Axar.az filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadənin Şah İsmayıl haqda yazısını təqdim edir:
Bir çox qiymətli tarixi mənbələr dilimizin və mənşəyimizin türklüyünü təkzibedilməz şəkildə ortaya qoyur. Görkəmli dövlət xadimi və klassik poeziya örnəkləri yaradan I Şah İsmayıl (Xətai) ilə bağlı araşdırmalarımız da bu qənaəti aydın dəlillərlə möhkəmləndirir. S.Onullahi və Y.Mahmudovun Ş.İ.Xətai ilə bağlı "Paniranistin kəşfi və ya Xətai şair deyilmiş" araşdırmasında ("Azərbaycan" jurnalı nömrə 2.Bakı,1988) bu görkəmli Azərbaycan şairinin haqqında olan tarixi əsərlərin əksəriyyətində onun türk adlanması, şeirlərinin türk dilində yazılması barədə zəngin bilgilər vardır. Çünki ənənəvi olaraq o zaman da biz azərbaycanlı deyil, türk adlandırılmışıq. Ona görə də millətimizin parlaq təmsilçiləri təbii olaraq türk adlanmış, dili türk dili hesab olunmuşdur. Onu da qeyd edək ki, biz bu mənbələrə birbaşa müraciət də edə bilərdik. Lakin bu kütləvi şəkildə daha asan anlaşılsın və mənbə axtarışı əlavə vaxt aparmasın deyə, müxtəlif əsərləri ayrı-ayrı tədqiqata cəlb etməkdənsə, bir məqalədə cəmlənən bu tarixi bilgiləri məqsədimizə uyğun surətdə diqqətə çatdırmağı daha münasib bildik. Qeyd etdiyimiz kimi, tarixçi alimlərin "Paniranistin "kəşfi" və ya Xətai şair deyilmiş?" başlıqlı məqaləsi həm tarixi-ədəbi araşdırma, həmçinin Ş.İ.Xətainin şairliyini inkar edən iranlı tədqiqatçı Firuz Mənsuriyə tənqidi cavabdır. Ancaq bizim niyyətimiz bu yazıda bizə lazım olan bilgiləri nəzərə çatdırmaqdır. Öncə bu məqalədən Ş.İ.Xətainin nümunə verilən bir bənd şeirini örnək götürək:
"Şirvan xəlayiqi xamu Təbrizə daşına,
Mülki-əcəm sorar ki, qiyamət xaçan qopar?
Yetdikcə tükənər ərəbin kuyi-məskəni,
Bağdad içində, hər necə kim türkman qopar".
(Şah İsmayıl Xətai. Divan. Neapol nəşri. s. 72.)
Aydın göründüyü kimi, bu misralarda şair Təbriz, Şirvan və eyni soylu digər millətləri türkman (türk+man) adlandırır.
Müəlliflər daha sonra yazır "Rövzətüs-səfa" əsərinin Xandəmir tərəfindən yazılmış və Şah İsmayılın hakimiyyəti dövrünü əhatə edən VIII cildində qeyd olunur ki, Şah İsmayıl türkcə (azərbaycanca) şeirlər yazardı. Əmir Əlişir Nəvai ilə həmqafiyə olsun deyə şeirlərində "Xətai" təxəllüsünü işlədərdi (Rövzətüs-səfa. c.8-ci.Tehran 1274. Səh.168.)".
Tarixçi alimlər bu gün bizim Azərbaycan dilində adlandırdığımız Xətai şeirlərinin XVI əsrdə yazılan mənbədə "türkcə" adlanmasını göstərərkən onun qarşısına digər türk xalqları ilə qarışıq salınmasın deyə mötərizə arasında "azərbaycanca" ifadəsini əlavə olaraq işlətmişlər. Tədqiqatçılar XVI əsrə aid olan digər bir təzkirəni də örnək göstərərkən eyni vəziyyətin şahidi oluruq: "Sam Mirzə yazır ki, "onun (Xətainin-A.İ.) adını burada ona görə çəkir ki, dini və dünyəvi işlərə xeyli vaxt sərf etməsinə baxmayaraq, hərdən öz təbini də yoxlayırdı. Xətai təxəllüsü ilə türkcə və farsca şeirlər yazardı" (Bax: "Töhfeyi-Sami" vər. 191. Tehran, 1314" (9, 85)
Yeri gəlmişkən qeyd edək ki, Ş.İ.Xətainin oğlu olan Sam Mirzənin atasının azərbaycanca yazdığı şeirləri "türkcə" adlandırması dilimizin türk dili adlanmasını ortaya qoymaqla bərabər, həm də ona görə maraqlıdır ki, onun fars dilinə üstünlük verib, türk dilinə biganə olması barədə fikirlər mövcuddur. Bu barədə böyük ədəbiyyatşünas alim Səlman Mümtaz "Şah Xətai" başlıqlı məqaləsində yazır: "Şah Xətainin öz oğlu olan Sam Mirzə "Töhfeyi-Sami" adlı yazdığı təzkirəsində öz atası Şah Xətainin tərcümeyi-halını, yəni bir türk hökmdarının, bir türk şairinin sərgüzəştini və şeirlərini yazarkən ən mütəəssib bir fars kimi düşünmüş və ya da bir əcnəbi mühərriri kimi də qələm yürütmüşdür. Şah Xətainin türkcə söylədiyi şeirlərindən nümunə üçün olsun belə göstərməmişdir" (Azərbaycan ədəbiyyatının qaynaqları.Bakı,Yazıçı,1986).
Burada S.Mümtazın I Şah İsmayılı türk, onun azərbaycanca yazdığı şeirləri türkcə adlandırması yenə də dilimizə və mənşəyimizə aid aydın mövqeyi ortaya qoyur. Tarixi mənbələrə qayıdaq: "1551-1555-ci illər arasında özünün məşhur "Rövzətüş-səlatin" əsərini yazmış Fəxri Herovi Şah İsmayıl Xətaidən bəhs edərkən yazırdı ki, "onun fars və türk dillərində şeir yazmaqda yaxşı təbi vardı".
S.Onullahi və Y.Mahmudov başqa bir abzasda göstərir: "Səfəvi tarixinə dair ən qiymətli mənbələrdən biri olan İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" (XVII əsr) əsərində oxuyuruq: "O həzrət (yəni Şah İsmayıl) şeir yazmaqda ali təbə malik idi. Lakin türkcə (azərbaycanca) şeir yazmağa daha artıq həvəs göstərirdi. Bax. İsgəndər bəy Münşi Torkman. "Tarixi-aləmarayi-Abbasi" 2-ci nəşri. Tehran . 1350. c 1. s. 44".
Müəlliflər daha sonra yazır: "Katib Cələbi (XVII əsr) "Kəşfül-zünun" əsərində Xətainin bizə məlum olmayan bir divanından bəhs edərək yazır: "Xətainin divanı türkcədir (yəni azərbaycancadır). Xətai h. 930-cu ildə (1524) vəfat edən Şah İsmayıl Səfəvidir" (Kəşfül-zünun. h. 1310. səh.510).
Başqa bir tarixi mənbəni göstərən tarixçi alimlər XIV əsrdə yazılmış bir tarixi məxəzi diqqətə çatdırarkən yenə də eyni ifadələrə rast gəlirik "Səfəvi dərviş təriqətinin banisi Şeyx Səfiəddin İshaqın (1252-1334) tərcümeyi-halını yazmış səfəvi dərvişlərindən biri olan Təvəkkül ibn İsmayıl ibn Hacı əl-Ərdəbilinin (ləqəbi İbn Bəzzaz) məşhur "Səfvət əs-səfa" əsərində verilən bir məlumatla tanış olaq: "İbn Bəzvaz belə yazır: "Şeyx Səfiəddin bu ləfz ilə buyurdu: "Ey xülafə camaatı, Xacə Sədrəddinə dua edin ki, rəhmətlik Şeyx Zahidin və mən türkzadənin (türk oğlunun) taxtını aparmışdır". (Bax: Səfvət əs-Səfa. Leninqrad nüsxəsi. səh. 524).
Göründüyü kimi, I Şah İsmayılın ata babası, eləcə də Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin İshaq özünü türk oğlu adlandırır. Özü də bu onun müasiri olan İbn Bəzzazın əsərində qiymətli fakt olaraq tarixi hüququnu saxlayır. Bu şəxsiyyətlərin özləri özlərini türk adlandırdıqları halda beş yüz, altı yüz il sonra onları "azərbaycanlı" adlandırmaq necə də yanlış və gülünc görünür.
Təsadüfi deyil ki, böyük Şeyx Nizami (Gəncəvi) də öz övladını türkzadə (türk oğlu) adlandırır "Xosrov və Şirin" əsərinin sonunda yazır:
Əgər şod torkəm əz xərgəh nəhani,
Xodayə, torkzadəmva to dani.
(Əgər türküm çadırdan gizlinə çəkildisə də,
Xudaya, türk balasını sən özün qoru.)
Məlumdur ki, bu misralarda şair çox sevdiyi Afaqın dünyadan köçməsindən bəhs açır, ona "türküm" deyir, Afaqdan olan oğlu Məhəmmədi isə "türk balası" adlandırır.
Belə olduğu təqdirdə biz bu tarixi məsafəni daha da çox-çox əvvələ çəkməliyik. Tarixçi alimlərin ciddi araşdırmasına qayıdaq: "1617-ci ildə Şah Abbasla danışıqlar aparmış italyan diplomatı Tetro Della Balle yazır ki, "İranda farscadan daha çox türkcə, yəni Azərbaycan dilində danışırlar... Şah mənimlə danışıqları da türk dilində (Azərbaycan dilində) aparır, sonra da ətrafındakılara farsca izah edirdi" (Bax: Petro Dello Ballenin səyahətnaməsi. Tehran.1346.fars dilinə tərcümə edən Şücaəddin Şəfa. səh. 87-88, 239 və s.).
Bu məqalədə I Şah İsmayılın, Səfəvilərin özlərinin türk, dillərinin türk dili adlanması haqqındakı dəyərli bilgilər bizim bu dövrlərdə də türklüyümüzün aşkar görüntüsüdür. Lakin türk adı bu dövrlərlə yekunlaşmır, əksinə bizimlə birgə əsrdən-əsrə keçərək bu günə gəlib çıxır. Çünki bu ad bizimlə daşınır. Bu ad bizim dilimiz və mənşəyimizdir.