Yazıçı Əkrəm Əylisnin "Yeni
Müsavat"a müsahibəsini təqdim edirik.
- Əkrəm bəy, hazırda yaradıcılığınız nə
yerdədir?
- Bu yaxınlarda yeni əsərimi yazıb bitirdim. Əsərin adı "Dağlar
deyir ki, soyuqdur". Çox güman ki, bu əsər yaxın gələcəkdə nəşr
olunacaq, oxuyacaqsınız. Əgər əsər kitab halında çıxsa, çox güman
ki, təqdimatı da olacaq.
- Sənət dostlarınızla görüşürsünüzmü?
- Qızım, vallah kim mənimlə görüşmək istəyir, onlarla görüşürəm,
kim istəmir, onları mən özüm də istəmirəm.
- Bəs Yazıçılar Birliyinin son qurultayı haqqında nə
deyə bilərsiniz?
- Bilirsiniz, mən onlarla az qala 30 il var ki, üzülüşmüşəm. Bu
barədə söz deməyin nə mənası var ki? Bircə onu deyim ki, qurultayla
bağlı şəkillərə baxdım. Orada 60 yaşından aşağı adam tapmaq mümkün
deyildi. Elə bil ki, bundan əvvəl nəsil olmayıb. Prezidiumda
oturanlara baxıram, müstəqillik dövründə, ondan bir az əvvəlki
vaxtlarda sanki ədəbiyyat olmayıb. Hara baxırsan, qoca kişiləri
görürsən. Bu, bir az mənə ağır təsir edir, ona görə ki, ədəbiyyatın
gələcəyi gənc yazıçılarda görünür. Gənc yazıçılar olmayan yerdə
ədəbiyyat olmaz. Mən də, Anar da, Elçin də o vaxtlar dövlət
tədbirlərində, qurultaylarda iştirak edəndə uzaq başı 40
yaşındaydıq.
""Anarla münasibətim yoxdursa hansı təbrikdən sözhbət
gedə bilər?!"
Mən rəyasət heyətində 30 yaşından oturmağa başlamışam. Anar da,
Elçin də, başqaları da həmçinin. İndi baxırsan, orada nəinki 30-40
yaşında, hətta 50 yaşında ola bilər ki, iki nəfər olsun, o da bəlkə
də 50-dən yuxarıdır. Demirlər, orta yaş həddi var? Az qala orada
olan adamların ən cavanının 60 yaşı olsun. Bəs yaxşı, bu cavan
nəsil hara getdi, nə oldu, buxarlandı bu? Məsələn, orada olanlardan
biri də İvan Draç idi, özü də mənim dostumdur. Onun yaşı 80-ə
yaxındır. Cavan adam olmayıb, onları dəvət edin də. Yaxud da Oljas
Süleymanov. Bütün tədbirlərin başında oturur. 40 ildir bir dənə də
olsun təzə nəsə yazmayıb. Hər tədbirdə də başda oturur. Özü də rus
şairidir. Hətta kənardan dəvət olunanlar şair və yazıçılar da
qocalardır. Onların içində cavan ədəbiyyatçı ola bilməzdi?
- Yazıçı Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin
sədri seçildi. Onu təbrik edəcəksinizmi?
- Mənim onunla təbrik etmək kimi söhbətim 25 ildir qurtarıb.
Hansı Yazıçılar Birliyinin qurultayından söhbət gedir, anlamıram.
SSRİ Yazıçılar İttifaqının heyəti ilə qurultay keçirməyin nə mənası
var? Bu, hansı məntiqə sığır? Mən hardasa 25 ildir Yazıçılar
İttifaqından uzaqlaşmışam, o zaman mənim haradasa 50-51 yaşım
olardı. Qocalığımı Yazıçılar Birliyində yox, ondan kənarda
keçirdirəm.
- Əkrəm bəy, tez-tez gənc ədəbiyyatçılardan
danışırsınız. Gənc yazıçıların yazdığı əsərləri izləyirsinizmi?
Necə qiymətləndirirsiniz?
"Gənclər yoxdursa, hansı ədəbiyyatdan söhbət gedə
bilər"
- Qızım, yeni yazarların yazdığı əsərlərin çoxunu izləyirəm.
Adlarını deyərdim, amma telefonda yox. Bilirsiniz, mən telefonda
müsahibə verməyin ümumiyyətlə əleyhinəyəm. Yazıçı gərək müsahibəni
canlı şəkildə versin. Ona görə də mən dəyərləndirdiyim yazarların
adını bədahətən çəkə bilmərəm. Həmin adamların içində bilirəm ki,
ədəbiyyatın gələcəyi olan gənclər var. Əsas onu demək istəyirəm ki,
ədəbiyyatın gələcəyi dövlətin nəzərində görünmür. Bu, pisdir. Gərək
ədəbiyyatın gələcəyi olan gənclik dövlətin nəzərində olsun,
nəzarətində yox ha, nəzərində. Nəzarətində olmamalıdır, amma
nəzərində olmalıdır. Bizim ədəbi gəncliyimiz dövlətin nəzarətində
olmayıb. Ədəbiyyatın dövlətin nəzərində olması, çox vaxt
ədəbiyyatın gələcəyinə yüksək səviyyədə xidmət edir.
"Oljas Süleymanovu dəvət ediblər qurultaya, başda
oturdublar, 40 ildir təzə heç nə yazmır, özü də rus
yazıçısıdır"
- O zaman sizinlə üz-üzə müsahibə almağa nə deyirsiniz?
Bu, mümkünmü?
- Sağlıq olsun, bunu da başqa vaxt edərik. Təki salamatlıq
olsun
- Sonuncu sualım bu yaxınlarda Milli Şuranın sədri Cəmil
Həsənlinin adından gedən "söz, sənət, ədəbiyyat adamından vətəndaş
mövqeyi gözləmək düzgün deyil" fikirləri ilə bağlıdır. Bəs siz necə
düşünürsünüz?
"SSRİ Yazıçılar İttifaqının heyəti ilə qurultay
keçirməyin nə mənası var? Bu, hansı məntiqə sığır?"
- Mən bu barədə öz fikrimi söyləmişəm. Mən bilmirəm Cəmil
Həsənli orada nəyi nəzərdə tutub, amma düşünürəm ki, bu fikir onun
adına da layiq deyil, tutduğu mövqeyə də layiq deyil. Mən bunu
artıq mətbuatda demişəm. Bəlkə də ola bilsin, Cəmil Həsənli o
fikirləri hazırlıqsız şəkildə deyib, sonra yəqin ki, peşman olub.
Əgər o, müasir ədəbiyyatımızı nəzərdə tutursa, Mirzə Fətəli
Axundzadədən tutmuş, Cəfər Cabbarlıya qədər hər bir yazıçının
vətəndaş mövqeyi, vətənə, ictimai hadisələrə münasibəti bariz
şəkildə olub. İndi necə olmasın? Mən bu fikri anlamadım. Açığı
deyim sizə, mən bu fikri Cəmil bəyə uyğun fikir də hesab
etmirəm.