Yuxarı

Səttarxanı ağladan qadın mücahid

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

1908-ci ildə, məclis bağlanan zaman, məşrutə mərkəzi Təbrizə köçürülüb və bu şəhərin mücahid qadınları da mübarizəyə qatılıblar. Təbriz mühasirəyə alınan zaman qadınlar kişi paltarı geyinib şəhəri qorumaq üçün kişilərlə bərabər döyüşüblər. Bir gün Əncümən Həqiqətdə yaralılardan birinin yarasını sarımaq üçün köynəyini çıxarmaq istəyiblər. Yaralı bu işə mane olub. Yalvarıb ki, bu fikirdən daşınsınlar. Sonda Səttarxan özü deyib ki, qoy yaranı bağlasınlar. Yaralı sonda çarəsiz qalaraq qız olduğunu etiraf edib. Bu an Səttarxan kövrəlib, gözləri dolub, qıza cavab verib: “Qızım, mən həyatda olarkən, sən niyə döyüşə getmisən?”

Bu xanım Telli Zəri idi. Azərbaycan şairi Söhrab Tahir bu macəranı “Qız mücahid paltarında” adlı şeirində canlandırıb.

Axar.az Söhrab Tahirin “Qız mücahid paltarında” adlı şeirini təqdim edir:

Günəş çıxır, qızıl şəfəq səpələnir hər bir yana

Bir mücahid göz yaşıyla təzim edir Səttarxana

Sərdar! Burda bir mücahid yaralıdır, sayıqlayır.

Bütün gecə qan itirib, çöpə dönüb, arıqlayır.

Bir oğlandır, tanımayır bu yerlərdə heç kəs onu.

O gizlədir hamımızdan yarasının olduğunu

Yumruğunu basıb oğlan yarasına

O düşmüşdür iki səngər arasına

٭٭٭

Sərdar açır əvvəl onun döşündəki bu qatarı

Pencək qanlı, pencək altda zərbaftalı qız paltarı

Papağının altındakı hörükləri

Ağ alnında muncuqlanıb ölüm təri

Qızım! Kimsən, kimlərdənsən? Bu nə haldır, bu nə qərar?

Mücahidəm, böyük sərdar, mən bir qızam, adım Telli

Nə nişanlım, nə də ərim, mən həmişə çoxdan bəri

qız adımı yalan dedim

Gənc ömrümün baharında, bu mücahid paltarında

Səngərlərin məzarında, mən özümə oğlan dedim

٭٭٭

Batdım arzu dənizində, tüfəng gördüm cehizimdə

Güllə aldım gilizimdə, öz canımı qurban dedim

Bacım qaldı “Maralanda”, yaralandı “Xiyavanda”

Dedi: Vuruş, qız olsan da, vuruşaram hər an dedim.

Qurban getdi son qardaşım, qan ağladı dağım, daşım.

Qurumadı gözüm yaşı, bu dünyaya üsyan dedim

Nə Məcnunam, nə Leyliyəm, öz bəxtimdən gileyliyəm

Gəldim eşqə meyl eyləyim, nakam eşqim talan oldu

Mən bir qızam, adım Telli, nə nişanlım, nə də ərim

Sənə açdım bu sirləri, adım sənə əyan oldu

٭٭٭

Əl uzatdı o sərdara

Yumruğunda çəngələnmiş ürək yara

Ürəyində nakam qalmış istək yara

Səngərlərin bələyində, Eynalının ətəyində

Sən öz böyük ürəyində basdırarsan məni, sərdar.

Ölsəm üzüm belə döndər, şikəst olsam kəndə göndər.

Kəc baxmasın mənə gedən,

bir naməhrəm, denə, sərdar

Nakam qızam, tutma yasım, bəlkə məni qara basır

Çən gözümdən pərdə asıb,

qov gözümdən çəni, sərdar!

٭٭٭

Qız keçinir gözlərində iki gilə mirvari yaş

Solur üzü yavaş-yavaş... açıq qalmış gözlərində

Bir yarımçıq yol həsrəti, iki gilə yaş içində

qərq olmuşdur onun dünya məhəbbəti...

٭٭٭

Qurban gözün qarasına, qız köksünün yarasına

Kirpiklərin arasına ağ ulduzlar dolar, qızım!

Gözlərində gözüm ağlar, ürəyimi yaran dağlar

Anan gələr matəm saxlar, saçlarını yolar, qızım!

٭٭٭

Ağlamaram gözüm dolsa, yer üzünü ölüm alsa,

Səttar əgər Səttar olsa, qisasını alar, qızım!

Gəldim ölüm xəbərinə, heyran oldum sözlərinə

Yum gözünü, gözlərinə top tüstüsü dolar, qızım!

٭٭٭

Qoy var olsun etiqadım, qız qardaşsan, kişi qadın

Sən ölsən də, ölməz adın, bu dünyada qalar, qızım.

El qəhrəman qız yetirdi, dağım üstdən dağ yetirdi

Səni hansı xalq yetirdi, o xalq zəfər çalar, qızım.

٭٭٭

Qərib düşür qızıl şəfəq, səpələnir hər bir yana

Mücahidlər baş əyirlər, gözü yaşlı Səttarxana

٭٭٭

Sərdar yumur əllərilə qızın yaşlı gözlərini

Ürəyində söyləyir qızın ürək sözlərini:

“Ölsəm üzüm belə döndər....”

Tarix
2016.12.28 / 08:45
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla