiz
ötüşmür. Banklarda olan əmanətlərin 81 faizinin xarici valyutada
olması ölkəmizdə dollarlaşma səviyyəsinin kifayət qədər yüksək
olduğundan xəbər verir. Bu isə nəticədə vətəndaşların da artan
dollar tələbi deməkdir.
İqtisadçı bildirib ki, manatın məzənnəsinin növbəti dövrdə necə
dəyişməsi birbaşa Mərkəzi Bankın davranışlarından asılı olacaq:
"MB-nin siyasəti daha çox məzənnə dəhlizini qorumağa hədəflənib.
Məzənnə marjı və valyuta ehtiyatları ilə bazara təsir edən baş
bankın aydındır ki, dollara olan tələbə təsir imkanları elə də çox
deyil".