Yuxarı

Leysanın aydınlaşdırdıqları: Bakıya bir az da yağsa...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leysanın aydınlaşdırdıqları: Bakıya bir az da yağsa...

Bakıya yağan leysan “İsabel Makondada yağışa baxır”ı xatırladır: həsrətlə gözlənən yağış günlərlə davam edəndə hər şeyi yuyur, su altında qoyur, hətta zaman məfhumunu da.

26-28 martdakı leysanın ardınca məhəllələrdən qayıqları yığışdırmağa fürsət etməmiş ikinci leysan da gəldi: sanki zamanı itirməyə qərarlıdır.

Su aydınlıqdır, birmənalı olaraq və yağış yağdıqca, zamanı da yuyur və illərin o tərəfi aydınlanır, durulanır, su üzünə çıxır:

- Məlum olur ki, ötürücü su kollektorunun üstündə tikilən evi daha saxlamaq, qorumaq mümkün deyil.

İllər öncə icra başçısı o ərazini satıb, yəni rüşvət alıb, qanunsuz sənəd verib və yaxud göz yumub, adam da orda gözəl bir ev tikib, sonra o evi sənədləşdirməyi də bacarıb – baxmayaraq ki, su kollektorunun üstündə tikilən evi necə sənədləşdirdiyi sual doğurur.

İndi yağışlar o zamanı, o illəri yuyur, su qalaqlanır, hər şey aydınlaşır və ev sökülür ki, suyun üzə çıxartdıqlarını Xəzərə axıda bilək...

- Məlum olur ki, icra hakimiyyətləri piyada səkilərini satıblar, piyadalara səki düzəltmək üçün yeni asfaltlamada yol daraldılıb, ancaq drenaj sistemi də satılan səkinin altında qalıb.

- Məlum olur ki, Masazır, Sulutəpə də daxil olmaqla, çoxsaylı ərazilərdə bələdiyyələr, aidiyyəti qurumlar rüşvət müqabilində göz yumub, evlər bir-birinin içində tikilib – həyət yox, keçid yox, yol yox, kanalizasiya yox, zibil qutusu qoymağa belə yer saxlamayıblar; evlərin damları bir-birinin ağzına girir...

Yağış o kanalizasiya, kollektor, drenaj olmayan yaşayış məskənlərindəki vəziyyəti tam üzə çıxardı.

- Məlum oldu ki, mahiyyət etibarilə biz özümüzün, şəhərimizin, yaşayışımızın, gələcəyimizin, həyatımızın düşmənləriyik; bir daha məlum oldu ki, biz öz həyatımızı cəhənnəmə çevirmək üçün illərdir çalışırıq və indi də davam edirik:

* o səkini almaq üçün adam axtarıb tapan, rüşvət verən, əlləşib-vuruşan bizik;

* o səkinin üstündə tikilən obyektin önündə park üçün yer olmamasına baxmayaraq, qaydaları pozmaq bahasına ordan alver edən, yaxud o restoranda oturan da bizik;

* o bir-birinin qarnında evləri tikmək üçün bələdiyyəyə rüşvət verən, göz yummasını təmin edən bizik;

* o evlərə təcili yardım, yaxud yanğınsöndürən maşının normal girişini təmin etmək üçün yol saxlamayan, 10 sm olsa belə, zəbt etməkdən ötrü sinov gedən, bir qarışı belə qənimət görüb, ərazisinə qatan bizik;

* kanalizasiya, yol, qaz, su çəkilmədən ev tikib köçən bizik...

Və əlbəttə ki, sonra da durub, dövlətin qabırğasına döşəyən bizik!

Guya “dövlət” Marsdan gəlib və sehrli çubuqla evləri aralayıb, yol qurmadığı, kanalizasiya çəkmədiyi üçün günahkardır!

Bələdiyyə, icra qanunsuzluq edib satır – sən niyə alırsan, niyə tikirsən, niyə qanunsuzluğu tətikləyirsən, iştirakçısı olursan?

Hələ bu yağışdı – su kollektorunun üstündə tikildiyi üçün bir-iki evi sökdürdü...

Birdən qaz “leysanı”, içməli su “daşqını”, kanalizasiya “tufanı” başlasa necə?

Paytaxtda magistral içməli su xətlərinin, magistral qaz xətlərinin, kanalizasiya sistemlərinin... üzərində tikilən villaların, binaların sayı nə qədərdir?

Tarix
2026.04.06 / 12:33
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Bu, bizim üçün əsas nəqliyyat damarıdır - Prezident

İlham Əliyevlə Kobaxidzde bəyanatlarla çıxış etdilər

Əminəm ki, səfərim buna yeni təkan verəcək - Prezident

İlham Əliyev Gürcüstanın dəyərli dostudur - Kobaxizde

Əliyevlə Kobaxidzenin geniş tərkibdə görüşü oldu - Foto

Prezidentin Kobaxidze ilə təkbətək görüşü... - Foto

Prezidentlərin təkbətək görüşü oldu - Foto

Prezident Tiflisdə belə qarşılandı - Foto

Prezident Tiflisdə Heydər Əliyevin abidəsini ziyarət etdi

Prezident Tiflisdə Qəhrəmanlar Memorialını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla