Bu gün Xalq artisti Arif Quliyevin 64 yaşı tamam olur.
Ad günü münasibəti ilə ona zəng edib hal-əhval
tutduq.
- Arif bəy, sizi gülüş belə cavan saxlayıb?
- Əlbəttə. İnsan gərək öz işiylə məşğul olsun ki, cavan qalsın,
ürəyi təmiz olsun və üzü gülsün.
- Bəs Azərbaycanın hansı aktyorlarının gülüşü adamın
ömrünü qısaldır?
- Yerində olmayan adamlar var, amma belələrinə rast gəlməmişəm.
Kiminsə gülüşü ömrü qısaldırsa, bu, onun çıxışındakı keyfiyyətin
azlığındadır. Bilmirəm siz kimləri nəzərdə tutursunuz, ancaq mən
beləsinə rast gəlməmişəm.
- Gənc yumoristlərlə aranız necədir?
- Gənclərin tənqid olunmasının əleyhinəyəm. Həmişə onların
tərəfini saxlayıram. Axı, Arif səhnəni tutub durmayacaq ki?
Dəyişiklik mütləqdir, yeni simalar da olmalıdır. Zamanla onları da
sevəcəklər, onlara da öyrəşəcəklər. Coşqun, Rafael, Fərda, Tahir və
Cabir İmanovlar, Elməddin, Müşfiq populyardır və tamaşaçı artıq
onları tanıyır. Mən də izləyirəm. İzləməsəm, qiymət verə
bilmərəm.
- Amma onlar Arif Quliyev deyil?
- Təbii, mən Lütfəli Abdullayev olmadığım kimi onlar da Arif
Quliyev ola bilməz. Düzdür, təqaüdə çıxmışam, amma teatra tez-tez
gedirəm. Əsas odur ki, səhnəmiz gülüşsüz qalmasın. Gülüş həmişə
var, gülüş silahdır, sözdür. Onun təsir imkanları böyükdür.
- Səhnəsiz darıxmırsınız?
- Teatrla əlaqəm kəsilməyib, üç gündən bir baş çəkirəm.
Televiziyalara tez-tez dəvət edirlər, sağ olsunlar iştirak
edirəm.
-Bir vaxtlar siz Azərbaycan səhnəsinə yeni gülüş növləri
gətirirdiniz. Axtarışlar davam edir?
- Pıçıltılı gülüş, xırltılı gülüş, ürəkdən gülüş, ölüm ayağında
gülüş… Növlər çoxdur. İndi də kəşflər davam edir, gecə-gündüz
çalışıram. Suda boğulan və özünü onuncu mərtəbədən atan adamın
gülüşünü kəşf etmişəm. O, uça-uça yıxılıb yerə dəyəndə gülür.
- Arif müəllim, bizim redaksiyamızda bir oğlan var,
deyir ki, Arif müəllimin ən yaxşı rolu "Mənim ağ şəhərim"
filmindəki saqqız satan obrazıdır. Həmin filmdə siz qazdan
zəhərlənib ölən uşaqların qəbrinin üstünə saqqız düzüb
ağlayırsınız…
- Bilirsiniz, hər insan aktyora öz qiymətini verir. Bəziləri
deyir, ən yaxşı rolum Mirişdir, bəziləri deyir Şirulladır. Məncə
də, ciddi obrazlarım arasında ən yaxşı rolum o saqqız satandır.
Mərahim Fərzəlibəyov məni ciddi rolda sınayıb və pis alınmayıb.
- Komediya aktyorları yaşlandıqca özlərini tragikomik rollarda
sınayırlar. Sizin belə istəyiniz varmı?
- Var və mən artıq elə bil tragikomik obrazı oynamışam. Əməkdar
incəsənət xadimi Fikrət Əliyevin qocalar evində cərəyan edən "Son
dayanacaq" filmində fərqli bir obraz yaratmışam.
- Komediyadan yorulmamısınız?
- Qətiyyən. O şeyi ki, sevirsən, ona ürəyini açırsan və o sənin
bir parçan olur. Komediya da mənim bir parçamdır və ondan bezə,
yorula bilmərəm.
- Ad gününüzü necə qeyd edirsiniz?
- Əla. Hər gün yeyib-içirəm, amma acından ölürəm.
- Axırıncı dəfə nə vaxt ağlamısınız?
- Oğlumu itirəndə…
/1937.az/