Flora Kərimova
Müğənni, 73 yaş, xərçəng
bürcü, ilan ili
Mənim
üçün ayrılıq göz yaşıdır. Şəxsi mənada özümü itirmirəm, tənhalıqdan
qorxmuram və "İnandım ayrılığa" ifadəsi mənim üçün sadəcə, bir
anlayışdır. Hər şeyi xasiyyətimə uyğun
qavrayıram.
Şəxsi həyatımda ağlamıram, amma birdən cizgi filminə baxıb
kövrələ bilərəm.
Nəyisə planlaşdırıb, o işin üstünə getmirəm. Bircə mübarizədə,
xətrimə dəyəndə, ya da mənə sataşanda o məqamı dərhal tuturam.
Oğlum deyir, "mama, sən bəzən bir adama cavab vermək üçün illərlə
gözləyə bilərsən". Mən o səbrin sahibiyəm.
Mahnıda bir it yazılıb, amma o qədər it var ki, öhdəsindən
gəlmək olmur.
Qadağalar məni heç vaxt incitməyib. Bircə mahnılarımı düz-əməlli
oxumayanda əziyyət çəkmişəm. Bilirsiniz bu nəyə bənzəyir? Ana
övladını dünyaya gətirir, amma o övlad şikəst doğulur. Əlindən heç
nə gəlmir. Sadəcə, baxır və əzab çəkir. Mənim həyatımda bax, elə
"övladım" mahnılar olub. Mən o mahnıları başqalarının ürəyi
danışdırmayan ifalarında eşidəndə övladı şikəst doğulan analara
oxşamışam.
Mənim üçün həyatda itkidən başqa heç nə qorxulu deyil. Gözünü
açıb gördüyün insanı görməyəndə, o dediyi sözləri eşitməyəndə,
otaqda hər əşya onun səsiylə qışqıranda, dözülməz olur. Əslində,
insan itkisindən qorxmuram, sadəcə, yanıram. Çünki mən qorxa-qorxa
qorxudan çıxmışam.
Heç vaxt həyatımı oxumamışam, həyatıma yanmamışam. Mahnılarımda
özgə dərdinə ağlamışam. Öz həyatımda isə həmişə mübariz, qalib
olmuşam. Son illər daha anlayıram ki, əsl qələbə kağız üstündə
deyil. Əgər səni xalq sevdisə, xalq səni qalib kimi qəbul edirsə,
sən qalibsən. Mənəvi qələbə, hüquqi qələbələrdən daha üstündür.
Bilirəm ki, sənətdə də, həyatda da mənim yerim ayrıdır. Uzun
ömrümdə qısa ömürlər yaşamışam. Amma hamısı sayğılı, gözəl illər
olub. Heç nəyin peşmançılığını çəkməmişəm.
Yaşlanmaqdan qorxmuram və yaşımı gizlətmirəm. Özümü ki, aldada
bilmərəm. İlk dəfə səhnəyə çıxanda 13 yaşım var idi. Sizin
nənənizin də o vaxtlar qoy, olsun 15 yaşı. İndi mən durub yaşımı
azaltsam, insanlar mənə gülməzmi? Mən həmişə gülünc görünməkdən
qorxmuşam.
Elə bir insan tanımıram ki, Elçibəyi xatırlamasın. Rəqibləri
belə onun kim olduğunu yaxşı dərk edir və qəbul edirdilər.
Mən Elçibəydən nə isə öyrənməmişəm, sadəcə, mən bəyi çox
istəmişəm. Bəzən kiminsə nahaq danışdığını görəndə deyirdim ki,
bəy, axı bu adam dediyi kimi deyil, siz də bilirsiniz. Deyirdi ki,
mən millətin əlindən qəhrəmanını almaq, mən milləti yetim qoymaq
istəmirəm. Elçibəy ifşaya da çox ehtiyatlı yanaşırdı. Milləti
incitməkdən qorxurdu.
Bəy heç vaxt tənqiddən çəkinmirdi. O, zahirən yumşaq idi, amma
içi əriməz polad idi. Mənə deyirdi ki, hər səhər həbsxanada bizi
daş karxanasına çıxarırdılar, daşları yonmağa səriştəm çatmırdı,
məhbuslar da bunu etməyə imkan vermirdilər. Hər səhər sizin
ifanızdakı "Bakı, sabahın xeyir" mahnısı isə məni yaşadırdı.
Sonra danışırdı ki, həbsxanada onun bir albomu var imiş. Birinci
səhifədə mənim, ikinci səhifədə isə Türkan Şorayın şəkli.
Azərbaycanlıyam deyə, bəy şəklimi birinci səhifəyə vurubmuş.
Azərbaycan onun üçün hər şeyin fövqündə idi.
Heç vaxt əl uzatmamışam, qapı döyməmişəm. Bu, xasiyyətimdir. O,
mənə çox mane olub. Ancaq kömək də edib. Bilirsiniz niyə? Ürəyimə
salmıram, fikir eləmirəm, alçalmıram, yediyim çörəyi zəhər
etmirəm
.
Başımı bağlayıb çıxaram küçəyə, küçə süpürərəm. Amma kiməsə
"məni dolandır",-demərəm.
Hərdən çox diqqət yetirəndə yadıma düşür ki, mən Florayam,
tanınıram, sevilirəm. Çünki özümlə oynamıram, özümü bəsləmirəm.
Fövqəladə insan deyiləm. Sıradan bir səsim olsaydı, heç səhnəyə də
çıxmazdım. Səsimin və ya ağlımın olmağı məni digər insanlardan
üstün eləmir. Ona da o payı Allah verib, mənə də. Öyündüyün
varlığın qüdrətinə sahib olmaq düşüncələrimə yaddır.
Çətin anlarımda, mənəvi əziyyət çəkdiyim günlərdə şeirlə ürəyimi
boşaltmaq istəmişəm, amma bacarmamışam.
Gənclərə dəstək verməyimin əsas səbəbi – istəyirəm əlləri çörəyə
çatsın. Düzdür sonralar çox haqsızlıq, vəfasızlıq görürəm, amma
incimirəm. İnsanlara inanmıram, vəfasızlığa da təəccüblənmirəm.
Yağışı çox sevirəm. Əvvəllər yağış yağan kimi bir macar
filmindəki melodiyanı zümzümə edirdim. Həyat yorğunluğundan bu
vərdişi unutdum.
Yağış yağanda heç kim yadıma düşmür. Bircə anam təzə dünyasını
dəyişəndə özümü öldürürdüm ki, anam islandı.
Yazıda ən çox sözlərin ahənginə fikir verirəm. Sözləri
düşüncənin melodiyasına salmağı bacarıram.
Mənə məxsus olan hər şey mənim dünyamdır və mən bu dünyanı
qorumalıyam. Özümü qoruya bilmirəmsə, vətənimi də qoruya bilmərəm.
Mən sadəcə qadın, sadəcə ana, sadəcə müğənni deyiləm. Mənim daha
böyük məsuliyyətim və missiyam var. Özümü müdafiə edəndə Azərbaycan
qadınının ismətini müdafiə edirəm. Övladlarımın simasında küçədə
yiyəsiz qalan körpələri müdafiə edirəm.
Mən vətəndən başlayıram, vətən məndən yox.
O qədər sünilik görürəm ki, məni tərifləyəndə qıcıqlanıram.
Mən insanları pərt etməkdən qorxmuşam.
Səhhətim üçün yorucu olsa da ünsiyyətə can atan insanların
qəlbini qırmamışam, yox deməmişəm.
Hərdən mən koramal oluram. Vurmuram, vurmuram, amma vuranda da
ölümcül yaralayıram.
Yumor hissi mənə atadan keçib. Həyatımın ən faciəli, ən kritik
anlarında bu xüsusiyyətim mənə çox kömək olur. Nənəm rəhmətlik
deyərdi ki, ağlayanın bir dərdi var, gülənin min.
Necə həyat yaşadığım göz qabağındadır. Qaydasız münasibətlərə
cavab verməyə qadirəm. Heç vaxt özümü itirməmişəm, kompramisə də
getməmişəm.
Heç vaxt zorən bacı, zorən həyat yoldaşı, zorən ana olmaq
istəməmişəm. Varlığım budur. Maksimalistəm, hədəfim özümü sırımaq
deyil, amma mənimdirsə heç vaxt, heç kimlə bölmərəm.
Bir şəxsiyyət kimi heç vaxt ehtiyatda olan oyunçu olmaq
istəməmişəm. Heç vaxt qoymaram ki, məni əvəz etsinlər, dəyişsinlər
ya da müqayisə aparsınlar.
Həmişə öz əleyhimə yaşamışam. Məni sevən qismətlərim belə güclü
və inadkar olmasaydılar, çox asanlıqla onlardan vaz keçərdim.
Özümdən çox narazıyam. Özümə qarşı çox qəddaram. Çörəyimi
bölərəm, həyatımı verərəm, amma məni xırdalamağa qoymaram.
1937.az