Vladimir Vladimiroviç Mayakovski
1930-cu il аprelin 14-də 37 yaşnında Moskvada,
Lübyanski döngəsindəki mənzilində özünü
güllələyib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində qızğınlıqla müzakirə
olunan sui-qəsd versiyasının isə heç bir əsası yoxdur. Mayakovski
sevgilisi Veronika Polonskayanın gözləri önündə intihar edib.
Tapançadakı cəmi bir patronla özünü güllələyib. Polonskaya həbs
olunsa da, ona qarşı heç bir dəlil-sübut olmadığından azad edilib.
Ancaq ilk dəfə ifadə verərkən qadın otaqda olduğunu və hər şeyi
gözləri ilə gördüyünü etiraf etsə də, sonrakı dindirilmələrində,
görünür, kiminsə məsləhəti ilə bildirib ki, dəhlizlə qapıya doğru
gedərkən arxadan güllə səsi eşidib. Elə buradan da belə bir əsassız
ehtimal yaranıb ki, şairin dünyadan getməsinə yardımçı olan hansısa
bir çekistin də bu işdə əli var...
Maniakal uğursuzluq kompleksi
Mayakovski ərli qadın və çox firavan həyat sürən aktrisa
Veronika Polonskaya ilə həyəcanlı bir roman yaşayırdı. Məlumdur ki,
şair ona qədər mühacir Tatyana Yakovleva ilə münasibətdə idi, lakin
sovet hökuməti sevimli şairini qısqanaraq onun Parisə getməsinə
mane olmuşdu. Mayakovskinin "olmuş" və "keçmiş" deyilməyəcək məşum
sevgilisi Lilya Brik isə şairlə birgə olmaq istəməsə də,
uzaqlaşmasına da imkan vermirdi. Beləliklə də, şairdə maniakal
uğursuz kompleksi formalaşır.
Ölümlə oynayıb uduzmaq
Veronika Polonskayadan kimlə qalacağına dair qəti qərar
verməsini tələb edən Mayakovski anlayır ki, bu qadınla da taleyini
birləşdirə bilməyəcək. Şair çox tez sınan, əsəbi reaksiyalara və
isteriyaya meyilli idi. Bundan başqa Mayakovski həmişə tamam başqa
bir insanı təcəssüm etdirərək sanki həyatda rol oynayırdı.
Pasternak yazırdı ki, Mayakovski poetik obrazından nə iləsə
fərqlənən adi həyatı özünə yaxın buraxmırdı. Həyatda çoxlarının
cavabsız sevgiləri və yaxud itkiləri olur, lakin ikiləşməkdən
usanaraq psixopatik addımlara əl atan şair ölümlə oynamaq qərarına
gəlir və bu oyunu uduzur.
Sergey Aleksandroviç Yesenin
1925-ci il dekabrın 28-də, Leninqradda
(Sankt-Peterburq) "Anqleter" mehmanxanasında 30 yaşında özünü
asıb.
Əgər Mayakovskinin ölümündə intihar faktı qeyri-təbii görünürsə,
Sergey Yeseninin tarixçəsində hər şey intiharın rəsmi versiyasından
da açıq-aydın bəlli olur.
Yesenin mehmanxana nömrəsində mərkəzi istilik borusundan
çamadanın qayışı ilə özünü asmışdı. Əgər predmetlər ətraflı təhlil
edilərsə (səliqə ilə dayadılmış tumba; məlum deyil ki, qayış o
qədər yüksəkliyə necə bağlanmışdı), şairin görünüşü daha çox şübhə
doğurur. Sol gözünün altı göyərmiş, alnındakı qıpqırmızı zolaq, sağ
qaşının altında deşilmiş yara, əlindəki kəsik yeri. Yeseninin "ölüm
maskası" görənlərin hamısını dəhşətə gətirirdi. Sifəti özünü asmış
adamın üzünə heç uyuşmaz şəkildə tamamilə ağarmışdı. Müasir
tədqiqatçılar detalları nə qədər araşdırsalar da, əldə olan
məlumatlar bir nöqtədə kəsişir. Ola bilsin ki, Yesenini əvvəlcə
boğub sonra asıblar. Alkoqolun təsiri altında intihar versiyası da
özünü doğultmadı. Dostları şairin tamamilə ayıq olduğunu və
yoldaşını gözlədiyini təsdiqləyirlər.
Əvvəlcə döyülüb, sonra...
Tədqiqatçı Viktor Kuznetsovun versiyası daha gözlənilməzdir.
Onun fikrincə, Yesenin, ümumiyyətlə, "Anqleter"də yaşamayıb,
əvvəlcə döyülüb, sonra BSİ-nin gizli həbsxanasında qətlə yetirilib.
Çekistlər mehmanxanada intihar səhnəsi düzəldərək yalançı şahidlər
tapıb protokol quraşdırıblar.
İndən sonra çətin ki, şairin qatilinin kim olduğunu öyrənə
bilək, ancaq ehtimal etmək olar. Sergey Yesenin sadə insan deyildi
– çılğın, yalanla barışmaz idi, çoxlu dost və pərəstişkarları ilə
yanaşı düşmənləri də yox deyildi. Ona imzasız məktublar yazır,
hədə-qorxu gəlir, həyatına sui-qəsd təşkil edir, möhkəm döyür və
qarət edirdilər. O, sadiq təbəə şeirləri, təşviqat xarakterli
əsərlər yazmırdı, istənilən məsələyə aid özünün müstəqil fikri var
idi və onu ucadan bildirməkdən çəkinmirdi. Əsərlərinin nəşrinə
qoyulan senzura qadağalarını çətin qəbul edirdi. Davranışındakı hər
şey diqqət çəkirdi: alkoqoldan həddindən artıq istifadə etməsi,
tez-tez dava-dalaş və qalmaqallara qoşulması, Aysedora Dunkanla
evlənməsi, antisemitizm, sovet hökumətini tənqid etməsi.
Versiyalardan birinə görə, Trotski və onun məsləkdaşları Zinovyev
və Kamenev şairi aradan götürmək istəyirdilər ki, Stalin siyasi
intriqalarında (guya ki, Stalinin hansısa hiyləgər bir planı var
idi) şairdən onlara qarşı istifadə edə bilməsin. Bəziləri belə
hesab edirlər ki, Yesenin hamını – Stalindən tutmuş yazıçı
həmkarlarınadək - özündən narazı salmağa macal tapmışdı, onlar da
şairlə BSİ-nin əli ilə hesablaşdılar. Hər necə olsa da, bu, fakt
olaraq qalır: Rusiya qızılı saçlı şairini erkən itirdi.
Marina İvanovna Svetayeva
1941-ci il аvqustun 31-də Yelabuqada (Таtarıstan) 49
yaşında özünü asıb.
Marina Svetayeva çox ağır günlər yaşayırdı və odur ki, bu
həyatdan qurtulmaq istəyirdi. O, Puşkin adına təsviri incəsənət
muzeyinin yaradıcısı professor İvan Svetayev və pianoçunun
demokratik ziyalı ailəsində böyümüşdü. İsveçrədə orta təhsil almış,
Sarbonna universitetini bitirmişdi, ingilis, fransız, alman
dillərində sərbəst danışırdı, 6 yaşından şeirlər yazırdı. Görkəmli
zabit Sergey Efronla ailə qurmuşdu. Sonra hər şey tərsinə çevrilir.
Efron ağqvarrdiyaçı idi, Marina isə qələbəyə inanmırdı, sanki
qarşıda onları gözləyən faciəni hiss edirdi. Onlar mühacirət etməli
olurlar. Çox ağır günlər keçirir, bəzən bir tikə çörəyə də möhtac
olurdular. Ailə geri qayıtmaq qərarına gəlir. Rəsmi məlumata görə,
Sergey geri qayıtmaq naminə xaricdə XDİK ilə əməkdaşlıq etməyə razı
olur. 1939-cu ildə Marina, əri, qızı Alya və oğlu Georgi SSRİ-yə
qayıdırlar.
Tezliklə repatriant (əsirlikdən, mühacirətdən və s. vətəninə
qayıtmış adam – tərc.) qadının ailəsi əsl cəhənnəmə düşür: XDİK
qızı Alyanı casus kimi həbs edir, sonra isə Sergey, sevimli əri,
həm də ələ salınaraq zindana atılır: "orden gözləyirdin, order
aldın". Efronu güllələyirlər, qızı isə 15 il həbsdə qalır.
Svetayevanın özü nə iş, nə mənzil tapa bilir, əsərlərini heç kim
çap etmir. Yaxın adamlarının dediyinə görə, şairə oğlu ilə
ac-yalavac qalmışdı.
Svetayeva ehtirasla sevən ana idi: vətəndaş müharibəsində qızını
itirdikdən sonra oğlu onunçün sanki müqəddəs bir bütə çevrilmişdi.
Elə şairənin ən dəhşətli ürək ağrıları da ömrünün sonunacan Mura
adlandırdığı sevimli oğlu ilə bağlı idi. Oğlu təxliyyə olunduqları
Yelabuqda yaşamaq istəmirdi, ona qarşı kobudluq edir, hədsiz
qayğısından azad olmaq istəyirdi, ancaq digər tərəfdən də onun
köməyi olmadan yaşaya bilmirdi. 1940-cı ildə şairə yazırdı: "Artıq
bir ildir ki, ölümü ölçüb-biçirəm. Ancaq hələ lazımam". Onu yaşadan
da məhz bu gərəklilik duyğusu idi. Sonuncu həlledici təkan Muranın
bu sözləri oldu. O, səsini ucaldaraq demişdi: "Bizdən birimiz
buradan köndələn çıxacaq". "Mən", – deyə Marina qərarını
vermişdi.
Marina ölüm qabağı üç məktub yazıb qoymuşdu: "əziz yoldaşlar"
sözləri ilə başlayan rəsmi məktub; 16 yaşlı oğlunu himayəsinə
götürmək xahişi ilə şair N.Aseyevə ünvanlanmış məktub (yeri
gəlmişkən, Aseyev bu xahişi yerinə yetirmədi) və oğlu Georgiyə
yazdığı sonuncu məktub.