Məşhur kaman ustası, Azərbaycanın Xalq artisti Habil
Əliyevlə indi oxuyacağınız müsahibənin sonunda ustad sənətkar
gəldiyi bir qərarı bizə açdı: "Artıq bundan sonra media ilə bütün
bağlarımı kəsirəm. Bu, verdiyim sonuncu müsahibədir. Daha müsahibə
vermək barədə düşünmürəm..."
Ölənlərin siyahısında...
- Habil müəllim, özünüzü necə hiss
edirsiniz?
- Hələ ki, Allaha şükürlər olsun, özümü ölənlərin siyahısında
görmürəm. Əgər qəfil surprizlər olmasa, özümdə yaşamaq üçün xeyli
enerjinin olduğunu görürəm. Şükürlər olsun, gümraham.
Gör o mənimçün nələr edib
- Gümrahlığınızı kamançaya borcluyuq, yoxsa gözəl
həyat yoldaşınıza?
- Eh (gülür)... Kamançaya borcluyam. Kamança üçün heç nə
etməmişəm, amma gör o mənimçün nələr edib. Kamança məni demək olar
ki, bütün dünyada tanıdıb. O mənə ailə qurub, övladlarımı ailə
sahibi edib. Bunları mən etməmişəm, kamança edib. Ona görə də mən
kamançaya həmişə borcluyam. O məni ac qalmağa qoymayıb.
Xəcalət çəkirəm
- Bildiyim qədərilə bir zamanlar musiqiçi olduğunuz
üçün peşmançılıq çəkmisiniz. Buna səbəb nə olub?
- Hərdən oturub özüm-özümə sual verirəm: "Ay Habil, gəldin bu
dünyaya, yaşadın, bəs dünyada nə elədin?" Sonra fikirləşirəm ki,
kamança çaldım. Elə bu an yenidən özümə sual verirəm: "Habil, elə
kamança çalıb bu dünyadan köçəcəksən, bəs bu boyda dünyaya kamança
çalmağa gəlmişdin?" Bax bunları düşünəndə xəcalət çəkirəm. Amma onu
da deyim ki, mən təkcə kamança çalmamışam, bu alətlə bir əhvalat
danışmışam. Əyləncə musiqisi boş musiqidir. Əsl musiqi gərək
dinlənilən olsun. Əgər insanlar musiqinin nə demək istədiyini
dərindən anlayırsa, o zaman musiqiçi də özünü xoşbəxt hiss edəcək.
Bu həm də musiqiçidə məsuliyyət yaradır. Mən dinləyicilərimdən çox
razıyam.
Yerlə işim qurtarıb
Hər insanın özünün duyğusu, özünəməxsus dünyagörüşü var. Bəzən
sənətdə elə şeylər görürəm ki, onu başqa musiqiçilər görmür. Mən
hər şeyin əslini görə bilirəm. Həyatın, dünyanın, yerdə baş verən
hər şeyin. Hərdən mənə elə gəlir ki, artıq yerlə işim qurtarıb.
İndi göydən öyrənmək istəyirəm. Yüksəklərə qalxmaq, orda baş
verənləri görmək, öyrənmək istəyirəm. Yeni şeylər görmək
istəyirəm.
Sözlərim sanki bitib, tükənib
- Yeni şeylər gördükdə sizi ancaq onlar
düşündürəcək, yoxsa ara-sıra keçmişə də nəzər
salacaqsınız?
- Keçmişimlə bağlı elə də çox düşünmürəm, amma hərdən
danışıqlarıma görə peşiman oluram. İndi hiss edirəm ki, mən
keçmişdə çox şeyi olduğu kimi ya hiss etməmişəm, ya da hər şey
mənim bildiyim kimi olmayıb. İndi ağlımda elə bir məqam yoxdur ki,
konkret olaraq onu misal çəkim, amma keçmişdə verdiyim müsahibələrə
indi qulaq asanda görürəm ki, çox zəifdir, həyatım, təcrübəm,
fəlsəfi düşüncələrimlə uyğun gəlmir. İstəyirəm elə bir söz deyəm
ki, yeni olsun. Amma sözlərim sanki bitib, tükənib.
Hər şeyim var, amma nəsə çatışmır
- Nə qədər çox şeyə sahib olsaq da, hər kəsin
həyatında müəyyən şeylər var ki, daim əskik olur. Sizdə əskik olan
nədir?
- Rəhmətlik Bəxtiyar Vahabzadə həmişə deyirdi ki, hər şeyim var,
amma nəsə çatmır. Mən bu cümləni çox gözəl anlayıram. Çünki insan
dediyin daim yeni nəsə əldə etmək istəyir. Mənim də hər şeyim var,
amma nəsə çatışmır. Lakin bu o demək deyil ki, dünya mən istəyən
kimi olmalıdır. Həyatda yaşayan bütün canlıların xeyrinə olmalıdır.
Həyat saat kimi işləyir. Hər biri də ömürdən gedir. İlahi, sənin
mənə verdiyin ömür bu idi? Mən Allahın verdiyi ömrü xərcləyirəm,
görək sonda ona nə ala biləcəyəm? Çox insan var ki, ömrünü
dəyərləndirə bilmir. Gərək ömrə elə şeylər alaq ki, onu qoyub
gedəndən sonra da bizdən sonrakılara gərəkli olsun.
Daha kamança çalmağa utanıram
- Bildiyim qədəri ilə artıq 10 ildən çoxdur ki,
kamandan uzaqlaşmısınız. Hələ tez deyilmi?
- Bu qədər tez uzaqlaşmağımın səbəblərindən biri adətlərimizlə
bağlıdır. Mən milli dəyərlərə qiymət verən adamam. İstəmirəm ki,
nəticələrim gözlərini açıb, məni kamança çalan görsünlər. Onlar
utanar ki, bu boyda kişi oturub kamança çalır. Daha kamança çalmağa
utanıram. Gərək mən əzəldən musiqiçi olmayaydım. Çünki sənətlə
yaşayıb, sonda sənətdən gedən vaxtda peşiman olmağın nə mənası
var... Sənəti başa düşəndən sonra bu mənə çox kiçik gəldi. Bu sənət
məni çox yaxşı yaşadıb. Hökümətimiz də məni yaxşı yaşadıb. Heç
nədən korluq çəkməmişəm. Ancaq yenə deyirəm, dərk edəndən sonra bu
sənət mənə çox kiçik gəldi, halbuki mən çox böyük bir işin ucundan
tutub, onu inkişaf etdirə bilərdim. Bu yolu seçməyimin səbəbi bəlkə
də tənbəlliyim olub.
O mənim sirrimi aləmə yayır
- Kamanla Habil Əliyev arasında heç kəsin görə
bilmədiyi gizli bağ nədir?
- Bəli, bizim aramızda gizli, qırılmaz bağ var ki, hələ onu heç
kim görməyib. Biz onunla bir-birimizi başa düşür, qəbul edirik.
Onun nə dərdi oldu mənə danışır, mənim də nə dərdim oldu ona
deyirəm. Nə sözüm oldu, birinci kamanıma deyirəm, o da mənim
sirrimi aləmə yayır (gülür).
Musiqi o dünyadan gəlmə sənətdir
- Sizcə, gənclərimizdən bu sənəti davam etdirəcək
namizədlər varmı?
- Gənclərə, orta yaş qruplarına qulaq asanda görürəm ki, nəsə
əskikdir. Bilirsiniz, musiqini bu dünyada öyrənmirlər. Gərək onu o
dünyadan gələrkən, özünlə gətirəsən. Musiqi o dünyadan gəlmə
sənətdir. Bu istedad körpəlikdən verilən xəzinədir. İnsan
böyüdükcə, o da onunla birlikdə inkişaf edir. Əsl musiqi budur.
Bəzi çalğıçılar var ki, onlara özlərindən başqa heç kəs qulaq
asmır.
Elə bilərlər bu ailənin yiyəsi olmayıb
- Habil bəy, çox vaxt görürsən, valideynin peşəsi
nədirsə, övlad da o peşənin ardınca gedir. Bəs sizin ailədən
musiqiçi çıxmamağına səbəb nə oldu?
- Bir ailədə bir musiqiçi bəs eləyər. İkincisi barədə düşünmək
lazım deyil. Sonra elə bilərlər bu ailənin yiyəsi olmayıb (gülür).
Hər əlində kaman tutan musiqiçi ola bilməz axı. Əgər bu sahədə
varsansa, gərək əlindəki aləti başa düşəsən. Gərək onu xəcalətli
buraxmayasan.
İtalyanın kamança görməyi
- Müəllim, səfərlərinizdən yadda qalan maraqlı bir
şey...
- İtaliyada konsertdə idik, xeyli musiqiçilər var idi. Hiss
etdim ki, onlar kamança ilə çox maraqlanır, ona diqqətlə baxırlar.
Konsert zamanı bunu xeyli hiss etmişdim. Sonda konsert qurtardı və
onlar səhnəyə yaxınlaşaraq tərcüməçini çağırdılar. Tərcüməçi məndən
soruşdu ki, "bu aləti özün düzəltmisən?" (Gülür). Mən isə onlara
kamançanı izah etdim. O qədər təəccüblənmişdilər ki, maraqlarını
gizlədə bilmirdilər.
Bir vaxtlar bazarda badımcan satıb, özünü
dolandırıb
- Habil müəllim, Nazim Ağayevlə aranızda baş
verənlər medianın gündəmindən düşmək bilmirdi. Deyirlər, indi
olduqca mehribansınız...
- Tamamilə yalan xəbərdir. Bilirsiniz, o hara, mən hara... O
bizlərin tay-tuşu deyil axı. O nə işlə məşğuldur, hansı peşənin
sahibidir, heç bilmirəm. Bir vaxtlar badımcan, xiyar gətirib
bazarda satıb, özünü dolandırıb. Nazim müğənni kimi mənim siyahımda
olmayıb, heç ola da bilməz. O nə vaxt oxuyub ki, hələ bir mənim
siyahıma da düşə?! Mənim siyahımda Azərbaycanın ən tanınmış muğam
ustadları dayanır. O onların siyahısına nə ilə düşə bilər?
Badımcanla, xiyarla?! Onun heç mədəniyyəti də yoxdur. Nə sənəti
var, nə də sənətkar kimi titulu. O, həmişə uşaqların siqaret almağa
göndərdiyi birisi olub. Mənim onunla heç vaxt münasibətim olmayıb
və heç vaxt ola da bilməz. Bu cür insanlar sənəti
murdarlayırlar.
Gör kimlər gəlib soxulub da sənətə
- Söhbət qalmaqallardan düşmüşkən saytlardan birində
Əlibaba Məmmədov sizin haqqınızda deyib ki, "kasıb uşaqlar idik,
onu toylara aparırdım, məndən çox ona yaxşılıq edən olmayıb". Bu
fikirlə razısınız?
- O deyib? (gülür.) Mən ömrümdə bir dəfə də olsun, onunla bir
toyda işkirak etməmişəm. O hara, toy hara, mən hara?.. Gör kimlər
gəlib soxulub da sənətə. Mən heç özümlə onu toya aparmazdım
axı...
Beləcə, illərim ötdü...
- Bu sənət sizdən nələri
alıb-qopartdı?
- Hər şeyimi - gəncliyimi, cavanlığımı oğurladı bu sənət. Mən ən
gözəl illərimi sənətimə həsr etdim. Ermənilərin Azərbaycan
musiqisini oğurlamaq cəhdləri məni bir az da sənətimə bağladı. Çox
möhkəm dayandım. Və beləcə illərim ötdü, qocaldım.
60 ilin yoldaşı...
Məşhur kaman ustası, Azərbaycanın Xalq artisti ilə görüşmüşkən
onun həyat yoldaşı ilə də söhbətləşdik. Şərqiyyə xanım ömür-gün
yoldaşını, həm də öz Xalq artistini olduqca gözəl və dəqiq anlatdı.
Şərqiyyə xanıma ilk sualım belə oldu:
- Xalq artisti ilə eyni evdə yaşamaq, üstəlik onun
həyat yoldaşı olmaq necə bir şeydir?
- O mənim həm həyat yoldaşım, həm də Xalq artistimdir. Mən onun
vurğunuyam. Buna səbəb isə sadəcə, onun həyat yoldaşı olmağım
deyil. Adicə efirdə ona aid veriliş gedəndə qeyri-ixtiyari
televizorun səsini açıb, ekranın başına keçirəm. Mənim üçün o
əvəzolunmaz sənətkardır.
Habil sənətdə çox tez tanınıb-sevildi. Bu evi bizə Prezident
verdirdi. Ailə quranda heç nəyimiz olmayıb, hər şeyi zamanla əldə
etmişik. Habillə ailə qurduğuma görə özümü xoşbəxt hiss edirəm. Hər
ailə kimi bizim də çətinliklərimiz olub. Amma bunlar xoşbəxt
çətinliklər idi. Biz bir-birimizə həmişə dəstək olmuşuq.
Həmişə ona inanmışam
Ona o qədər çox inanmışam ki, heç vaxt qısqanmamışam. Hərdən
universitetdə qızlar mənə deyirdi ki, Habil heç sənə diqqət
ayırmır. Burdan gedir, ordan gəlir. Amma mən həmişə ona
inanmışam.
Həmişə özümə qarşı istilik hiss edirdim
Gözəl qız deyildim ki, özümə əmin olum. Amma onda həmişə özümə
qarşı istilik hiss edirdim. Övladlarımızdan Rəvan demək olar ki,
eynən Habilə bənzəyib. Hər həssas mövzuya kövrəlir. Habilin
kövrəlməyi isə hələ gənclik illərindən var idi. O çox kövrək,
rəhimli insandı. Nə yaxşı ki, onun həyat yoldaşıyam. Onunla qürur
duyuram!