Qocaman şair Fikrət Sadıq ömrünün 84-cü baharını da yola
saldı. Artıq 85-in ilk günlərini vərəqləyir.
Elə bu münasibətlə şairlə telefon əlaqəsi saxladım.
İstədim onun "Xatirə dəftəri"ni birlikdə vərəqləyim. Onu ötənlərə
qaytarım.
(Əvvəli
burada)
HEÇ KƏS BİLMİRDİ Kİ, MƏN...
- Bunu siz, müşahidələrinizə, başınıza gələn hadisələrə
söykənib deyirsiniz də...
- Gördüklərimi, olanları deyirəm. Görmüşəm, görməsəm
demərəm.
- Məsələn, siz gənclik illərinizdə dənizçilikdən ayrılıb
gəldiniz ədəbiyyata, poeziyaya.
- İkisi də mənə doğmadır, dəniz də poeziya da.
- Amma deyəsən bir dönəm şeirə, poeziyaya diqqət azaldı,
pis təsir etdimi sizə?
- Meydan hadisələri olanda özümü yaxşı hiss edirdim. Şəhriyardan
bir şeir tərcümə etmişdim - "Azərbaycan" şeirini. Onu qalın
vərəqələrə yazmışdılar, Şəhriyarın şəkilini də yapışdırmışdılar.
Yayılmışdı hər yerə. Ancaq heç kəs bilmirdi ki, o şeiri mən tərcümə
etmişəm fars dilindən. Ona görə sevinirdim ki, meydan hadisələrində
çıxış edənlər hamısı o şeiri əzbər bilirdi.
QODXMURAM, HADİSƏLƏR BU BİNADA OLUB
- Fikrət müəllim, mən istəyirəm, bir az da o dövrə
qayıdaq ki, siz Mirzə İbrahimovun adını çəkdiniz. İsmayıl Şıxlını
xatırladınız. Onlardan da qabaq Mehdi Hüseynlə işləmisiz, sizi
tanıyıb.
- Qorxmuram, bax, elə bu binada olub hadisələr. Ən çox xoşuma
gələn Hüseyn Mehdi olub. O birilər haqqında da yaxşı fikirlərim
var, hörmətlərini də saxlamışam. Lap İmran Qasımovun da yanında
işləmişəm. Onun vaxtında mən bura, Yazıçılar Birliyinə gəlmişəm.
Müəyyən mənada onlarda da müəyyən xasiyyət var idi; biri
yerlibazlıq, digəri dostbazlıq edərdi... Ancaq Hüseyn Mehdi şəxsən
mənə çox diqqət və qayğı göstərib. Heç mən onun yerlisi – qazaxlı
da deyiləm. Bir dəfə mənim Sabirə yazdığım uzun, iki yüz misralıq
"Ömrün bir günü" şeirimi oxuyub, bəyənib. Mən Şamaxıda müəllim
işləyirdim o zaman. Burada, AYİ-də Kübra xanım vardı o zamanlar,
ona tapşırıb ki, bu adamı yerin deşiyindən də olsa, tapın gətirin
mənim yanıma. O adam "Azərbaycan", "Ulduz" jurnallarını, qəzetləri
oxuyurdu. O dövrdə indiki kimi İttifaqın bəzi katibləri vardı, heç
nəyi oxumurdular. Bilmirəm, bəziləri oxuyurdu, ya oxumurdu, ancaq
Hüseyn Mehdi oxuyurdu və adamları tanıyırdı.
TÜRKLƏR "BAŞ"I AYAĞA GEYİR
Fikrət müəllim xatirələrinin düzümünü arada
qarışdırır, bəzən ardıcıllığı pozurdu. Lakin bütün
hallarda söhbəti çox maraqlı idi. Bu dəfə də sözünü birdən yadına
nə isə düşübmüş kimi yarıda kəsdi. Əlləri ilə uzun saçlarının
yatımını yoxladı və:
- "Papaq" sözünü deyim sənə, qulaq as. Farsların qədim
söhbətidir. "Pa"-"ayaq" deməkdir. Farslar deyir ki, ayə bu türklər,
yəni bizlər, qəribə millətdir, başına börk qoyur, adını da qoyur
papaq. Ancaq biz başmaq düzəltmişik, orada da "baş" sözü gedir.
Sözün özündə "baş" var, amma bu türklər bunu ayağa geyinirlər.
- Fikrət müəllim bayaqdan danışırsız, Hüseyn Mehdi
deyirsiz...
- Hə, elə idi. O, 10 il "Mehdi Hüseyn", 10 il də "Hüseyn Mehdi"
imzası ilə yazdı.
- İmzasını dəyişik yazması xarakterindən irəli gəlmirdi
ki, məsələn, bəzi şeyləri qarışdırmırdı ki...
- Yox, çox gözəl insan idi. Görmüşəm də katibləri, ancaq o,
seçilirdi mən gördüyüm katiblər arasında. Bütöv kişi idi...
HEYDƏR ƏLİYEVLƏ BELƏ OLUB
- Bəs, Mirzə İbrahimov necə? Deyəsən axı o da yerlibaz
deyildi?
- O da qüdrətli, kamil, savadlı adam idi.
Azərbaycan dili üçün çox vuruşan adam olub. Mənim cavan vaxtında
müşahidə etdiyim müəyyən mənada həqiqəti sevən və yeni ədəbiyyatı
oxuyan və ədəbiyyatın gələcəyini qəbul edən, çalışan Hüseyn Mehdi
olub.
- Dövlət rəhbərləri ilə tanışlığınız, görüşləriniz
olub?
- İndi məni necə tanıyırsan, o zaman da belə idim. Özümü gözə
soxan adam olmamışam. Ancaq Heydər Əliyevlə belə olub ki, mən
kinostudiyada sənədli filmlər üzrə baş redaktor işləyirdim. Onun
bütün səfərlərini mənim operatorlarımla bərabər gedib çəkirdik. O
özü də məsləhətlər verirdi, nəyi, necə çəkək. Mübaliğəsiz deyirəm,
bir dənə adam idi o. Ədəbiyyatı, sənəti bilən adam idi.
- Onun dövründə hakimiyyətdə ədəbiyyata maraq çox
idi?
- Onun dövründə ədəbiyyata xüsusi hörmət var idi. O adam teatrı
bilirdi, Fizulini tanıyırdı. Öz dövründə ətrafındakı sənətkarları
tanıyırdı və qiymət verirdi. Yaxşını yaxşı, pisi pisdən ayırırdı.
Biri var, şair, biri də var qafiyəbaz. O zaman şairlər vardı, indi
qafiyəbazlar var. Savadsızlar, nadanlar, cahillər çoxalıb. Yaxşı
işi kamil adamlar görə bilər, cahillər yox.
- Demək istəyirsiz ki, cahillərimiz kamillərimizi
üstələyib?
- Onu mən deməsəm də, belədir, indi şairdən çox
cahil var. Şeir aləmində cahil çoxdur, şair isə demək olar ki,
yoxdur.
Mövzunu dəyişirəm:
- Neçə xanıma şeir yazmısınız? – soruşduğumu görürəm,
nurani üzünə xəfif təbəssüm çilənir:
- Bir adamı sevən şair ola bilməz. Ola bilər bəlkə də, o cür də
şairlər var. Dahi Füzulinin hər qəzəlində bir qız var. Mopassan
deyilən Fransız yazıçısı var. Kitabını götürdüm, elə-belə
vərəqlədim, gördüm həmin kitabda qırx hekayə var, otuz doqquzunu
qadınlara həsr edib. Özü də başqa-başqa qadınlara.
BİZDƏ ABIR-HƏYA, ETİKA VARDI...
- Ola bilər ki, o əsərlərdə qadınların adları başqa
olsun, amma içi bir qadından xəbər versin?
- Yox. Mopassan çox adama hekayə yazıb. Mən də
çox qadına şeir yazmışam. Lap 13-14 yaşımdan, ta dünənə kimi
yazıram. Gözəlliyə və gözəl qıza şeir yazmaq olar.
- Şeiri yazıdığınız o qızlar bilirdi ki, onlara şeir
yazılıb?
- Yox, bilmirəm. Deməyəcəkdim ki, ay qız sənə
şeir yazmışam... Bizim vaxtımızda elə şeylər yox idi. Bizdə
abir-həya, etika vardı.
SONRA YAXŞI OLDU... EVLƏNDİM
- Demək, belə başa düşmək olar ki, sizin sevgi şeirləri
ayrı-ayrı xanımlara yazılan təbii, lakin müvəqqəti və nakam
sevgilərdi?
- Nakam sevgilər yoxdur. Mən universitetdə
oxuyanda birinci kursdan bir nəfərdən xoşum gəldi, beş il oxudum o
qızla...
- Bəs, sonra nə oldu?
- Sonra yaxşı oldu... evləndim onunla. Həmin qadın mənim
uşaqlarımın anasıdır. Ancaq başqa adamlara şeirlər o qədər yazılıb
ki...
- Heç olub ki, cavan vaxtı xanımınız "bunu kimə
yazmısan", - deyə inciyib?
- Ola bilər soruşsun, - Fikrət bəy deyir və əli ilə alnını ovur,
sanki yaddaşının, alın yazısının alt qatını vərəqləyir və: - Hə,
soruşub da, - deyir. Amma mən demişəm ki, bu şeir yazmaqdır,
başqasına əl uzatmaq deyil ki... Əliağa Vahid də 100 adama, 100
qıza şeir yazıb, nə olsun.
Fikrət müəllimdən şeir deməsini xahiş edirəm. Əvvəlcə
etiraz edir, qocalığını bəhanə gətirmək istəyir, sonra qılığına
girirəm. "Lalələr" adlı iki bəndlik şeir deyir. Sonra əlavə
edir:
- Çoxdanın şeiridir. 60-cı illərdə yazmışam.
- Bəs, axırıncı şeiriniz hansıdır?
Bir qədər səsini qaldırır. Ərk də, ağsaqqalıq da var
səsinin tonunda:
QADINLARIN HAMISI...
- Adə-ə-ə, o cür sən məni bölmə e, onsuz da milləti bölmüsünüz.
Ən axırıncı sevgi şeirimi ta sevənə qədər yazmışam. Ondan sonra
yazmamışam.
- İndi qadınlara sevgi nöqteyi-nəzərindən baxmırsınız
da, dost kimi, yaxın kimi?
- Yox, indi qadınların hamısı mənim
qızlarımdır, bacılarımdır.
- Yeni təbəqəyə bölünüblər də onlar...
- Ziqmund Freyd deyib də, müəyyən yaş var sənətkarlarda. O
yaşdan sonra məhəbbət şeirləri yazılmır.
- Fikrət müəllim, sizin yeniyetmə vaxtınız, gənclik
illəriniz, özünüzün danışığınızda da, mənim sizi oxumağımda da,
poeziyanızda da o ironiya, sarkazm, yumor, bunlar hamısı var.
Dediniz gendən gəlmədi, Şamaxı torpağından gəlmədi. Amma bununla
yanaşı bir çılğınlıq, bir mübarizlik olub sizdə. Siz o yeniyetmə
vaxtdan üzü bəri, 85-ci baharın, yaşın içərisində olan Fikrət Sadıq
- nəyi arzulayırdınız, o arzular sizi hara qədər dartdı apardı,
gözlədiyiniz həmin yerə çata bildinizmi?
- Birincisi, nə bahar-bahar salmısan, ay Faiq, ay oğul. Mən
ömrün böyük qışının içindəyəm... o ki qaldı arzuya, mənim ömür boyu
fikirləşdiyim o olub ki, millət savadlı olsun. O şeyi Sabir də,
Mirzə Cəlil də arzulayıb. Ancaq indi kitab oxuyan yoxdur. Çox insan
savadsızdır. Mənim ürəyimdə elə o nisgil qaldı, millət oxumalıdır.
Kompüter çıxıb, mən onu şeytan əməli hesab edirəm, baxmayaraq ki,
elmin ən son nailiyyətidir. O, hər şeyi məhv edir. İndi tamamilə
ədəbiyyatı bilməyən, məsələn, fizik, riyaziyyatçı oturur Məhəmməd
Hadidən, Fizulidən dissertasiya yazır. Yazmır, o kompüteri qoyur
qabağına, kim Fizuli haqında yazıbsa, onların hərəsindən 10-20
vərəq quraşdırır, bərpa edir. Böyük bir idarənin rəisi olduğu üçün,
mənim desertasiyamdır, deyir. Keçirdirlər, onun adın qoyurlar
filoloji elmlər doktoru.
LENİN BABA NƏ DEYİB?
- Fikrət müəllim, nəyə görə deputat şairlərin sayı
çoxalıb? Onlara mandat veriləndə ilham pərisini də göndərirlər ki,
təbləri coşsun?
- Bilmirəm, heç o cür siyasi müqayisə aparmıram. Ancaq istəyirəm
ki, hamı kitab oxusun. İstər deputat, istərsə də şair. Sinifdə 30
şagird var, müəllimələr şikayət edir, deyir 5-6 şagird oxuyur. Atam
məni həmişə un çuvalının üstünə qaldırırdı, deyirdi, Lenin baba nə
deyib? Deyirdim, Lenin baba deyib:
"Oxumaq, oxumaq, oxumaq". Çünki bunu Məhəmməd peyğəmbər də
deyib. O, o sözü deyibsə, daha başqa sözə ehtiyac?
- Siz kimi oxuyursunuz?
- Bu dəqiqə mən elə özümü oxuyuram. Çünki mühit
elə qarışıb ki, çox dolaşıq yazırlar. Orxanı da oxuyuram.
HAMISINA QAFİYƏ DÜZMƏYİ ÖYRƏTMİŞƏM
- Orxan oğlunuzdu, deyə oxuyursuz.
- Niyə ki, başqalarını da oxuyuram. Zərdabdan Kərəm Kürqıraqlı
var. Yaxşı qoşmalar yazır, heç kəs onu bəyənmirdi. Müzəffər Şükürə
dedim, haradan olur-olsun, onu tap. Tapdı, gətirdi, dedim, sən
sənədlərini ver, səni İttifaqa götürəcəyəm. İndi də mənə hörmət
edir, mənim xətrimi istəyir. Təkcə o deyil, çox adam var, Şamaxıdan
şairlər var - Oqtay Şamil, İsgəndər Etibar. Hamısına qafiyə
düzməyi, şeir bölməyi mən öyrətmişəm.
ELÇİN MOSKVADAN ARAQ GƏTİRMİŞDİ
- Sizə ədəbiyyatın Dədə Qorqudu deyirlər. Dediniz ki,
Qabil mənə o adı vermişdi. Bir yerdə çox yeyib-içirdiniz. Nə qədər
içmişiniz ən çox içəndə?
- Hə, Qabil deyirdi elə. Sənə bir kitab verəcəyəm, o kitabın adı
"Fikrət Sadıq Dədə Qorqud əmanəti". Hə, Qabillə çox içmişik, ancaq
"piyan" olmamışıq. Mən bir adamla içmişəm, hər adamla içmərəm.
Əvvəllər Elçin Əfəndiyev mənim qonşum idi. Bir dəfə Moskvadan
gəldi, təzə çıxan araqlardan gətirmişdi, elə birini qoydu ortalığa
ki, gəl bunun dadına baxaq. Birini içib qurtardıq, deyir ki, bir
təriflə də, dedim çox gözəl araqdır. İkincisini qoydu stola...
- Hansınız yoruldunuz, "bəsdir" dediniz?
- Onu məndən soruşma, Elçindən soruş ki, Fikrət Sadıq nə qədər
içir. Ən çox onunla içmişəm, normadan kənar. Ancaq qalanlarını
normada içmişəm, Qabillə də çox içmişəm. Qabil 5-6 ilə yaxın olar
ölüb də, ondan sonra içməmişəm.
- Tərəf müqabili tapa bilmədiniz, ya onun kimi süfrə
dostu yoxdur?
- Yox, mən hər adamla oturub içmərəm. Ən çətin məsələ içki
yoldaşını tanımaqdır. Qabil o sahədə yoldaş idi. O gün sən məndən
soruşdun ki, dost var? Dedim, dost yox, şərik var. İndiki zəmanədə
dost yoxdur, ancaq şərik olurlar, dükan alırlar, iş qururlar.
Dostlardan biri elə edir ki, o birini oyundan çıxarır, özü qalır.
Kapitalizm budur, "qapıdalizim"dir, qapı dalında qapmaqdır.