Bəstəkar Səyavuş Kəriminin bu gün doğum günüdür. Ömrünün 59-cu
ilini qeyd edən bəstakarın təvəllüd günündə onunla görüşüb
söhbətləşdik.
- Sizi təbrik edirik, can sağlığı arzulayırıq. Bəs
özünüz özünüzə nə arzu edirsiniz?
- Kor nə istər, iki göz, biri əyri biri düz. Sizin mənə arzu
etdiyinizi, mən də özümə arzu edirəm. İnanın ki, ad günümü
unutmuşdum. Bu yaxınlarda bir aforizm oxudum. Bu dünyanın ən gözəl
hədiyyəsi, neməti can sağlığıdır. Həyat iki hissədən ibarətdir. Ağ
və sarı...
- 59 illik bir ömrü neçə yaşadığınızı
düşünürsünüz?
- Mənim ömrüm hələ qabaqdadır. Amma hərdən deyirəm, zaman nə tez
ötüb keçdi. Sanki bir göz qırpımında.
- Hansı illər üçün darıxırsınız?
- İnsan yaşadığı bütün illər üçün darıxır və şirinliyi ilə acısı
ilə xatırlayır. Hər yaşımın öz izi var ömrümdə.
İnsan hərdən şıltaqlıq, uşaqlıq etmək
istəyir
- Ömür sizi qocalığa aparır. Qorxmursunuz
ki?
- Əsla, təki şərəfli qocala bilim. Həyatın ən pik nöqtəsi ölümə
doğru gedirəm. Niyə qorxmalıyam ki? Ölümü də ləyaqətlə qarşılamaq
lazımdır.
- İtirdikləriniz çoxdur, yoxsa
qazandıqlarınız?
- İtirdiklərimin yarasını qazandıqlarım qaysaqlandırdı. Nə
itirdiklərimiz, nə də qazandıqlarımız hesablanmır. Həyatda hər şey
nisbidir. İnsan ən dogma ata-anasını itirir, amma zaman keçir,
bununla belə barışır.
- Gənc yaşınızda etdiyiniz, amma bu yaşınızda
çəkindiyiniz hansısa bir əməliniz varmı?
- Ən çox sözü cilalayıram. Bu yaşımda sözün çəkisinə daha çox
fikir verirəm. Amma nə olsun ki, yaşlanırıq. İnsan hərdən
şıltaqlıq, ərköyünlük, dəlilik, uşaqlıq etmək istəyir.
- Olduğunuz kimi görünürsünüz?
- Göründüyüm kimi insanam...
- Bəstəkarlıq cətindir?
- Yaradıcılığın bütün anları gözəldir. Etdiyin işi sevərək etmək
kifayətdir. Həyatda cətin heç nə yoxdur. Yetər ki, sən həlli olan
yollardan keçəsən.
- Bu gün filmlərə, teleseriallara dəvət
alırsınız?
- Yox almıram. Alsam da, çəkilmərəm. Mən yetərincə tanınıram.
Cəmiyyət Səyavuşun simasını tanıyır. Artıq kifayətdir.
- Teleseriallardan söz düşmüşkən, hansısa serialı
izləyirsinizmi? Bəyəndiyiniz varmı?
- Yalan danışmayım. Yox, izləmirəm. Ancaq idman
proqramlarına üstünlük verirəm.
- İdmanla məşğul olursunuz?
- Zamanında olmuşam. Ox atmışam, basketbol və
futbol oynamışam. İdmanı çox sevmişəm.
İndi kütlə incəsənət adamlarını arxasınca
aparır
- Azərbaycan mediasına arzunuz varmı? Deyirsiniz ki, gün
o gün olsun, bizim efirimizdə də səviyyəli musiqi təbliğ olunsun.
Bəyənmirsiniz bu günün ritmini?
- Zaman vardı mədəniyyət və incəsənət adamları
kütləni öz arxasınca aparardı. Amma indi kütlə incəsənət adamlarını
arxasınca aparır. Nəticə də göz qabağındadır. Mədəniyyət daim
tərbiyə edilməlidir. Bunu mədəniyyət naziri gəlib eləmir. Hamı öz
evində etməlidir. Bu gün də arxasınca getmək mümkün olan insanlar,
şəxsiyyətlər var. Ancaq təbliğ olunanlar başqadır. Televizoru nə
qədər söndürəcəyik, bilmirəm. Onu bilirəm ki, bizim mədəniyyətimiz
bu deyil. Gərək mikrobun, infeksiyanın, virusun düşdüyü nöqtəni
tapaq və qarşısını peyvəndlərlə alaq. Oxumaq pis iş deyil. Sadəcə,
oxumaq bilirsənsə, oxu... Həvəsin var oxumağa, ocağın kənarında
dovğa bulayanda oxu... Belə insanları efirə buraxmaq olmaz.
- Bu günkü mahnıların musiqisini bəyənmirsiniz, yoxsa
sözlərini?
- Bilirsinizmi, birinci ifadır. Pis mahnı yoxdur, pis təqdimat
var. Nəğmə ilə şənlənirik, qəmlənirik.
- Kimləri dinləyirsiniz
- Adlarını bilmirəm. Yol gedəndə FM dalğalarında gənclərin
səsini eşidirəm. Xoşuma gəlir. Özümə seçim qoymuram. Kim oldu
dinləyirəm. Əsas odur ki, yaxşı musiqi eşidim.
- Sənətçi üçün təhsil vacibdir?
- Əlbəttə... Ali təhsil qıfılın açarıdır.
- Bəs niyə bu günkü müğənnilər təhsildən
qaçır?
- Baxır oxumağa nə məqsədlə başlayıb. Əgər
tanınmış insan olmaq fikrindədirsə, mütləq iki daşın arasında da
olsa, təhsil alacaq. Əgər oxumağa biznes qurmaq üçün gəlibsə, təbii
ki, təhsil almayacaq. Deyəcək, mənə lazım olan toydur. O da
"tutursa", bəsimdir. Yəqin zaman gələcək bu məsələ həllini tapacaq.
Gözləyək, yaxşı olar inşallah...