Bu gün Azərbaycanın teatr və kino sənətinin
əfsanələrindən biri - Əliağa Ağayevin vəfatından 33 il
ötür
1913-cü ilin 22 martında Bakıda İsmayıl kişinin ailəsində
dünyaya gələn gələcəyin sənətkarı 1930-cu ildə yeddinci sinifi
bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət
məktəbində oxuyur və iki il sonra çilingər işləməyə başlayır. İlk
rolu isə çalışdığı zavodun dərnəyin Mirzə Fətəli Axundzadənin "Hacı
Qara" komediyasında Hacı Qaradır olur.
1936-cı ildə Gənc Tamaşaçılar Teatrında debüt edən Ağayev 25 il
bu kollektivdə çalışdıqdan sonra, 1961-ci ildə Akademik Milli Dram
Teatrında işə başlayır. Bu artıq həmin dönəmlər idi ki, "O olmasın,
bu olsun"un şöhrəti ölkə hüdudlarını aşmışdı. İyirmi il "Azdrama"da
çalışan sənətkar burada müxtəlif səpkili obrazlara həyat verir.
Ə.Ağayev ilk fəxri adı hələ Gənc Tamaşaçılar Teatrında çalışanda
almışdı. O vaxt Ağayevin cəmi 30 yaşı vardı. Xalq artisti olanda
isə 41 yaşı tamam olmuşdu.
Həyatı və yaradıcılığı kimi sənətkarın ölümü də qeyri-adi baş
verib. Tərcümeyi-halına nəzər salanda onun niyə məhz Yasamal
qəbiristanlığında dəfn edilməsi də diqqət çəkir.
Əfsanəvi sənətkarla dostluq etmiş xalq artisti Tariyel Qasımov
Ölkə.Az-a onunla
bağlı xatirələrini danışır:
"1964-cü ildə Gənc Tamaşaçılar Teatrında ilk rolum "Nəsrəddin"
tamaşasında nökər rolu olub. Həmin tamaşada Əliağa Ağayev isə mənim
xozeynim idi. O, bütün gənclərin dostu idi. Gənc aktyorlara
tövsiyyə verməyi çox sevirdi. Deyirdi ki, gələcəkdə nə qədər çox
tanınsanız, nə qədər böyük aktyor olsanız, səmimi və sadə olun.
Onun seçdiyi üç dostu var idi. Onlardan biri mən, biri Lütfi
Məmmədbəyov, digəri isə İlham Namiq Kamal idi".
Tariyel Qasımov deyir ki, Ağayev dostlarına qarşı çox
qonaqpərvər və səxavətliymiş:
"Hər həftə bizi evinə dəvət edərdi. Əliağa müəllimin çox gözəl
xaş bişirməyi var idi. Özü də bizə qulluq edirdi və imkan vermirdi
ki, həyat yoldaşı Cəvahir xanım süfrəyə əlini vursun. Cəvahir xanım
İsgəndərova əməkdar artist idi. Valideynlik edirdilər bizə. Həmin
vaxt o Yasamal tərəfdə yaşayırdı, özü də bakılıydı. Böyük
sənətkarlığı öz yerində, həm də gözəl insanlığı vardı. Çox filmlərə
çəkilirdi deyə, maddi durumu yaxşıydı, pul xərcləyən idi.".
Sənətkarın bir oğlu, bir qızı olub. Oğlu Vaqif Ağayev uzun
müddət Musiqili Teatrda rejissor işləyib. T.Qasımov qastrol
xatirələrini paylaşır:
"Qastrollara gedəndə onun iştirak etdiyi tamaşalar anşlaq
olardı. Hətta tamaşadan sonra ondan əl çəkmirdilər. Axırda
administrator, rejissor deyirdi ki, bu kişini buraxın, gedib çörək
yeməlidir".
Həmsöhbətimiz sənətkarın ölümü haqda danışır:
"Köhnə "İnturist" mehmanxanasında bir məclis varmış. Bu bir
əhvalat danışıb və öz danışdığına necə gülübsə, oradaca dünyasını
dəyişmişdi. O, Fəxri Xiyabanda dəfn olunmayıb. Sovet dövründə kim
partiyanın üzvü idisə, onu Fəxri Xiyabanda dəfn edirdilər. Əliağa
Ağayev də böyük sənətkar olmasına baxmayaraq, siyasi məsələlərə
qarışmadığına, partiya üzvü olmadığına görə Yasamal
qəbiristanlığında dəfn olunmuşdu. Onun sənətinə xalq daha böyük
qiymət verirdi. Sənəti də o qədər böyük idi ki, xalq artisti
verməyə bilməzdilər. Heç bəlkə özləri ona xalq artisti adını da
vermək istəməzdi".