Pavel Mixayloviç Tretyakov
məşhur rəsm kolleksiyaçısı olub. 1832-ci ilin dekabrında Moskvada doğulub, 1898-ci
ilin dekabrında elə bu şəhərdə də dünyasını dəyişib. Düz 25 il
qardaşı Sergeylə birlikdə rus rəssamlarının əsərlərini bahasına
əldə edərək Rusiyanın ən zəngin və ən məşhur şəxsi şəkil
qalereyasını yaradıb. 1892-ci ildə məşhur Tretyakov qalereyasını Moskva şəhərinə
bağışlayıb. Ömrünün əsas məramını cəmiyyətin yaratdığını
cəmiyyətə qaytarmaqda görən Pavel Tretyakov hamını heyran qoyan
qalereyanın banisidir.
Axar.az həftəlik elektron qəzet "Vikers Vikli"nin
("Wikers Weekly") Pavel
Tretyakovun kötücəsi, sənətşünas, kinoşünas, S.M.Eyzenşteyn adına
Kino Sənəti Kitabxanasının direktoru Yekaterina Sergeyevna Xoxlova
ilə müsahibəsini oxucularına təqdim edir.
- Yekaterina Sergeyevna, zəhmət olmasa, Tretyakovlar
ailəsi haqqında danışın.
- Tretyakovlar mənim ata tərəfdən ulu
babalarımdır. Pavel Mixayloviç və Vera Nikolayevnanın (qızlıq
familiyası - Mamontova) altı uşağı olub. Təəssüf ki, iki oğlundan
heç biri atasının işini davam etdirə bilməyib. Mixayil anadangəlmə
xəstə idi, İvan isə səkkiz yaşında skarlatinadan dünyasını dəyişib.
Ataları nə qədər istəsə də, dörd qızından heç biri iş adamı ilə
ailə qurmayıb. Tretyakovun qızı Aleksandra Pavlovna ilə Sergey
Sergeyeviç Botkinin qızı Aleksandra Sergeyevna (evdə ona Şura
deyərdilər) mənim nənəmdir.
- Necə oldu ki, tacir Tretyakov kolleksiyaçı, həm də
sadəcə kolleksiyaçı deyil, rus rəssamlığının yüksək bədii
standartlarının yaradıcısı oldu?
- Bəli, həqiqətən də maraqlı sualdır. Bu gün, Pavel Tretyakovun
dünyaya gəlməsindən 180 il ötəndən sonra bu sualı tez-tez eşidirik:
İşləri uğurla gedən varlı bir taciri on illər boyunca bu qədər
vəsait, güc və vaxt xərcləməyə nə vadar edirdi? Halbuki lap
əvvəldən bütün bunları özü üçün yaratmadığını bilirdi. Anasının iş
dalınca Peterburqa göndərdiyi iyirmi yaşlı Pavel Tretyakov çox
böyük həyəcanla Ermitajda ilk dəfə gördüyü tablolar haqqında ona
məktub yazır, bir müddət sonra isə Tretyakovun bu və ya digər
təsviri sənət əsərinə verdiyi qiymətin özü ən dəyərli fikrə
çevrilir. Bu gün Pavel Mixayloviçi incəsənət bilicisi kimi təqdim
edərkən çox vaxt unuduruq ki, o bu sahədəki biliklərini artırmaq və
təkmilləşdirmək üçün necə böyük qüvvə sərf edib, işgüzar səfərləri
zamanı nə qədər muzey və sərgilərdə olub, neçə-neçə kitab oxuyub.
O, demək olar ki, özü-özünü sənətşünas kimi yetişdirib.
- Bəs Tretyakov nə zaman şəxsi kolleksiyasını dövlətə
vermək fikrinə düşüb?
- Özündən sonra milli qalereya qoymaq fikrini
Tretyakov ilk dəfə 1860-cı ildə xaricə etdiyi səfəri zamanı yazdığı
vəsiyyətnaməsində açıqlayır: "Xahiş edirəm, mənim istəyimin
mənasını düzgün dərk edəsiniz, ona istehza ilə yanaşmayasınız.
Arvadı, uşaqları olmayan, ana, qardaş və bacıları tam təmin
olunmuş, təsviri sənəti səmimi qəlbdən və alovlu məhəbbətlə sevən
biri üçün (mən) çoxlarına xeyir, hamıya böyük zövq verən, ümumun
yararlana biləcəyi bədii sənət xəzinəsi qoyub getməkdən daha yaxşı
bir arzu ola bilməz".
O zaman Tretyakovun 28 yaşı var idi, hələ evlənməmişdi, uşaqları
yox idi. Ancaq beş il sonra da, zəngin tacir soyundan olan,
Tretyakova altı övlad bəxş edən gözəl Vera Nikolayevna Mamontova
ilə evlənəndən sonra da kolleksiya yığmaqda davam edir, onun üçün
xüsusi tikili ucaldır və nəhayət, 60 yaşında arzusunu yerinə
yetirir. Bütün bu illər ərzində ona ilham verən nə idi – mənasız
qəribəlikmi, bəlkə şöhrətpərəstlik, inadkarlıq, ya nə? Bəlkə də
müasir insanın çətin anlayacağı nə isə...
İllər keçdikcə Tretyakovların nəsil ağacı genişlənirdi və artıq
XX əsrin sonlarında buraya Mamotovadan başqa xeyli tanınmış tacir
soyları da əlavə olunur: Botkin, Yakunçikov, Alekseyev, Konşin,
Morozov, Şukin. Xarakterlərinin müxtəlifliyinə baxmayaraq, bu
familiyaların müəlliflərini babalarından miras qalan söz və dil
birliyi qovuşdururdu. Odur ki, onlar məbədlər, xəstəxanalar,
məktəblər, uşaq evləri və sığınacaqları tikdirirdilər. Ancaq
səxavətli qəlblərindən başqa onların daha bir ümumi keyfiyyətləri
də var idi: ali mənəviyyatın təzahürü olan gözəllik duyumu...
Gündəlik həyatlarında gözəlliyi təcəssüm etdirmək, sanki onlar üçün
bir incəsənət idi. Pavel Tretyakova da ilham verən məhz bu
xüsusiyyətlər idi. Tretyakovlar ailəsinin tarixi – kapıtalın
artması ilə mənəviyyatın da zənginləşməsinə parlaq nümunədir.
Halbuki Moskvaya gedəndə onların ulu babalarının heç bir təhsili
yox idi.
Pavel Mixayloviçin biri Birləşmiş Ştatlarda, digəri isə Sovet
İttifaqında yaşayan qızları Vera və Aleksandra 1930-cu illərdə
üslubi baxımdan fərqli, fəqət çox yaxın ruhlu xatirələr yazmışlar.
Bu xatirələrdə ailənin maraq dairələri və evdə hökm sürən məhəbbət,
xeyirxahlıq, əmin-amanlıq əhvali-ruhiyyəsi parlaq əksini tapıb.
Bu nəslin taleyinə ağır işgəncələr və iztirablar payı da düşüb.
1918-ci ilin iyulunda Yekaterinburqda saray həkimi Yevgeni
Sergeyeviç Botkin və qardaşı, çar ailəsini tərk etmək təklifini
rədd edən Sergey Sergeyeviç güllələnirlər. Ailənin bəzi üzvləri
vətənlərini tərk etməyə məcbur olur, qalanlar isə bütün
hüquqlarından məhrum edilirlər. Ancaq onlar daha çox
bir-birilərindən ayrı düşdükləri üçün əzab çəkirdilər.
XIX əsrin sonları və XX əsrin əvvəllərində bu böyük sülalənin
rus mədəniyyəti üçün etdiklərini saymaqla qurtarmaz: Tretyakov
qalereyası, İvan Mamontovun Rus şəxsi operası, Pyotr İvanoviç Şukin
muzeyi, Vasili İvanoviç Yakunçikovun iştirakı ilə yaradılmış rus
musiqi cəmiyyətinin Moskva şöbəsi və Moskva konservatoriyası,
yaradıcılarından biri Konstantin Sergeyeviç Stanislavski
(Alekseyev) olan Bədii teatr... Bütün bu familiyaların hamısı
Tretyakov ailəsi ilə qırılmaz tellərlə bağlıdır. Pavel Mixayloviç
Tretyakovun varislərinə miras qoyduğu və bu gün ailənin ən qiymətli
sərvəti hesab olunan ali mənəvi dəyərlər və ətraf dünyaya yüksək
əxlaqi münasibətdir. Bu mirası varislər çox mühafizəkarlıqla
qoruyurlar.