"Bəzi jurnalistlər peşəkarlıqdan kənar hərəkət
edir".
Bu sözləri Gömrük Hospitalında müalicə olunan şair Aqşin Yenisey
bu gün Axar.az-la əlaqə saxlayaraq özü deyib:
"Jurnalistlər mənə telefon açır, səhhətimlə maraqlanır. Hamısına
təşəkkür edirəm. Lakin bəziləri hansı mətbuatdan olduğunu, rəsmi
olaraq zəng vurduğunu bildirmir. Köhnə tanış, həmkar, oxucu kimi
halımı soruşurlar. Mən də onları üzməmək üçün yarı-zarafat,
yarı-ciddi cavab verirəm. Sabahı isə bizim telefon danışığımızı
olduğu kimi dərc edirlər. Guya yanımda olublar, mənə suallar
ünvanlayıblar. Mən heç vaxt səhhətim və ümumiyyətlə heç bir şeylə
bağlı mətbuata qapalı olmamışam. Əgər onlar rəsmən mətbuat üçün
sual verdiklərini desəydilər, mən daha dolğun və ciddi cavab verər,
həkimimdən xahiş edərdim ki, o da öz münasibətini, mənim durumumu
bildirsin".
Şair onu da qeyd etdi ki, bu, həm də onların işlədiyi mətbu
orqanına başucalığı gətirmir: "Çoxu cavandır, üstünə də getmək
olmur, hələ jurnalistikanı öyrənməlidirlər. Bilirəm ki, bu mənə
qarşı həm də istəkdən irəli gəlir. Lakin mənim zarafatla verdiyim
cavablar da tərəfimdən qeyri-ciddi səslənir".
Aqşin Yenisey bəzi jurnalistlərə iradını bildirəndən sonra
səhhəti haqda məlumat verdi: "Elə bir orqanım yoxdur ki, yaxşılığa
doğru dəyişməsin. Həkimlər deyir, bütün bunlar o demək deyil ki,
mən bu gün-sabah, ya da 10-15 günə tam sağalacağam. Həkimlər mənim
hələ uzun müddət həkim nəzarətində qalmalı olduğumu deyir.
Səhhətimdə irəliləyişlər var. Gözümdə, bədənimdə sarılıq çəkilmək
üzrədir, xeyli azalıb. Qara ciyərimə yığılan su da azalıb".