Türk İslam Araşdırmalar Mərkəzi "Tarixdən günümüzə
Mosul-Kərkük" adlı elmi konfrans keçirib.
Müsavat.com
xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa,
tarixçi alim Ənvər Nəcəf və digərləri iştirak edib.
Tarixçi alim Telman Nüsrətoğlu tədbiri giriş sözü ilə açaraq
keçirilən konfransın əsas məqsədi barədə iştirakçılara məlumat
verib:
"Bu gün Türkiyə Cumhuriyyətinin qurulmasının 93-cü ildönümüdür.
Eyni zamanda Zəngilan rayonunun işğalı günüdür. Məhz bu gün
görüşməyimizdə əsas məqsəd bir araya gəlib milli məsələləri
müzakirə etməkdir. Bu gün ümumi türk dünyasında ciddi proseslər
cərəyan edir. Tarixdən ibrət almasaq tarix bizim yaxamızdan əl
çəkməyəcək. Bu mənada tarixdən dərs almaq çox önəmlidir".
Daha sonra çıxış edən deputat Fazil Mustafa Mosul ətrafında
yaranmış siyasi proseslərə toxunub:
"Türkmən faktoru bu gün Azərbaycan üçün 2-ci bir faktora
çevrilib. Bu da səbəbsiz deyil. Bu, siyasi coğrafiyanın yaratdığı
bir məsələdir. Siyasi coğrafiyadan başqa həm də arada
inteqrasiyanın kifayət qədər olmaması, dövlətlər arasında siyasi
münasibətlər çərçivəsində bir irəliləyiş yaranmamasıdır.
Dövlətlər arasında yaxınlaşma olmalı və bu da mütləq cəmiyyətdə
öz əksini tapmalıdır. Amma bütövlükdə mənəvi duyğular var və bu
duyğulardan irəli gələrək bizim hansısa ərazidə yaşayan insanlara
ayrıca bir simpatiyamız olmalıdır. İstər türkçülük, istərsə də
İslam duyğusundan. Məsələyə də elə əsasən bu kontesktdən
yanaşmalıyıq. Bizim bu bölgəyə hər hansı bir şəkildə ayrıca
müdaxilə etmək, kömək göstərmək imkanlarımız demək olar ki, yox
səviyyəsindədir. Amma yenə də dediyim kimi biz mənəvi
duyğularımızla, Türkiyə üzərindən nələrinsə edilməsi baxımından
fikirlərimizi səsləndirə bilərik.
Hələ 25 il bundan əvvəl Türkiyədə belə bir fikir formalaşmışdı
ki, o bölgəyə dəstək olmasa məhv olacaq və bu gün artıq bu nəticə
ortadadır. Bəzən fikirlər səslənir ki, Türkiyənin bölgəyə
müdaxiləsi səhv addımdır. Əslində diqqətlə yanaşsaq görəik ki, səhv
addım deyilən bir şey yoxdur. Zamanında siyasi proseslər
nəticəsində Amerika Briləşmiş Ştatları bütövlükdə bu bölgəni öz
istədiyi istiqamətdə formalaşdıraraq, məsələnin həllini tamamilə öz
üzərinə götürüb Türkiyəni kənarda saxlamışdı. Beləliklə ABŞ
müttəfiqliq əxlaqına, prinsipinə əməl etməyib. Müttəfiqliq
əxlaqının pozulması Türkiyəni yeni axtarışlar riskinə getməsinə
səbəb olub.
Bir çox hallarda bizim də cəmiyyətimizin içində sanki Türkiyənin
orda əzilməyini istəyən, bu əhval-ruhiyyədə olanlar var. Bu, çox
təhlükəlidir. Bizim üçün bu gün türkmən məsələsinə baxış İran
üzərindən olmamalıdır.
Biz Türkiyə siyasəti üzərindən baxış ilə türkmənlərin xilas
olması üçün nəsə edə bilərik. Bu gün bir reallığı bilmək lazımdır
ki, İraqda bu gün ikinci İran dövləti yaranıb. Bu bizim üçün də
eləcə də türk dünyası üçün təhlükəlidir. Ona görə də Azərbaycan
bununla bağlı müstəqil siyasət yürütməlidir".
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) əməkdaşı Nazim
Cəfərsoy, tarixçi alim Ənvər Nəcəf də mövzu ilə əlaqədar çıxışlar
ediblər.
Tarixçi alim Ənvər Nəcəf qeyd edib ki, Mosul ətrafında yaranmış
proseslər təkcə həmin bölgənin deyil, həm də tarixi əhəmiyyətli
mədəniyyət nümunələrinin məhv olmasına gətirib çıxarır:
"Bu bölgənin tarixi əhəmiyyəti çox böyükdür. Bu gün Hələb kimi
gözəl bir şəhər demək olar ki, yox olub. Bununla yanaşı həm də
gözəl, tarixi əhəmiyyətli mədəniyyət nümunələri də məhv
edilir".
Milli Elmlər Akademiyasının əməkdaşı Yasəmən Qaraqoyunlu da
Yaxın Şərqdə baş verənləri təhlil edib:
"Bu günün əsas sualı, hədəfi Yaxın Şərqdə yaranacaq yeni
formasiyada Türkiyə və türk mərkəzində yeni Yaxın Şərq siyasətinin
formalaşması ilə bağlıdır. Ancaq bununla bərabər Türkiyənin özünün
dövlət bütövlüyünü qoruyub saxlaya bilməsi sual altındadır. Türkiyə
Anadolu bölgəsinə sıxışdırıldıqdan sonra təxminən Yaxın Şərqdən
80-90 il uzaqlaşdırıldı və Türkiyənin bununla bağlı yeni siyasəti
uzun müddət ortada görünmədi.
Türkiyənin Yaxın Şərqdəki məğlubiyyəti SSRİ-nin Əfqanıstan
müharibəsində daha da aydın oldu. Diqqət edin, Türkiyə İraqda,
Suriyada məğlub olanda İran qalib gəlir. Orta Doğuda İranın bir
siyasəti var və proseslərin arxasında İran həm qalib, həm də söz
sahibi kimi çıxır. Bu isə həm Azərbaycan, həm Türkiyə, həm də Güney
Azərbaycanı təhdid altına alır".
Tədbir geniş müzakirələrlə davam edib.