Nabokovla antikvar
müsahibə: 45 il ötəndən sonra
"Nyu York Tayms" qırx beş il öncə - 29 аprel 1969-cu ildə
Vladimir Nabokovdan intervü alıb. Axar.az müsahibənin oxucular üçün
maraqlı olacağını nəzərə alıb təqdim edir.
- Siz özünüzü "Rusiyada doğulmuş, İngiltərədə təhsil
almış Amerika yazıçısı" adlandırırsınız. Bu göstəricilər sizi necə
Amerika yazıçısı edə bilib?
- Hazırkı durumda Amerika yazıçısı olmaq əsrin dörddə bir
hissəsini Amerika Birləşmiş Ştatlarının vətəndaşı olmaq deməkdir.
Bundan başqa mənim kitablarımın hamısı əvvəlcə Amerikada nəşr
olunur. Bu da həmçinin o deməkdir ki, Amerika özümü həm ruhən, həm
də qəlbən evimdəki kimi hiss etdiyim yeganə ölkədir. Hər halda mən
Amerikanı tənqid edərək yerli fırıldaqçılarla və paxıl əcnəbi
müşahidəçilərlə bir cəbhədə dayanan perfektsionistlərdən deyiləm.
Bu ölkəyə heyranam, o, sarsıntı və çatışmazlıqları yüngül keçirə
bilir. Bunlar isə, yeri gəlmişkən deyim ki, Rusiya tarixindəki
hədsiz yamanlıqlarla müqayisədə heç nədir, hələ daha kənar
ölkələrdən danışmıram.
- "Mənim qəlbimə" şeirində "əyalət naturalisti, cənnətdə
azmış əcaib adam" haqqında yazarkən bəlkə də özünüzdən bəhs
etmisiz. Görünür, Sizin kəpənəklərə olan marağınız həyatınızın
başqa aspektləri ilə, misal üçün, ədəbi fəaliyyətinizlə də
bağlıdır. Özünüzü cənnətdə azmış qəribə insan kimi hiss
edirsinizmi?
- Qəribə insan o kəsdir ki, əqli və hisləri adi insanın heç
nəzərinə də çarpmayan məsələləri saf-çürük edir. Digər tərəfdən
isə, əcaiblər heç də az deyillər. Bunlar özlərinin işğüzar
əlaqələri ilə öyünən insanlardan bezmiş və yolayrıcından
çaşıb-qalmış fərqli adamlardır. Bu mənada mən tez-tez özümü azmış,
itmiş hiss edirəm, bu hislər bəzən mənim yanımdakılara da sirayət
edir. Və bir əcaib insan kimi, mən də həmçinin bilirəm ki, yalnız
ipoteka kreditlərinin artırılmasından danışan bu köhnə dost
günlərin birində gözlənilmədən nadir həşəratlar kolleksiyası
toplamağa başlaya bilər.
- Uçmaq və yüyürmək arzusu bir çox şeir və
hekayələrinizdə təkralanır. Bu sizin sərgərdanlığınızın təcəssümü
olmasın?
- Bəli, qismən. Ancaq təəccüblüsü budur ki, hələ ilk uşaqlıq
illərində inqilabdan və vətəndaş müharibəsindən xeyli əvvəl gecələr
qarabasmalardan əziyyət çəkirdim: yuxuda baxımsız qalmış dəmir yol
platforması görürdüm, həmişə kimdənsə qaçırdım.
- Harvardda işləyərkən nəyi bəyənirdiz (və yaxud
bəyənmirdiniz)? Kembrici tərk etməyə Sizi nə vadar
etdi?
- Harvard təcrübəm əsrarəngiz Müqayisəli Zoologiya Muzeyində
entomoloji tədqiqatlara (zoologiyanın həşərat (böcəklər) bəhsi –
tərc). həsr olunmuş yeddi xoşbəxt ildən (1941-1948-ci illər) və
Memorial zalda bir yaz semestri boyunca (1952-ci il) oxuduğum
mühazirələrdən ibarətdir. Həmçinin Uelsldə də altı il mühazirə
oxumuşam. 1948-ci ildən başlayaraq artıq rus ədəbiyyatı üzrə
professor və amerikalı "Lolita"nın müəllifi kimi Kornell
Universitetində işləmişəm. Qeyd edim ki, bu əsərdən sonra 1959-cu
ildə mən özümü tamamilə yazıçılığa həsr etmək qərarına gəldim.
Kornell mənim çox xoşuma gəlirdi.
- Birləşmiş Ştatlarda digər şeir və ya kitablarınızdan
daha çox "Lolita" sayəsində məşhurlaşdınız. Əgər indi məşhurlaşmaq
üçün əsərlərinizdən birini seçmək imkanınız olsaydı, hansını
seçərdiniz?
- Mənim şöhrətdən sərxoşluğa qarşı immunitetim var, ancaq hər
halda hesab edirəm ki, bu gün heç bir istinad və əsaslandırma
olmadan populyar lüğətlərdə "nimfekt" (nimfalar - qədim yunan
mifologiyasında: təbiətin müxtəlif qüvvələrindən birini təmsil edən
ilahə, pəri – tərc.) sözünü "çox gənc, ancaq seksual cəhətdən
cazibədar qız" kimi izah edən ziyankarlar
cəzalandırılmalıdırlar.
- Ədəbiyyatda seksual inqilab pik nöqtəsinə çatıbmı?
Necə bilirsiz, bu tendensiya nisbətən səngiyə bilərmi?
- Mən qrup fəaliyyətinin bu və ya digər növünün sosial aspektinə
qarşı tamamilə laqeydəm. Tarixən elə alınıb ki, qədim xalqların
etdiyi parnoqrafik qeydlərə indiyədək tələbat var. Bədi
nöqteyi-nəzərdən daha "çirkin" yazıçıların yaradıcılıq məhsullarını
araşdırsaq görərik ki, onlar açıq-aydın çalışırlar ki, yazdıqları
romanlar mümkün olduqca daha ənənəvi və bayağı olsunlar. Misal
üçün, götürək Millerin "Böyük barmaq" və ya Teylorun "Qıcolma" kimi
əsərlərini.
- Zorakılığa münasibətiniz?
- Mən qəddarlığın istənilən təzahür formasına dərindən nifrət
edirəm.
- Boylanıb ötüb keçən ömrünüzə nəzər salsaz, hansı
anları həqiqətən də mənalı sayardız?
- Demək olar ki, bütün anları. Dünən Rusiyadakı oxucumdan məktub
aldığım an, ötən il hələ heç elmə bəlli olmayan kəpənəyi tutduğum,
1909-cu ildə ilk dəfə velosiped sürməyə cəhd etdiyim anlar...
hamısı...
- Yaxın keçmişdə və hazırda yaşayan qələm ustadları
arasındakı yerinizi necə təsəvvür edirsiniz?
- Mən tez-tez fikirləşirəm ki, təbəssümü ifadə edən xüsusi
mətbəə simvolu mövcud olmalıdır, nə isə əyilmiş xəttə, yıxılmış
dairəvi mötərizəyə bənzər bir şey. Mən Sizin sualınıza onunla cavab
vermək istərdim. (Nabokovun vaxtında J - belə işarələr yox imiş.
Məncə bu arzuda da bir uzaqgörənlik var. – Tərc.)
- Əgər özünüzə nekroloq yazsaydınız, son 50 ildə
ədəbiyyat xəzinəsinə, incəsənət və estetika sahəsində ictimai
düşüncəyə bəxş etdiyiniz hansı dəyərləri qeyd
edərdiniz?
- Söhbət məndən gedirsə, son əsərin (deyək ki, ötən Miladda
bitirdiyim "Ada" əsərinin) sönməkdə olan işartıları dərhal yeni
yaranacaq əsərdən doğan və dumanlar arasından süzülən şüalarla
qaynayıb qarışır. İdeal ton və çalarlarla başlanan növbəti kitabım
əvvəl yazdıqlarımın hamısından daha uğurlu görünür. Və bu həsrətin
həyəcanı öz təbiəti etibarilə nekroloqlarda heç bir vəchlə
araşdırıla bilməz.